Maliyyə nəhənglərindən Əliyevə bank xəbərdarlığı

 

dunya-banki

Ekspertə görə, bank sektoruna dövlət tərəfindən dəstək olmazsa, böhrandan çıxmaq mümkün olmayacaq

Xəbər verdiyimiz kimi Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyası və Dünya Bankının (DB) nümayəndə heyəti Bakıya səfər etmişdi. Mayın 23-24-də isə Avropa Yenidənqurma və Inkişaf Bankının (AYIB) prezidenti Suma Çakrabarti Azərbaycana gələcək.

BVF-nin nümayəndə heyəti Bakıda olarkən keçirdiyi görüşlərdə xüsusən Azərbaycanın bank sektoru ilə bağlı narahatlıqlarını dilə gətiriblər. Maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın sədri Elman Rüstəmovun nəzərinə bəzi məqamlar çatdırılıb.

Ölkə başçısı ilə görüşdə BVF təmsilçisi Məhəmməd əl-Qorçini manatın devalvasiyası və digər tədbirlərin milli istehsalın qorunması, qeyri-neft sektorunda istehsal olunan məhsulların ixrac edilməsinə töhfə verdiyini bildirib.

O, hazırkı şəraitdə bank sektoruna diqqətin yönəldilməsinin vacibliyini vurğuluyaraq, Azərbaycanın müvafiq strukturları ilə fikir mübadiləsinə, texniki yardımın göstərilməsinə hazır olduqlarını deyib.

Onu da qeyd edək ki, bir müddət əvvəl milət vəkili Vahid Əhmədov da bank sektorunun ağır günlərini yaşadığını dilə gətirmişdi. Bundan başqa birinci rübün göstəricilərinə görə, bank sektorunun vergi ödənişləri 30 faiz azalıb.

Bəs, beynəlxalq təşkilatları Azərbaycanın bank sektoru ilə bağlı narahat edən nədir? Hazırkı vəziyyətdə gərəkən addımlar atılmazsa, Azərbaycanın bank sektorunu nə gözləyə bilər?

samir-eliyev-iqtisadci

İqtisadçı Samir Əliyev bildirdi ki, bank sektoru devalvasiya nəticəsində çox çətin bir vəziyyətə düşüb. Bankların aktivlərinin hazırda sağlamlaşdırılmasına böyük ehtiyacın olduğunu deyən S.Əliyev vurğuladı ki, problemli kreditlər bu gün aktual olaraq qalır: «Banklar verdiyi kreditləri ala bilmədiyinə görə, öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkirlər. Bu həm xarici banklar qarşısındakı öhdəlikdir, həm də əmanətçilər qarşısında. Təsadüfi deyil ki, bəzi banklar əmanətlərini qaytara bilmədilər. Bu gün ölkənin maliyyə sisteminin dayaqları olan banklar çox çətin bir durumdadır. Kreditləşmə məhdudlaşıbdır, sanki yox dərəcəsindədir. Bankların ölkə iqtisadiyyatındakı rolu getdikcə azalır. Bank sektoru faktiki olaraq iqtisadiyyatı kreditlə təmin edə bilmir. Nə sahibkarları, nə vətəndaşları, nə də ümumilikdə iqtisadiyyatı. Biz dəfələrlə vurğulamışıq ki, bank sektorundakı problemlərə dırnaqarası yanaşmaq olmaz».

S.Əliyev onu da qeyd etdi ki, hökumət problemli kreditlərini həll etməlidir. Bunun həll yollarından biri dollar kreditləri ilə bağlı kompensasiyaların ödənilməsidir: «Devalvasiyanın zərəri həm banklara, həm də vətəndaşlara dəyib. Amma hökumət bu ziyanı banklar və vətəndaşların üzərinə atır. Ona görə bankların aktivlərinin sağlamlaşdırılmasına ehtiyac var. Elə banklar var ki, onların aktivlərinin əlli faizdən çoxu zərərlidir, təhlükəlidir. Ona görə bank sektoruna dövlət tərəfindən dəstək olmazsa, bu konkret bir bankın bağlanması ilə sona yetməyəcək».

Xəyal