– Bizim azad, demokratik ölkəmizə xoş gəlmisiz, Avrovijin xanım!
– Sağ olun! Məni sonsuz sevgiylə qarşıladığınıza görə bütün xalqınıza sayğılarımı sunuram.
– Avrovijin xanım, inanın, Sizi gözləməkdən gözümüzün kökü saraldı. Canımızı qorxu almışdı: deyirdik birdən bizdəki ermənipərəst yaramazların dediklərinə inanıb gəlməzsiz. Nə yaxşı gəldiniz!
– Gəlməyinə gəlmişəm, ancaq məni başa salın görüm bu nə hay-küydür belə: doğrudanmı sizin ölkənizdə – çoxsaylı Avropa strukturlarına girən, Avropa yaşam yolu seçdiyini bildirən bir ölkədə – siyasi dustaqlar var?
– Avrovijin xanım, vicdan haqqı, bunlar hamısı yalan-palan sözlərdir, ermənipərəst yaramazların uydurmasıdır. Nə siyasi dustaq, nə zad? Bizdə azadlıq, demokratiya elə Avropadakı kimidir. O, adına “siyasi dustaq” deyilənlər var ha, onlar yumurta alverçiləridi, öz canımçün, bunu bizdə hamı bilir.
– Yumurta alverçiləri?
– Hə, hə, yumurta alverçiləri. Bilirsiz, onlar yumurta dustaqlarıdır. Bizdə bir ara yumurta çox bahalaşmışdı. Adamlar bunu prezidentə çatdırdılar, prezident tez müşavirə keçirdi.
– Nə müşavirə?
– Yumurta müşavirəsi.
– Anlamadım, prezident hara, yumurta hara. Axı, kənd təsərrüfatı nazirliyi, Nazirlər Kabineti varsa…
– Bilirsiz, Avrovijin xanım, bizim prezidentimiz xalqı dəhşətli dərəcədə çox sevdiyindən ölkəni təkbaşına idarə eləyir…
– Dayanın görək. Necə yəni təkbaşına idarə eləyir. Özünüz də demokratiyadan danışırsız. Təkbaşına idarəçilik bilirsizmi nə deməkdir? Diktatura! Hələ mən burasını sonraya saxlayıram. Deyin görək, prezident yumurta probleminin çözümünü də öz üzərinə götürürsə, onda o boyda Nazirlər Kabineti, kənd təsərrüfatı nazirliyi nəyə gərəkdir? Nəyə görə minlərlə adam o strukturlarda yer tutub xalqın pulunu mənimsəməlidir?
– Bilirsiz, Avrovijin xanım, bizdə bir administrator-filosof var. O, bizim ölkəmizdə demokratiyanın çox unikal formasını tətbiq etməkdədir – suveren demokratiya.
– Bu nə deməkdir, siz nə danışırsız: nə yumurta dustaqları, nə administrator-filosof, nə suveren demokratiya? Siz Azərbaycanın Avropa coğrafiyasına qatıldığını, bu yöndə öhdəliklər götürdüyünü bilirsizmi?
– Bilirik, ay xanım, bilirik. Bunları bilməsəydik bir belə pul töküb, xərc çəkib Sizi ölkəmizə gətirərdikmi? Bilirsiz, bizim ölkənin baş filosofu administrator-filosofdur. Suveren demokratiya idarəçiliyinin də başlıca ideoloqu odur. Vicdan haqqı, Avrovijin xanım, bu olduqca gözəl idarəçilik metodudur. Qaldı yumurta dustaqlarına, prezidentimiz müşavirə keçirib yumurtanın qiymətini aşağı salmışdı. Onlar ermənilərə qulluq elədiklərindən yumurta alverinə girişmişdilər: ucuz alıb, baha satırdılar. Xalq prezidentdən onların cəzalandırılmasını istədi – prezident də cəzalandırdı. Daha doğrusu, məhkəmə – bizdə məhkəmə müstəqildir. Bilirsiz, onlar da, onların havadarları da ermənipərəstdirlər, ermənilərə işləyirlər.
– Siz danışdıqca mən sizdə bir ermənifobiya görürəm. Sizdə başqa xalqa fobiya varsa, məni bura niyə gətirmisiz, bilmirsizmi bizim prinsiplərimizdə fobiyaya yer yoxdur? Sizdə özünü açıq göstərən ermənifobiya bizim sizin ölkənizlə bağlı seçimimizin düzgün olmadığını göstərir. Görünür, biz yanlışa yol vermişik, yanlışımızı düzəltməliyik.
– Siz nə danışırsız, Avrovijin xanım, nə fobiya, nə zad?! Sizcə, bu necə ola bilər: bizim hakimiyyətə gəlməyimizdə, uzun illər hakimiyyətdə qalmağımızda başlıca rol oynayan gözəl erməni xalqına bizdə fobiya ola bilərmi? Biz illərdir onlara “blokada” altından neft, qaz, elektrik ötürürük, Qarabağı, “Ermənistanı” boş qoymasınlar, qaçıb getməsinlər deyə, əlimizdən gələni eləyirik.
– Ola bilər, ancaq mən gərək müxalifətlə də görüşüm.
– Çox gözəl! Bizim müxalifətin hamısı parlamentdə oturur. Görüşün, danışın…

Yumurta dustaqları
•