“Ulu öndərin” dövlətçilik siyasəti…

Və “dözümlü” xalqımız

Tofiq Şahtaxtinski,
Texniki elmlər doktoru, professor

Ölkəmizdə hakimiyyəti zəbt etmiş sülalə və onun dayağı olan oliqarxlar hakimiyyətdə qalmalarının hər saniyəsi üçün “ulu öndərlərinə” minnətdar olmalıdırlar. Xalqın yeraltı, yerüstü sərvətlərinə sahib çıxaraq varlanıb harınlaşan, müxtəlif fondlar və banklar açaraq ailə üzvlərini üstündə əyləşdirib, xalqın nəinki sözünü-arzusunu, hətta iniltisini, ah-naləsini belə, eşitməyən sülalə hakimiyyətini bu gün nə ordu, nə prezident qvardiyası, nə də əli zopalı polis və mülki geyimli xəfiyyə dəstələri qoruyub saxlaya bilər. Ərəb ölkələrində bir-birinin ardınca baş verən və “Ərəb baharı” adlandırılan xalq üsyanları, inqilablar bunu çox gözəl sübut etdi. Ayağa qalxmış əliyalın xalq kütlələri qarşısında nə təpədən dırnağadək silahlanmış ordu, nə polis, nə də kənardan muzdla tutulan dəstələr tab gətirə bildi. Bu ölkələrdə xalqın nifrət etdiyi diktatorlar öz ailə hakimiyyətləri və oliqarxlarıyla birlikdə süqut etdilər.
Respublikamızda bugünkü ədalətsiz hakimiyyəti saxlayan isə
1993-cü ildə dövlət çevrilişilə hakimiyyəti ələ alan “ulu öndərin” böyük məharətlə işləyib hazırladığı, ölümündən sonra isə onun kommunist-“KQB”şnik davamçılarının inkişaf etdirdiyi, dünyada analoqu olmayan müdhiş “dövlətçilik” siyasətidir. Bu dövlətçilik siyasəti biz yaşlı nəslin gözləri önündə yarandığından, onun müddəalarını çox yaxşı bilirik. Bunlar əsas etibarilə aşağıdakılardır:

Başı bir tikəçörək pulu qazanmağa qarışan xalq hakimiyyətin korrupsiyasını “görməyəcək”

Tabeçiliyində olan xalqı ac-yalavac, gözləri hakim sülalənin əlinə tikilmiş halda saxlamaqla, insanları bir tikə çörəkpulu qazanmaq üçün yaltaqlığa, satqınlığa, əyri yollara əl atmağa vadar etmək və bilərəkdən bunlara göz yummaq siyasəti… Çünki iş başında hər an “ifşa” olunmaqdan qorxan xalq sülalə və oliqarxların böyük korrupsiya maxinasiyalarına səsini çıxarmadan göz yummalı olacaq – onu “görməyəcək”.
Digər tərəfdən, günü-güzəranı pis olan xalq, həmişə bir tikə çörək dalınca qaçdığından, hakimiyyəti devirmək haqqında heç düşünməyə belə, vaxt tapa bilməyəcək.
Bugünkü real yaşayış tərzimizə nəzər salsaq, söyləyimiz fikrin nə qədər doğru olduğunu görərik. Ölkə başçısının sərəncamına əsasən, keçən ilin dekabr ayından etibarən həkimlərin və orta məktəb müəllimlərinin maaşları 10 faiz artdıqdan sonra aylıq əməkhaqlarının orta məbləği uyğun olaraq, 234 manat 30 qəpik və 269 manat 50 qəpik təşkil edir. Rəsmi statistikaya görə, ölkəmizdə yaşayış minimumu 95 manat hesab edilir. Lakin ərzaq və yaşayış üçün zəruri olan əksər malların satışı inhisar nəzarəti altında olduğundan, ölkədəki dəhşətli bahalaşmanı nəzərə alan müstəqil iqtisadçılar bu rəqəmin 168 manat olduğunu deyirlər. Maaşlarıyla yaşayış minimumunun belə nisbətində körpə uşaqları, orta və ali məktəblərdə təhsil alan övladları olan həkim və müəllimlərin aldıqları halal əməkhaqqı ilə necə dolana biləcəklərini gəlin, YAP-in icra katibi Əli Əhmədov və Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov yoldaşlardan soruşaq. Belə olan halda, həkimlər gözlərini xəstələrin əlinə, müəllimlər isə şagird və tələbələrin ciblərinə necə tikməsinlər?.. Ay alovlu YAP-çılar, axı bu maaş, illik büdcəsi Azərbaycanın təkcə hərbi büdcəsindən kiçik olan, bizə həmişə dilənçi sifətində təqdim etdiyiniz Ermənistan həkiminin əməkhaqqından da (390 dollar, yaşayış minimumu 70 dollar) aşağıdır!
Ümumiyyətlə, MDB ölkələri arasında əməkhaqqı və yaşayış minumumu nisbəti baxımından əhalisi ən kasıb olan xalq, hakimiyyətinin başından milyardlarla neft-qaz dollarları yağan Azərbaycan xalqıdır. İnanmaq olmur ki, dünyada ikinci belə dözümlü xalq tapıla… Bu biabırçılığı biz öz üzərimizdən mütləq götürməliyik, yeraltı-yerüstü sərvətlərimiz yalnız sülalə və onu əhatə edən bir qrup oliqarxa yox, bütün Azərbaycan xalqına məxsus olmalıdır!

