ATƏT nümayəndələri 14 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib
ATƏT nümayəndələri Bakı şəhərinin Qaradağ rayonunda yerləşən 14 saylı cəzaçəkmə məntəqəsində vicdan məhbusları ilə görüş keçiriblər. Bu barədə “Azadlıq”a məlumatı “Demokratiya və Vətəndaş Cəmiyyətinin Inkişafına Kömək” ictimai birliyinin sədri Oqtay Isgəndərli verib.
Onun sözlərinə görə, görüş iki saatdan çox davam edib: “Görüşdə hüquq müdafiəçisi Vidadi Isgəndərli ATƏT nümayəndələrinə vicdan məhbuslarının qanunsuz həbs olunması səbəblərini, qərəzli istintaq prosesi və məhkəmələrin ədalətsiz hökmü barədə ətraflı məlumat verib. Həmçinin ölkədə insan haqlarının, vətəndaşların mülkiyyət hüquqlarının pozulmasının adi hal olduğunu onların diqqətinə çatdırıb”.
Hüquq müdafiəçisi deyir ki, ATƏT nümayəndələri vicdan məhbuslarının saxlanma şəraiti və sağlamlıq durumu ilə də maraqlanıb: “Vicdan məhbusları onlarla görüşdən məmnun qaldığını, bu görüşün mənəvi dəstəklə bərabər, ölkədə demokratiya və insan haqlarına beynəlxalq dəstəyin olmasını hökumətin diqqətinə çatdırılması kimi qiymətləndiriblər”.
O.Isgəndərli deyir ki, ölkəmizdə fəaliyyət göstərən digər beynəlxalq təşkilatların da vicdan məhbusları ilə görüşü gözlənilir.
Ramin DEKO


