İran prezidenti Mahmud Əhmədinejadın qardaşı Davud Əhmədinejad jurnalistlərə açıqlamasında “Fars” xəbər agentliyinin Azərbaycan Respublikasındakı müxbiri Anar Bayramlının tutulmasına münasibət bildirib.
“Media forum” saytının məlumatına görə, Davud Əhmədinejad deyib ki, müxbirin tutulmasında İsrailin əli var: “Onun tutulmasında sionistlərin rolu olub. Bölgədəki bu kimi ölkələr dünya zülmkarlarına bağlı ölkələrdir. Onlar müstəqil deyillər. Bu hərəkətlər isə onların müstəqil olmamağına görədir. Bizim nüvə alimlərimiz də sionizm və dünya zülmkarlarının əli ilə terror edilib. Onlardan asılı olan bölgədəki bəzi ölkələr də bu işdə onlara yardım göstərib”.
Anar Bayramlı ötən həftə Bakıdakı mənzilində tutulub. Azərbaycan vətəndaşıdır. Onun qardaşı Eldar Bayramlı “Turan”a bildirib ki, son 20 gündə jurnalisti dəfələrlə polis bölməsinə çağırıblar və siyasi baxışları haqda soruşublar. Anar Bayramlı qanunsuz narkotik maddə saxlamaqda ittiham olunur, onun üzərindən 4 qram heroin aşkar edildiyi bildirilir. Qardaşı düşünür ki, Anar Bayramlının üzərinə narkotik maddəni polis bölməsində qoyublar. 31 yaşlı Anar Bayramlının İranın “Səhər” telekanalı ilə də əməkdaşlıq etdiyi deyilir.