Az-çox tanınmış ziyalıları bəxşişlər, orden və medallarla ələ almaq

Açıq söz deməsinə xalqın ehtiyacı olan nisbətən tanınmış ziyalılara – şairlərə, yazıçılara, alimlərə, incəsənət xadimlərinə təzə tikilmiş göydələnlərdə mənzil, xarici markalı maşınlar bəxş edirlər, övladlarını öz yanlarında zərfə qoyulmuş “əlavə” maaşlı işlərlə təmin edirlər və hətta… orden və medallar verməklə onlara sülaləyə öz sahibi və xilaskarı kimi baxmağı aşılayırlar. Bu üsul ölkəyə neft-qaz gəlirləri axdıqdan sonra tətbiq olunmağa başladı. Tədricən manqurtlaşan belə “ziyalılarımız” bu gün arxalarını xalqa, üzlərini isə sahiblərinə – sülalə hakimiyyətinə çevirib onları alqışlayır, hər əməllərinə çəpik çalırlar. Burada Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanında döyüşlərdə əsir düşənlərin manqurtlaşdırılması prosesini yada salmaq yerinə düşərdi. Qırxılmış başına təzə kəsilmiş dəvə dərisi geyindirilən əsir, günlərlə səhrada qızmar günəş altında saxlanılır, arabir sahibi ona ölməmək üçün su verir. Əgər axırda əsir sağ qalırsa, yaddaşını tam itirmiş olur, hətta doğma valideynlərini belə, unudur. O, yalnız ona verdiyi əzaba baxmayaraq, ölməməsi üçün arabir su verən yeni sahibini tanıyır – manqurtlaşır…
Çox təəssüf ki, bu gün ölkəmizin gələcəyini, xüsusən əsas sərvətimiz olan gənclərimizin taleyini düşünən, öz sözlərini deyən, təkliflərini verən vicdanlı ziyalılarımıza kresloları isti olan, özləri isə çoxdan manqurtlaşmış əl məmurları utanmadan söz vuraraq, “hə, deyəsən, filan vaxt sizə filan pay çatmayıb…” deyirlər.

