Qapıları çırpandan sonra

Yazı adamının maraqlı şakəri var – o, hamını başa düşməyə çalışır. Mən də bir müddətdir, bir məsələ ilə bağlı cəmiyyətdə gedən müzakirələri izləyirəm. Söhbət ondan gedir ki, böyük mahnı festivalı zamanı müxalifət məhbusları müdafiə üçün aksiya keçirsin, ya keçirməsin? Hər iki tərəfin arqumenti mənə məlumdur. Amma hakimiyyətin arqumentlərində mənim üçün sözün əsl mənasında anlaşılmaz məqamlar var:
1. Necə olur ki, onlarla insanı günahsız yerə həbsə atmaq ölkəyə əskiklik və utanc gətirmir, amma onları müdafiə etmək, onların azad olması üçün bir aksiya keçirmək ölkəyə böyük utanc gətirir?
2. Hansı məntiqə görə müxalifət susmalıdır? Nədən bu insanlar haqsız yerə məhbəsdə qalmalıdır? Əgər bu hakimiyyət həqiqətən də ölkəni düşünürsə, qoy, siyasi məhbusları azad etsin!
3. Ən qəribəsi odur ki, bu hakimiyyət hələ anlaşma umur. Mən sizi əzəcəm, nahaq yerə həbsə atacam və siz də məni “başa düşməlisiniz”! Inanın, belə məntiqi həqiqətən başa düşmək çox çətindir. Güzəştin də bir məntiqi olmalı və güzəşt də rasional olmalıdır. Lakin burada hansısa bir rasionallıqdan söz açmaq mümkündürmü?
Bu hakimiyyətin idarəçilik metodu və üslubu haqda mən çox yazmışam. On nəfər toplaşan yerə bunlar yüz nəfər göndərməyi özlərinə rəva görürlər. Bir dəfə beş-on jurnalist kiçik aksiya keçirmək istəyirdi. Aksiya keçiriləsi yerə gələndə nə gördük? Polis əlindən, hətta dayanmağa belə, yer yox idi! Budur, bizi belə idarə edirlər və sonra, hələ bir anlaşma da umurlar! Məsəl var, deyir, elə savaş ki, barışmağa yer qalsın! Siyasət dilində isə deyirlər ki, qapıları da ehtiyatla örtmək lazımdır ki, sonra onları açmaq mümkün olsun! Hakimiyyət çoxdan qapıları çırpıb!
Mən demirəm ki, mahnı festivalı zamanı böyük etiraz olacaq – bu, müxalifətin qərarından asılıdır. Amma onu bilirəm ki, müxalifət öz tələbini çatdırıb. Nə qədər ki, vaxt var, qoy, hakimiyyət bu tələb haqqında yaxşıca düşünsün. Siyasi məhbus olmayacaqsa, etiraz da olmayacaq! Qərar çox konkretdir və düşünməyi tələb edir. Lakin bunlar nə edir? Ucuz təbliğat aparırlar. O qədər ucuz ki, adam bu haqda yazmaq və danışmaq da istəmir…
Yaxın və uzaq Iran
Iran öz işindədir. Bunlarsa Iranın timsalında siyasəti öyrənmək istəyirlər. O qədər primitiv danışırlar ki… Bunların bəzilərinin siyasətdən danışması, lap elə tutaq ki, dülgərin onkologiyadan danışması kimidir! Hakimiyyətdə bir nəfər belə, peşəkar siyasətçi yoxdur. Siyasətin bir “dərs”ini əzbərləyiblər. Başqa ölkələrdən söhbət gedəndə elə danış ki, nə şiş yansın, nə də kabab! Iranın parlamentində, səhv etmirəmsə, Azərbaycanla bağlı komitə də var, yəni Iran boş durmur, işləyir. Bunlara isə elə gəlir ki, özlərinin məzmunsuz və sönük bəyanatları ilə Irana təsir edəcəklər! Olsun. Lakin siyasətçinin bəyanatı konkret hədəflərə tuşlanmalıdır.
Iranın son əməlləri nəyi göstərir? Bu ölkənin güclənməsi, ayaq üstə durması Azərbaycanın maraqlarına cavab vermir və bu gün Azərbaycan əsl siyasi “defisit” yaşayır. Mən təhlükəsizlik defisitini nəzərdə tuturam, ölkənin etibarlı təhlükəsizlik çətiri yoxdur. Indiki təcrübə göstərir ki, biz əlimizi NATO-nun ətəklərindən çox tez çəkdik. Mən heç də demək istəmirəm ki, NATO bu gün bizə arxa durmağa hazırdır. Gürcüstan amili göstərir ki, NATO-ya üzvlüklə bağlı israrlı tələblərin indi perspektivi yoxdur. Amma alternativ də yoxdur. Ona görə də NATO ilə münasibətləri bir qədər intensivləşdirmək lazımdır. Çünki bu dünyada “uzaq ada” olmaq elə asan iş deyil, xüsusən də Iran kimi “yaxın ada”nın qonşuluğunda…
Lakin bu, o demək deyil ki, Iranla qapıları çırpmaq lazımdır. Irana izah edilməlidir ki, iki ölkə mədəni və iqtisadi tərəfdaş ola bilər, amma siyasi yollar ayrılır, siyasət bizi ayırır. Bunun üçün isə heç olmasa, bir neçə günlüyə əsl güclü dövlət və hökumət olmağı bacarmaq lazımdır. Lakin biz reallıqda hələ də əks mənzərə görürük. Söhbət Azərbaycan vətəndaşlarından gedəndə bizim hökumətdən “güclü”sünü tapmaq çətindir – asır, tutur, kəsir! Amma elə ki, söhbət xarici siyasətə gəlir, başlayır bunların dizləri əsməyə! Bəlkə belə deyil?..