Şəhidin adının oxuduğu məktəbdən götürülməsi nə imiş? Hara aparırlar bu ölkəni? Osman Mirzəyev tanınmış publisist və yazıçı idi. 1990-91-ci illərdə Prezidentin Mətbuat Xidmətinin rəhbəri olub. Biz o zaman siyasi baxımdan əks düşərgələrdə təmsil olunurduq. Lakin bu bir faktdır ki, Osman Mirzəyev bir sıra digər vəzifəli şəxslərlə birlikdə, artıq ermənilərin nəzarətinə keçmiş Qarabağ bölgələrinə getməkdən çəkinməmişdi. Növbəti belə riskli səfərlərin birində, 20 noyabr 1991-ci ildə onun da olduğu vertolyot ermənilər tərəfindən vuruldu və Osman bəy şəhid oldu. Osman bəyin və vertolyotun vurulması ilə şəhid edilmiş digər şəxslərin şəhidliyini, siyasi mövqeyindən asılı olmayaraq, heç kim heç vaxt şübhə altına almayıb. Çünki siyasi mülahizələr faktı, həm də şəhidlik kimi bir faktı dəyişə bilməz.
Amma indi təəssüf ki, biz millət olaraq dəyərlərin daha da cəsarətlə tapdalandığı dövrə qədəm qoyuruq. Osman Mirzəyevin qızı, tanınmış jurnalist Sevinc Osmanqızı yazıb: “Atam Osman Mirzəyevin adı onun məzunu olduğu və 25 ildən bəri adını daşıyan 190 nömrəli məktəbin üzərindən götürülüb. Məktəbin içərisində onun həyat yolunu işıqlandıran guşə isə Heydər Əliyev muzeyi ilə əvəz edilib. Sanki az imiş H.Əliyev muzeyi.”
Nə baş verir? 25 ilin şəhidi hökumətə nə pislik etdi, niyə hakimiyyətin qəzəbinə gəldi? Bəlkə şəhidin jurnalist qızının müstəqil (müxalifət də yox ha, müstəqil) mövqe bildirməsi hakimiyyəti qıcıqlandırıb, onlar da qızına görə şəhidin ruhunu incitmək qərarına gəliblər? Hər halda “Heydər Əliyevin muzeyi üçün başqa yer yox idi” deyə bilməzlər. Hakimiyyət şəhidə qarşı etdiyi hörmətsizliyə görə izahat verməli, səhvini düzəldib, şəhidin adını oxuduğu məktəbə qaytarmalıdır!