“Azadlıq!”, “Demokratiya!”, “Rüşvətə, korrupsiyaya yox!” deyənləri şərləyib həbs eləmək…

Bu gün sülalə hakimiyyəti ölkə daxilində əhalini maddi imtahana çəkərək, onun bir qrupunu “əli əyrilikdə” ittiham etmək, bir qrupunu isə manqurtlaşdırmaqla yanaşı, insanların siyasi hüquqlarının heçə endirilməsi istiqamətində də mütəmadi iş aparır. Bu işlər də əsas etibarilə aşağıdakılardır:
Özlərini “müxalifət” adlandıran bir qrup adam iqtidar əleyhinə nə qədər danışırsa, qoy danışsınlar, onsuz da yuxarıdakı bölmələrdə göstərilən qrupa daxil adamlar onların arxasınca getməyəcəklər. “Azadlıq!”, “İstefa!” qışqıraraq, nümayişə çıxan bir qrup “cibi boş intelligentləri” isə ciblərinə narkotik atmaqla, “polisə tabe olmamaq” və ya “ictimai asayişi pozmaq” ittihamları ilə şərləyib damlamaq olar…
Əgər əhalisinin orta maaşı və yaşayış minimumu nisbəti baxımından Azərbaycan ən kasıb ölkə kimi, MDB-də axırıncı yeri tutursa, vətəndaş hüquqlarının, insan haqlarının tapdalanması istiqamətində aparılan işlərə görə birinci yerdəyik. Konstitusiyamızın 1-ci bölmə, 49-cu maddəsinin 2-ci bəndində açıq-aydın yazılıb: “Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan XƏBƏRDAR etməklə (İCAZƏ almaqla yox!) dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır”.
Buna baxmayaraq, keçən ilin mart-aprel aylarında konstitusiya qanununu pozmadan küçə yürüşlərində “RÜŞVƏTƏ, KORRUPSİYAYA, SATQINLIĞA, YALTAQLIĞA YOX!” deyənləri həbs etdilər və onların əksəriyyəti hələ də həbsxanalardadır.
YAP-ın icra katibi Siyavuş Novruzov bu həbslərin CANLI ŞAHİDİ olduğundan, üzümü ona tutub soruşuram: “Dünyada ikinci belə bir ölkə tapmaq olarmı ki, orada rüşvətə, korrupsiyaya “yox” deyən adamı tutub damlasınlar? YAP-çı olanda nə olar, axı ABIR bütün insanlara xas olmalı xüsusiyyətdir…”

Oğrunun yekəsi hökumətin özüdür!
 
Çox sevindirici haldır ki, “ulu öndərin” araşdırdığımız bu müdhiş “dövlətçilik” siyasəti hələ də “işləməyinə” baxmayaraq, artıq ÇAT verməyə başlayıb. Bu gün müxtəlif hökumət və qeyri-hökumət qurumları, siyasi partiyalar, elm və təhsil ocaqlarının görkəmli şəxsiyyətləri, eləcə də sıravi vətəndaşlar İctimai Palata, Ziyalılar Forumu, Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı kimi ictimai-siyasi qurumlarda təşkilatlanaraq öz sözlərini deyir, hökumətin xalqın xeyrinə olmayan bəyanat və fərmanlarına alternativ olaraq, öz fikirlərini söyləyir, təkliflərini verirlər. Respublikada azad fikirli, demokratik gənclər birlikləri öz sıralarını sürətlə genişləndirirlər. Evləri və digər şəxsi əmlakları təbii fəlakətlərə məruz qalıb, ancaq hökumətdən müavinət ala bilməyənlər, evləri sökülüb, özləri isə küçəyə atılanlar, ailələrinin yeganə dolanışıq mənbəyi olan xırda ticarət köşkləri əllərindən alınanlar və ya yeganə iş yeri kimi, öz şəxsi maşınlarından taksi kimi istifadədən məhrum edilənlər artıq TƏKLİKDƏ YOX, KÜTLƏVİ ŞƏKİLDƏ TƏŞKİLATLANARAQ mübarizə aparmağın bəhrəsini görməyə başlayıblar. Son vaxtlar paytaxtda nəqliyyat işçilərinin təşkilatlanmış kütləvi aksiyalarından sonra tələblərinin qismən də olsa, yerinə yetirilməsinə nail olmaları buna misaldır. Xalq artıq başa düşüb ki, oğrunun yekəsi elə hökumətin özüdür. Oğru isə həmişə qorxaq olar…