Büdcənin lüzumsuz “soyqırım”ı

budce23 il az müddət deyil, bir igidin ömrüdü. Təəssüflər olsun ki, son 23 il həm də igidlərin ömrünün gödəlməsinə xidmət etdi. Əslində, ömürlərin uzanması üçün xeyli münbit şərait, potensial, səbəblər var idi.

23 il böyük müddət olduğuna görə bizi idarə edənlərin xasiyyətini öyrənməyə də kifayət etdi. Məsələn, balaca uşaq da bilir ki, rüşvət, saxtakarlıq, yaltaqlıq, ədalətsizlik ölkədə “rəqs”edir. Artıq heç bir neqativ hadisə, biabırçı statistika, sübuta yetirilmiş  cinayət əməlləri insanları təəccübləndirmir. Bu ölkədə bütün absurdlar, ziddiyyətlər normaya çevrilib. Amma nə qədər yazsaq da, nə qədər fakt göstərsək də talançılığın, yalançılığın real miqyasını əhatə edə bilmirik.

Bildiyiniz kimi hökumətimiz ötən ilin ortalarından qənaət rejiminə keçdiyini bəyan edib. Bu haqda çox yazmışıq və bu qərardan sonra da israfçılığın meydan suladığını faktlarla göstərmişik. Amma bu yazımızda rəsmi statistikadan sallaşmaq istəyirik. Bugünlərdə Maliyyə Naziri Samir Şərifov dedi ki, ötən il yalnız lüzumsuz xərclər üzrə qənaət edilib: “2015- ci ildə dövlət büdcəsinin xərcləri 21 mlrd, 100 mln manat proqnoza qarşı 17 mlrd, 784 mln manat icra edilib” – deyə Samir Şərifov bildirib.

Deməli, hökumətin lüzumsuz xərci 3 mlrd, 316 mln manat təşkil edib. Bəli, 15 milyardlıq büdcənin hər il 3-4 milyardı lüzumsuz xərclərə sərf olunurmuş.ÿƏslində normal ölkədə belə bir açıqlamadan sonra hökumət qovulmalıydı.  Əgər “lüzumsuz” adlanan xərcin miqyası 3-4 milyard manatla ölçülürsə, deməli hər il büdcənin rəsmi şəkildə “soyqırım”ı olur. Qənaət planında hökumət komandasının şəxsi komfortuna xidmət edən xərclərə toxunulmadığını nəzərə alsaq, “lüzumsuz xərc”lərin miqyasının daha böyük olduğunu demək olar.  Etiraf olunur ki, hər il büdcənin 20-25 faizi lazımsız xərclərə yönəlirmiş. Amma bu israfçılığa görə heç kim məsuliyyət daşımır, heç kim hesabat vermək zərurəti hiss etmir. Belə çıxır ki, neftin qiyməti kəskin ucuzlaşmasaydı, lüzumsuz xərclər davam edəcəkdi. Aydın görünür ki, son 20 ildə “lüzumsuz xərc” adı altında 60 milyarddan artıq vəsait talan edilib. Etiraf olunur ki, mövcud büdcənin bu qədər qısır olması neftin qiymətindən, qlobal böhrandan asılı deyilmiş, sadəcə olaraq büdcə mənasız xərclər hesabına boşalırmış.

Bu məqamda başqa bir sual meydana çıxır. Niyə büdcədən lüzumsuz xərclərə 3-4 milyard vəsait ayrılır, amma şəhid ailələrinin 148 milyon manat təşkil edən sığorta pulu verilmir? Niyə, 3-4 milyard vəsait mənasız yerə sərf edilir, amma dollarla krediti olanlara güzəşt olunmur? Necə olur ki, kredit borcu olanlara güzəşt edəndə maliyyə intizamı pozulur, amma 3-4 milyardı talan edəndə maliyyədə nizam yaranır? Devalvasiya nəticəsində vətəndaşa dəyən zərərin ödənilməsi gündəmə gələndə Samir Şərifov “bank xeyriyyə cəmiyyəti deyil” söyləmişdi. Indi belə çıxır ki, büdcə xeyriyyə cəmiyyətidir?

Talançılığın rəsmi etirafı bu miqyasda göstərilirsə, qeyri-rəsmi vəziyyət daha acınacaqlıdır. Ölkənin saysız-hesabsız problemləri var, vətəndaş zəruri ehtiyacları ödəməkdən məhrumdu, dövlətin xarici borcu fantastik həddə çatıb və belə bir reallıqda hökumətimiz hər il büdcədən 3-4 milyard “şabaş” atırmış. Hansıki, bu qədər vəsaitlə ölkənin xeyli problemini azaltmaq, vətəndaşın yükünü yüngülləşdirmək olardı.

Təkcə bu fakt göstərir ki, ötən illər ərzində bu ölkəni cənnətə çevirmək olardı. Bunların lüzumsuz hesab etdikləri xərclər 3-4 milyard təşkil edirsə, lüzumlu xərclərinin miqdarını təsəvvür etmək çətin deyil. Milyonluq villalar, holdinqlər, dünyanın müxtəlif yerlərindəki malikanələr, biznez mərkəzləri, ofşordakı hesablar yəqin ki, “lüzumsuz xərclər”ə daxil edilməyib.

Xalq hakimiyyətin mənbəyinə çevrilməyəndə, lazımsız adamlar lüzumsuz işlərlə məşğul olur.

İlham