
Putin seçki öncəsi “Güclü olmaq Rusiyanın milli təhlükəsizliyinin qarantıdır” adlı məqalə ilə çıxış edib. Bu dəfə o, ordunun gücləndirilməsindən danışıb. 2000-ci illərin əvvəlində Çenistandakı hərbi uğurları xatırladan Putin “Amerika hava hücumundan müdafiə sistemlərinin təhdidinə qarşı əks-həmlə” olaraq rus ordusuna 10 il ərzində 400 qitələrarası ballistik raket vəd edib.
Bundan başqa, baş nazir strateji əhəmiyyətli 8 raket kreyseri, 20 çoxməqsədli sualtı qayıq, 50 hərbi gəmi, 100 hərbi təyinatlı kosmik aparatın istehsal olunacağını bildirib. “Orduda islahatlara gedilməlidir. Silahlı qüvvələrin baza hissəsini müqavilə əsasında xidmət edən hərbçilər tutacaq. Buna baxmayaraq, 2020-ci ildə belə, 140 min nəfər çağırış əsasında orduya cəlb ediləcək”, – deyə qeyd edən Putin hərbi təhlükəni görmək üçün 30-50 il irəliyə baxmağı təklif edib. O, Rusiyanın strateji silahlanmadan imtina etməyəcəyini bildirib.
Putin NATO və ABŞ-ı təhdid etməyi də unutmayıb: “Amerikanın Avropada yerləşdirdiyi qlobal hava hücumundan müdafiə sisteminə Rusiyanın həbi-texniki cavabı assimetrik və effektli olacaq. ABŞ-ın HHM sferasında bütün addımlarını izləyəcəyik”.
İnformasiya şöbəsi


