Turizm də özümüzdən, turistlər də

saadet-cahangir-koseSəadət Cahangir

Bir ölkə hökuməti düşünün. Neftdən əli üzüləndən, ölkə quru yurdda qalandan sonra küncə-bucağa baş vurub gəlir mənbəyi axtarır. Kisənin dibində bir şey qalmayıb. Qiymət artımı, vergi və faiz dərəcələri artımı da işə yaramır. Vətəndaşın da soyulacaq nəyisə yox. On illərdən sonra kənd təsərrüfatını inkişaf etdirmək yada düşür. Baxıb görürlər ki, kəndlər batıb gedir, əkin-biçin adamlarının hamısı şəhərdə çörək axtarışında. Kefindən deyil, təsərrüfata maya qoyacaq durumda olmadığından, insanlar buralarda. Qazandıqları günlük yaşayışa çatar, ya çatmaz, o da bir sual. Amma hökumətin vəziyyətdən çıxması lazım. Çoxlu yarımçıq işlər var. Dəbdəbəli tikinti obyektləri, əyləncə proyektləri, yarış və oyunlar davam etdirilməlidir ki, bunlara da külli miqdarda pul tələb olunur. Kisənin dibinə daş atanlar öz milyonlarının üstünü pozmaq istəmir, təbii. Bütün xərclər başqa yerdən çıxarılmalıdır. Başqa bir yolu olmalı hökmən. Aha, turizm! Hələlik fövqəladə tədbirləri yola vermək üçün lap primitiv şəkildə bir şeylər etmək olar. Məsələn, hökuməti təmsil edən məmurların xaricdə dincəlməsinə qeyri-rəsmi qadağa qoyulduğu kimi…

Bu hökumətin tarixində eşidib-bildiyim ən “humanist” qərar budur, məncə. Rəsmi qərar olmasa belə, işdə böyük fayda var. Yəni deyilirsə ki, qadağa xaricə pul axını ilə bağlıdır, bizə də bu humanist addımı alqışlamaq və “uraa” qışqırmaq düşər. Hökumət lap doğru tələb edir ki, məmurlar istirahət pullarını ölkə üçün xərcləsinlər. Bəli, hələ siz sevinin ki, burdan qazandıqlarınızın hansı yolla gəldiyini açıb-ağartmırlar. Zəhmət çəkin, sandığın ağzını açın. Daha bundan dar gününüz olmayacaq ki. Hərçənd, deyirlər bu qadağa bəzilərinin ürəyincə olmayıb. Ekzotik kurort zonalarında villaları olan məmurlar bu qadağadan narazı qalıblar. Ancaq kimsə cəsarət edib cınqırını çıxara bilmir ki, durduğu yerdə başına bəla gəlməsin. Hələ bir çıxarsın da, görsün dünyanın neçə bucaq olduğunu. Illərdir o dəryanın suyunun hardan gəldiyini sormazlarmı adama?

Məmurların bu ölkə insanının qanından, canından yığdığı pulları burda xərcləməsini çarəsiz şəkildə alqışlayıram, öz yerində. Ancaq indi durub desəniz ki, nə fərqi, o pullar yenə də hökumətin monopoliyasında olan turizm obyektləri sahiblərinin cibinə gedəcək, haqlısınız. Haqlısınız, zatən belə olacaq. Çünki bu ölkənin düzəni belə qurulub. O obyektləri quran da, işlədən də, vərəsəliklə ötürən də eyni adamlardır. Bütün mayalar, hesablar, qazanclar, gəlirlər, çıxarlar onların əlindən keçir. Hələ ordakı görünməmiş bahalıq bir başqa mövzunun söhbətidir. Bu yolla nə turizmi, nə kənd təsərrüfatını, nə kəndi, nə  şəhəri inkişaf etdirə bilərsiniz. Dəfələrlə yazdığım kimi, turizmi inkişaf etdirən qonşu Gürcüstan kimi olar. Sübut üçün yeni rəqəmləri bir daha bölüşürəm. Bu ilin yanvar-fevral aylarında Gürcüstana 360 mindən çox turist səfər edib. Onların 114 mini Azərbaycan vətəndaşıdır. Ölkəmiz bu göstərici ilə Gürcüstana gələn xarici turistlərin siyahısında birinci yerdədir. Dincəlmək üçün Gürcüstanı seçən azərbaycanlıların sayı 2015-ci ilin eyni dövrü ilə müqayisədə 42 faiz artıb. Necədir, maraqlı gəldimi?

Bax, belə. Ölkənin inkişafı haqqında zamanında düşünərlər. Əvvəlcə inkişafa mane olan əngəlləri aradan qaldırarlar. Sonra istiqaməti doğru tutarlar, investisiyanı düzgün yönəldərlər, bütün sahibkarlara eyni dərəcədə imkan tanıyarlar. Gürcüstan məhz bu istiqaməti dəqiq tutduğuna görə, qısa zamanda ən yüksək göstəricilərə nail oldu. Bizdə 23 ildir harda yatmışdı bu adamlar? Soruşmayım heç, özünüz bilirsiniz.