Dövlətin potensialı necə məhv edildi?
Hökumətin birinci devalvasiyadan sonra verdiyi bütün vədlər əks təsir göstərməyə başladı. Rəsmi rəqəmlər də göstərdi ki, ötən müddət ərzində yalnız geriyə doğru inkişaf etmişik. Hətta ölkə başçısı qeyri-neft sektorunun inkişaf etdirildiyini, büdcəyə ödənişlərdə qeyri-neft sektorunun payının üstünlük təşkil etdiyini bildirirdi. Rəsmi məlumata görə 2016-cı ilin yanvar-aprel ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 milyard 204 milyon 972,7 min manat vəsait daxil olub və bunun yalnız 511 milyon manatı qeyri-neft sektorunun payına düşür.
Göründüyü kimi neft sektorundan asılılıq həmişəki kimi davam edir və hər hansı müsbət tendensiya hiss olunmur. Hökumət şikəst adam kimi heç bir hərəkət edə bilmir, yalnız neftin ümidinə qalıb, səriştəsizlik hər addımda gözə çarpır. Belə çıxır ki, bu ölkədə neft olmasaydı Azərbaycan xalqı adi çörəyə də möhtac qalardı, büdcəmiz milyardlarla deyil, yüz minlərlə ölçülərdi. Heç bir təbii sərvəti olmayan ölkələr dünya bazarına məhsul çıxarıb, daxildə rəqabətli mühit yaradıb, bütün sektorları inkişaf etdirib, hər sərvəti olan Azərbaycan isə zəlil vəziyyətə qalıb. Faktiki olaraq neftdən kənarda heç bir uğur əldə edilməyib, neftdən gələn milyardlar sadəcə hökumət komandasının cibinə yol tapıb. Əminliklə demək olar ki, bu qədər sərvət qonşu Gürcüstanda, Ermənistanda olsaydı, hər iki ölkənin büdcəsi yüz milyardlarla ölçülərdi. Azərbaycan hökuməti isə ölkəni bazar təfəkkürü ilə idarə edib. Elə biliblər ki, bu ölkə şəxsi təsərrüfat, vətəndaş isə quldur.
Təsəvvür edin ki, hətta bankların vergi ödəmələri 30 faiz azalıb. Hansıki, ölkə bankları devalvasiyadan zərərlə çıxmayıb, vətəndaşa güzəşt edilməyib, büdcədən bankların sağlamlaşdırılmasına maliyyə ayrılıb. Yəni, böhrandan heç bir zərbə almadıqları halda bankların ödəmə qabiliyyəti 30 faiz aşağı düşüb. Deməli, problem devalvasiyada, neftin qiymətinin düşməsində, qlobal böhranda deyil. Problem korrupsiyada, talançılıqda, səriştəsizlikdə, məsuliyyətsizlikdədi. Hökumət bu illər ərzində düşməncəsinə dövlətin potensialını əritməklə məşğul olub. Hansıki, ölkəyə axan pulların az bir hissəsini real sektora yönəltmək hesabına, bugün Azərbyacanda fərqli mənzərə yaratmaq olardı.
Samir