ABŞ-dan Suriya müxalifətinə silahlı dəstək çağırışı gəldi
Suriya gərginlik hər ötən gün daha da dərinləşməkdədir. Bəşər Əsədin əmrindəki əsgərlərlə üysançı hərbçilər arasındalı gedən şiddətli döyüşlər ölkə iqtisadiyyatının ürəyi sayılan Hələb şəhərinə sıçrayıb. Hökumət əleyhinə etirazları dağıtmaq və hakimiyyətə qarşı narazılığın qarşısını almaq məqsədiylə Əsəd rejimi şəhərdə geniş miqyaslı hərbi əməliyyatlara başlayıb. Hökumət qüvvələrinin hava və quru bombardmanları nəticəsində onlarla ölən və yaralanın olduğu deyilir.
Ölkənin mərkəzindəki Homs şəhəri yenidən hökumət qüvvələrinin zərbələrinə məruz qalıb. Anti-hökumət fəallarının məlumatına görə, ötən gün Homsda 12 dinc sakin öldürülüb, 100-dək insan yaralanıb. Homs ətrafında hökumət qüvvələrinin mövqelərinin gücləndirildiyi bildirilir. Gün ərzində son günlərin ən güclü zərbələrinə məruz qalan Homsda tibb məntəqəsinin hədəfə alındığı, şəhərdə isə tankların hərəkət etdiyi xəbər verilir.
Bu arada amerikalı senator Con Makkeyn Qərb ölkələrini Suriya müxalifətini silahlandırmağa çağırıb. Respublikaçı senator Bəşər Əsəd əleyhdarlarının özünü müdafiəsi üçün silahlandırlması təklifini beynəlxalq ictimaiyyətə ünvanlayıb. Misirin paytaxtı Qahirədə mətbuat konfransında çıxış edən Makkeyn “ABŞ-ın birbaşa silah vermədiyini, ancaq özünü müdafiə edə bilmək üçün insanlara silah ötürməyin müxtəlif yolları olduğunu” deyib. Senator Liviya nümunəsini də misal kimi göstərib.
Fransanın xarici işlər naziri Alen Jüpe isə bəyan edib ki, Suriya müxalifəti bütün cəmiyyətin maraqlarını təmsil etməlidir: “Fransa Tunis hökumətinin «Suriyanın dostları» konfransına müxalifətçiləri də çağırmaq istəməsini bəyənir.
İndi onlara yenidən qruplaşmaqda, təşkilatlanmaqda kömək etmək lazımdır. Əgər biz müxalifətin siyasi dialoqda iştirak etməyini istəyiriksə, müxtəlif ictimai cərəyanlar da müxalifətdə təmsil olunmalıdırlar”.
Ərəb Ölkələri Liqasının baş katibi Nabil əl Ərəbi bəyan edib ki, Rusiya və Çin Suriyaya dair mövqelərini dəyişə bilərlər. Onun sözlərinə görə, Çində, müəyyən mənada Rusiyada müşahidə edilən bəzi əlamətlər bu ölkələrin mövqelərini dəyişə biləcəyini göstərir.
Fevralın 4-də Moskva və Pekin BMT Təhlükəsizlik Şurasının Suriyaya dair qətnaməsinə veto qoyublar. Bu qətnamə layihəsi Ərəb Ölkələri Liqasınımn Suriya böhranından çıxış yollarına dair təklifləri nəzərə alınmaqla tərtib olunmuşdu. Rusiya fevralın 24-də Tunisdə keçiriləcək “Suriyanın dostları” toplantısına iştirakdan imtina edib. Rəsmi Moskva bu addımını tədbirin Suriyanın daxili işlərinə qarışmaq kimi dəyərləndirməsiylə əsaslandırıb.
İnformasiya şöbəsi


