Yeni nazirin təyinatı təhsildəki köhnə vəziyyəti dəyişə bilmədi
Azərbaycan təhsilinin ağır xəstəliyə yoluxduğunu imtahan nəticələri də təsdiqləyir. Dəfələrlə yazmışıq ki, təhsil sahəsi ən az maliyyə ayrılan, ən az diqqət yetirilən və ən çox iflic vəziyyətə düşən sahədir. Təhsil haqqını ödəyə bilmədiyi üçün 17000 tələbənin ali məktəblərdən kənarlaşdırılması, orta təhsilin repetitorlardan asılı vəziyyətə düşməsi, hətta titullu müəllimlərin də qiymətləndirmə imtahanlarından keçə bilməməsi real vəziyyətin nə qədər acınacaqlı olduğundan xəbər verir.
Amma hər dəfə təhsillə bağlı mənfi nəticələr ortaya çıxanda hökumət sözçüləri bu sahədə islahatların aparıldığını, vəziyyətin müsbətə doğru dəyişdiyini sübut etməyə çalışırlar. Xüsusən də məktəb binlarının tikintisini, köhnə binaların təmir olunmasını təhsilin inkişafı kimi təqdim edirlər.
Hətta bugünlərdə baş nazirin müavini Əli Əhmədov bildirdi ki, Ilham Əliyevin siyasətinin əsas prioritet istiqaməti təhsildir. Amma ən son nəticələr də göstərir ki, prezidentin bir nömrəli prioritet seçdiyi sahə “2″ qiymət alır. Belə ki, mayın 15-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanı ilə bağlı statistik rəqəmlər açıqlanıb. Qəbul imtahanlarının nəticələrinə əsasən, abituriyentlərdən 8 nəfəri 600-700 bal (0.06 %), 57 nəfəri 500-599 bal (0.42 %), 291 nəfəri 400-499 bal (2.14 %), 823 nəfəri 300-399 bal (6.06 %), 2140 nəfəri 200-299 bal (15.75 %), 10270 nəfəri isə 0-199 bal (75.58 %) toplayıb.
Bəli, abituriyentlərin 76 faizi 0-199 bal toplayıb ki, bərbad vəziyyətin təsdiqidir.
Nazirlərin yerini dəyişdirmək, bahalı məktəb binası tikmək kütləvi savadsızlığın qarşısını ala bilmir. Hətta repetitorlar da bu biabrıçılığı sığortalamaq iqtidarında deyil. Bu təhlükəli tendensiyanın qarşısını yalnız real islahatlarla almaq mümkündür. Sözdə yox, əməldə təhsilin inkişafı prioritet olmalıdır. Təhsil sistemini korrupsiyaya bulaşdırıb, təhsil verənləri dilənçi vəziyyətinə saldıqdan sonra, təhsili inkişaf etidrmək mümlün deyil. Abituriyentlərin 76 faizinin 0-199 bal arası nəticə göstərməsi, ölkənin gələcəyinin 100 faiz qaranlığa sürüklənməsi deməkdir. Bu ölkədə prezidentin nəzarətə götürdüyü bütün işlərin axırı belə olur.
Samir