Əliyevin milləti sındırmaq siyasəti davam edir

Gözəl Bayramlı Ilham Əliyevin vicdan məhbuslarıyla davranışını acizlik və qorxaqlıq kimi dəyərləndirdi

Vicdan məhbusu Elnur Israfilovun YAP-ın sıralarına keçmək istəyi haqda mediaya ötürülən xəbərə AXCP sədrinin müavini Gözəl Bayramlı münasibət bildirib. Gözəl Bayramlı “Facebook”dakı “XILAS” qrupunda yazdığı qeydlərində olayı şərh edib. O yazır ki, baş verənlərin nə dərəcədə həqiqətə uyğun olub-olmadığı barədə hələ ki, dəqiq söz demək mümkün deyil.
“Bizdə məlumatlar vardı ki, hakimiyyət vicdan məhbuslarını həbsdən azad etməklə bağlı dünyanın tələblərinin qarşısında duruş gətirə bilmədiyindən, nəyin bahasına olursa-olsun, vicdan məhbuslarımıza ərizə yazdırmaqla onları sındırmağı qarşısına məqsəd qoyub. Ilham Əliyev bununla cəmiyyətə o mesajı vermək istəyirdi ki, ona qarşı çıxanların hamısı sonda ona baş əyir, yəni, o, məğlubedilməzdir”, – deyə Gözəl Bayramlı qeyd edib.
AXCP yetkilisi adını “hüquq müdafiəçisi” qoymuş bəzilərinin bu prosesdə vasitəçilik etməsinə də toxunub: “Bu ”hüquq müdafiəçiləri” vicdan məhbuslarımıza hakimiyyətə təslim olmağı, öz güzəranlarını təmin etmək üçün hakimiyyətin yanında yer almağın vacibliyini təlqin etmək istəyirdilər. Ancaq təbii ki, zamanın sınağından çıxmış vicdan məhbuslarımız bundan imtina etmişdilər”.
Gözəl Bayramlı bildirir ki, doğrudan da hakimiyyət Elnur Israfilovu bu ərizəni yazmağa məcbur edibsə, yenə də bu, Ilham Əliyevin miskinliyinin, acizliyinin göstəricisidir: “Görün, ölkənin Ali Baş Komandanı nə gündədir ki, dünya ictimaiyyətinin, Azərbaycan cəmiyyətinin ona olan təpkisindən çıxış yolunu məhbəsə atdığı günahsız və əlil birinə təzyiqlər etməklə ona ərizə yazdırmaqda görür. Elnurun həbsdə olan başqa bir qardaşı da var (o da Elnurla eyni cəzaçəkmə müəssisəsindədir), bu ailənin vəziyyəti həddən artıq ağırdır. Çox güman ki, fürsət dəllalları bundan istifadə ediblər”.
Gözəl Bayramlı yazır ki, Yevlaxda Elnurgildə olarkən onun III qrup əlil kimi aldığı təqaüdün kartının borclu olduğu bir adamda olduğunu öyrənib: “Hakimiyyət bu addımıyla öz gücsüzlüyünü, acizliyini, bu millətin düşməni olduğunu yenidən ortaya qoydu. Ilham Əliyevin milləti aşağılamaq, sındırmaq, qorxutmaq, bir tikə çörəyə möhtac etmək siyasəti davam edir. Bizim isə bu rəzilliyə son qoymaq və Əliyevlər avtoritarizmini tarixin arxivinə göndərmək uğrunda mübarizəmiz davam edir… Heydərizmə son!!!”