Yaxud, günahsızları cəzalandıran humanizm
Bir neçə gündür rəsmi təbliğat “humanizm donu” geyinib. Belə ki, millət vəkili, ölkənin birinci xanımı Mehriban Əliyeva amnistiya təşəbbüsü ilə Milli Məclisə müraciət etdi və deputatlarımız bu təklifi yekdilliklə qəbul etdilər. Indi deputatlar, hüquq müdafiəçiləri ağız-ağıza verib bu amnistiyanın möhtəşəmliyini müzakirə edirlər. Kimisi bunu “qızıl amnistiya”, kimisi “tarixi hadisə”, kimisi “görünməmiş humanizm” kimi dəyərləndirir. Hökumət sözçüləri bu amnistiya aktının büdcəyə xeyrindən, minlərlə ailəyə sevinc nəsib edəcəyindən, mənəvi mexanizmləri gücləndirəcəyindən söhbət açırlar. Hətta deputatlardan biri deyib ki, bu amnistiya Qarabağ danışıqlarında Azərbaycanın manevr imkanlarını artıracaq.
Əlbəttə, əfv etmək, humanist addımlar atmaq, bağışlamaq müsbət haldır. Amma həmişəki kimi bu dəfəki amnistiya da qüsurludu, həqiqi humanizmin göstəricisi deyil.
Bu gün ölkə həbsxanalarında haqsız yerə cəza çəkən saysız- hesabsız məhbus var. Bu gün həbsxanalarda siyasi fəaliyyətinə görə qondarma ittihamlarla həbs edilmiş, günahsızlığı sübut olunmuş, bütün dünyanın “vicdan məhbusu” kimi tanıdığı və bütün dünyanın hakimiyyətdən azadlığını tələb etdiyi adamlar var. Bu adamlar illərdi günahsız yerə həbs həyatı yaşayırlar və onların günahsızlığını amnistiyaya əl çalanlar, bu təşəbbüslə çıxış edənlər də bilir. Amma amnistiyayla bağlı elə maddələr seçilib ki, günahsız həbs olunanlar həmin maddəyə düşmür. Yəni, düşmənçilik, qisasçılıq, ədalətsizlik özünü bir daha göstərir.
Bu gün ölkə həbsxanalarında 24 mindən artıq məhbus var. Bu amnistiyada 3500 məhbusun azadlığa çıxacağı bildirilir. Yuxarıda da qeyd etdiyimiz kimi ölkəni “alqış sədaları” bürüyüb. Uzun illər saxta hökmlərlə insanların həbs olunmasına susanlar, məhkəmə sisteminin məzhəkəyə çevrilməsinə haqq qazandıranlar, haqsızlığa uğrayanların fəryadını eşitməzliyə vuranlar, bu gün amnistiya qərarının dövlətin maraqlarına müsbət təsirindən danışırlar.
Hansıki, bu deputatlar, hüquq müdafiəçiləri təhlükəli tendensiya yarananda həyəcan təbili çalmalıydılar. Cinayətlərin sayının artma səbəbləri araşdırılmalı, sifarişli qərarlar verən hakimlər cəzalandırılmalı, qanunların ayaq altına salınmasına etiraz edilməliydi. Bu gün məhbusların sayı 24 min nəfəri keçib, dövlətin xərci artıb, həbsxanalarda boş yer qalmayıb və buna görə də zərurətdən doğan amnistiya meydana çıxıb. Vaxtında yüzlərlə insanın qanunsuz həbsinə “dur” deyilsəydi, bu gün həbsxanalar bu vəziyyətə düşməzdi.
Amnistiya təşəbbüsündən sonra “humanizm mələyi”nə çevrilmiş adamlar yenə də cəsarət edib, siyasi məhbusların azadlığını tələb edə bilmirlər. Amma həmin şəxslərin ittiham olunduğu maddələr amnistiya aktına salınsaydı, indi hüquq müdafiəçiləri, deputatlar “cəsarət libası” geynimişdilər.
Bu amnistiyanın Qarabağ danışıqlarında manevr imkanlarını artıracağına gəlincə, vəziyyət daha da tragikomik xarakter alır.
Beynəlxalq aləm Azərbaycan hakimiyyətindən siyasi məhbusların azadlığını tələb edir, Azərbaycan hakimiyyəti bu adamları həbsdə saxladığına görə tənqidlərə məruz qalır, hakimiyyətin beynəlxalq aləmdə dilini gödək edən repressiya siyasətidir. Amma deputatın sözündən belə çıxır ki, dünya Azərbaycan hökumətindən bakuş oğurlayanların, dələduzluq edənlərin, qulaq dişləyənlərin azadlığını tələb edir. Biz digərlərinin azadlığına qarşı deyilik və həqiqətən cinayət törətmiş adamlara da şans verilməlidir. Amma Qarabağ danışıqlarında Azərbaycanın manevr imkanlarını azaldan hökumətin avtoritar siyasətidir, siyasi rəqiblərlə biabırçı mübarizə formasıdır. Sən Qarabağ qazisini “dələduz” ittihamı ilə həbs edib, həqiqətən dələduzluq etmiş adamı azad edirsənsə, bunun Qarabağ məsələsində arqumentə çevrilmə ehtimalı yoxdur.
Birdə ki, amnistiya Qarabağ danışıqlarında manevr imkanlarını artırırsa, deputat bunu indi niyə deyir? Deməli, bu deputatın Qarabağ sevgisi amnistiya təşəbbüsündən sonra çiçəklənir?
Müxtəsər, əgər amnistiyanın nəticəsi ədalətə xidmət etmirsə, əgər vicdanlı insanlar yenə də həbsdə qalacaqsa, əgər bundan sonra da hüquqsuzluq meydan sulayacaqsa, heç bir humanizmdən söhbət gedə bilməz. Yəni, bu ölkədə qanun, hüquq, ədalət “amnistiya”ya düşüb azadlığa çıxmayana qədər, heç bir təşəbbüs uğura apara bilməz.
İlham