«Evrostroy» rəhbərliyi sakinləri dinləməli və suallarına cavab verməyə borcludur
Haqqı tapdanan vətəndaşlar dəfələrlə redaksiyamıza üz tutaraq problemlərinin həlli üçün qəzetimizi vasitəçi kimi görmək istəyirlər. Bu dəfə alimlərin, Elmlər Akademiyasının əməkdaşlarının, problemlərini onların xahişi ilə işıqlandırmaq qərarına gəldik. Bu məsələ iki ildir davam edir.
Yataqxana sakinləri bildirirlər ki, onların yaşadıqları bina 1970-ci illərdə Elmlər Akademiyasının aspirantları üçün tikilən binadır. Burada iki yataqxana olub, biri ailəlilər, digəri isə subaylar üçün. Ailəlilər üçün olan yataqxana özəlləşdirilib. Subaylar yataqxanasının sakinləri isə artıq hamısı ailəlidir. Yataqxanada yaşayanlardan əksəriyyəti hazırda Elmlər Akademiyasında çalışanlardır, bəziləri ixtisara düşsə də, lakin burada yaşayır.
Məzahir Təhməzov: “1997-ci ildə türk tikinti şirkəti burdakı sakinləri mənzillə təmin etmək şərti ilə yeni binalar tikmək istəyirdi. Lakin Akademiyanın o zamankı prezidenti Fərəməz Maqsudov buna imkan vermədi. 2012-ci ildə 118 sakinin adından prezidentə müraciət edildi ki, ya bizi mənzillə təmin etsinlər, ya da özümüz bir tikinti şirkəti ilə anlaşıb burada bir bina tikməyə nail olaq.
Bu müraciətdən sonra Elmlər Akademiyasının o dövrdəki prezidenti Mahmud Kərimov Bakı Şəhər Icra Hakimiyəti ilə razılığa gəldi.
564 saylı sərəncamla yataqxanaların ərazisindəki torpaq sahəsi “Evrostroy” tikinti şirkətinə verildi. Razılığa əsasən burada tikiləcək binalardan 118 nəfərə mənzillər verilməli idi, qalan mənzillər isə tikinti şirkəti öz məsrəflərini ödəmək və mənfəət əldə etmək üçün satmalı idi.
O vaxtdan da 4 bina tikilib. 5-ci bina isə tikilməkdədir. Bütün bu binalar yataqxananın ərazisindəki torpaq sahəsində tikilib”.
“Qoy görsünlər bizim yaşayışımızı, bəlkə insafa gələlər”
Hazır olan binalardan yataqxana sakinlərinə mənzil verilməyib. Yarımçıq binanı isə tikinti şirkətinin hərraca çıxardığı bildirilir. Sakinləri narahat edən də əsas budur.
Iradə Vəlibəyli: “28 ildir burada yaşayıram. Qaçqınların da evi var, köçkünlərin də, hətta quşların da, qarışqaların da öz yuvası var. Biz isə məhv olub gedirik. Yerüstü şəhidlər kimi. Qoy görsünlər bizim yaşayışımızı, bəlkə insafa gələlər”.
Südabə Məmmədova: “Evimizə baxın, biz bu 4 ili hər əziyyətə dözmüşük. Tozun-torpağın içində yaşamağı özümüzə rəva bilmişik ki, burda tikilən mənzillərdən bizə də pay düşəcək. Nəhayət, evsizlikdən canımız qurtaracaq. Təhlükəsizlik qaydalarına əməl olunmayıb. Hər an qəza anı qaçılmaz olub, etiraz bildirəndə də adamla elə danışıblar ki, lap prokuror kimi, kimə arxayındırlar bilinmir”.
“Delfinlərin, ayıların hüquqlarını qoruyanlar bizi də düşünsün”
Biz ərazidə olanda təhlükəsizlik qaydalarına əməl edilmədiyinin şahidi olduq. Qaldırıcı kran yükü binanın üzərindən hərlədib qaldıran zaman binanın həyətində xeyli uşaq da gözə dəyirdi. Tikilən 4 bina isə, demək olar, bir-birinə az qala birləşdirilərək tikilmişdi. Sakinlərin dediyinə görə, əslində, Fövqəladə Hallar Nazirliyi, Arxitektura Komitəsi və digər aidiyyəti qurumlar buna icazə verməməli idi. Görünür, tikinti şirkəti həmin ərazidə daha çox mənzil əldə etmək istəyib. Əslində, əhali buradan köçürülüb binalar tikilməli idi.
Südabə Məmmədova sözünə davam edərək deyir: “Sanki terroristlərlə üz-üzəyik. Mədəni terrorçularla. Bu dəqiqə dünyada konfranslar keçirirlər, delfinlərin, ağ ayıların hüquqlarını qorumağa. Bizim, canlıların ən ali irqinin nümayəndələrinə, özü də alimlərə verilən qiymət budur? Fikirləşsin o heyvanları qoruyanlar, onlara pul ayıranlar, onlara jurnallar həsr edib üz qabığına şəkillərini vuranlar. Bizim də acınacaqlı durumumuzu bir nəzərə alsınlar…”
Sakinlərin dediyinə görə, tikinti şirkətinin nümayəndələri qaçıb gizlənirlər. Yataqxana sakinləri onların şəraitini də göstərməyimizi xahiş etdilər. Cəmilə Miriyeva dar, qaranlıq dəhlizləri göstərib deyir: “Əvvəlcə buranı təmir etmək üçün pul ayrıldı, birinci mərtəbəyə kafel döşəndi, yuxarı mərtəbələr isə yada düşmədi, bura mal tövləsini xatırladır, hər tərəf toz-torpaqdır. Təxminən 20-22 kvadratmerlik otaqlardan həm hamam-tualet, həm mətbəx kimi istifadə olunur”. Otaqlara baxdıqca oradakı şəraitsizlik adamı dəhşətə gətirir.
Araşdırmamıza görə, “Evrostroy” sıradan bir tikinti şirkəti deyil. Bu şirkət bayraq meydanları tikib, Heydər Əliyev Fondunun sifarişi ilə məktəblər, bağçalar inşa edib.
Heydər Əliyev Fondunun sifarişi ilə həyata keçirilən lahiyələrdən pay qoparan şirkətin arxasında kim dayana bilər? Şirkətin evrostroy.az saytında gördüyü işlər, tikinti sahəsinə verdiyi töhfələr barədə bu qurumun rəhbəri Samir Isayevin təqdimatı var. Ancaq bir çox suallara burada cavab tapmaq mümkün deyil. Şikayətçiləri maraqlandıran suallar var; bu suallara cavab vermək istəyənləri dinləməyə hazırıq.
Təzəxan