“Gənclər işgəncə ilə bağlı cəsarət nümunəsi yaratdılar”

anar_memmedli1Keçmiş siyasi məhbus Anar Məmmədli özünün facebook səhifəsində gənclərə verilən işgəncə faktları ilə bağlı fikirlərini bölüşüb. Həmin fikirləri təqdim edirik:

Gənclərə işgəncə faktı onların etdiyi hərəkəti bir qədər arxa plana keçirdi. Bu barədə bir qədər sonra. Heykəlin üzərində etirazçı fikirlərin yazılmasını qınayanlar da tapıldı. Və belə şəxslər az deyil. Odur ki, bununla bağlı bəzi məsələlərə diqqət çəkmək istəyirəm.

Əvvəla, illərlə bu rejim şəxsiyyətə pərəstişi təbliğ edib və Heydər Əliyev şəxsiyyətini bu rejimin simvoluna çevirib. Rejim tənqid ediləndə H.Əliyev, ikinci tənqid olunanda isə rejim yada düşür. Bu baxımdan müxalif düşüncədə olan insanların rejimə etiraz edərkən, Heydər Əliyevin heykəli üzərində etiraz şüarları yazmasında qeyri-adi heç nə yoxdur. İnsanlar şəxsiyyətə pərəstişə etirazını ifadə edir. Qraffit yazı da ifadə azadlığının yaradıcı formada təzahürüdür. Əgər Azərbaycanda ifadə azadlığına ənənəvi media vasitələrində imkan olsaydı, qeyri-ənənəi formalarda etirazlara ehtiyac qalmazdı. Bu cür üsullar siyasi hakimiyyət və onun əleyhdarları durduqca olacaq.

Gəlirəm, bu qraffiti yazısına gözlənilən reaksiyalara. Açığı bu cür aksiyadan sonra gənclər ölkəni tərk etməyiblərsə və ya haradasa gizlənməyiblərsə, ya sadəlöhv olublar və nəticəni gözardı ediblər, ya da planlı şəkildə buna gediblər. Hər iki halda bizim üzərimizə düşən buna görə onları qınamaq olmamalıdır. Birinci durumda gəncliyinə salıblar, yüz ölçüb-biçməyiblər. Nəticədə bu işi görən iki nəfər gəncdir! Yox, əgər planlı şəkildə ediblərsə, bu onların mübarizə yolu, etiraz haqqı və düşüncəsidir.

Nəhayət, bu hadisədə mənim üçün ən böyük qəhrəmanlıq hər iki gəncin polislər tərəfindən məruz qaldıqları işgəncə faktlarını ictimaiyyətə açıqlamasıdır. Hər gün ölkədə xeyli sayda işgəncə baş verir; polis şöbələrində, təcridxanalarda və həbsxanalarda işgənclərə məruz qalan şəxslərdən xəbəriniz varmı? Məlumunuz olsun ki, böyük əksəriyyəti bu cür halları dilinə gətirməkdən çəkinir. Bu gənclər isə çəkinmədən hər şeyi danışdılar və bununla da insan hüqularının müdafiəsinə töhfə verdilər. Onlar hüquq mühafizə orqanları və indi susqun qalan Ombudsmanı da ifşa etdilər!