Üzeyir Cəfərov: «Bu pulun böyük hissəsi bəzi adamların cibinə gedir»
Büdcə təşkilatlarında çalışanlara əməkhaqlarının 1 faizindən könüllü şəkildə imtina etdikləri və bu məbləği Silahlı Qüvvələrə Yardım Fonduna keçirdikləri barədə ərizələr yazdırırlar. Bu proses uzun illərdir davam etsə də, son vaxtlar daha intensiv xarakter alıb. Bunu, redaksiyaya daxil olan şikayətlər də göstərir. Narazılar arasında nazirliklərdən tutmuş, orta məktəblərə qədər ayrı-ayrı dövlət müəssisələri var. “Könüllü ərizələrin” yazdırılmasının səbəbi isə sabah baş verə biləcək hər hansı problemdən sığortalanmaqdır. Yardım Fonduna yığılan pulların hara və necə xərcləndiyi, buna kimin nəzarət etməsi qeyri-müəyyəndir.
Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərovun sözlərinə görə, Yardım Fonduna bu formada pul yığılması tamamilə qanunsuzdur: “Büdcə təşkilatlarında işləyənləri ”könüllü şəkildə” ödəmələr etməyə məcbur edirlər. Silahlı Qüvvələrə Yardım bəzi adamlar üçün qazanc mənbəyidir. Işçilərin məvacibindən birbaşa tuta bilmirlər, bu yola əl atırlar. Yığılan pulların çoxu fonda yox, bəzi adamların cibinə gedir. Bu fond Heydər Əliyevin təşəbbüsü ilə 90-cı illərin əvvəllərində yaradılıb. Həmin vaxt quruma icraçı direktor təyin edilməsi tapşırılmışdı. Amma bugünə qədər təyinat olmayıb. Bu səbəbdən də həmin pullar “Kapital Bank”ın Binəqədi filialında toplanır. Ilk illər bu fondun təbliği gedirdi və insanlar ora pullar köçürürdülər. Amma sonradan bəzi adamlar bunu da özləri üçün biznesə çevirdilər. Cədvəllər tutub sayı minlərlə olan idarə və müəssisələrdən pul yığmağa başladılar”.
Ü.Cəfərov hesab edir ki, Korrupsiyaya Qarşı Mübarizə Idarəsi həmin fondu yoxlamalıdır: “Yoxlasınlar ki, indiyə qədər nə qədər vəsait yığılıb və nə qədər hesaba keçib. O zaman görəcəksiniz ki, bəzi adamların yeri Bakının Kürdəxanı kəndindəki istintaq təcridxanasıdır. Əslində qurum bu illər ərzində çox işlər görə bilərdi. Fondun rəhbəri olmadığına görə, ictimaiyyətə bu barədə hər hansı məlumat verilmir. Ümumi rəhbərliyi isə Müdafiə Nazirliyi həyata keçirir”.
Ekspert onu da bildirdi ki, büdcədən müdafiə və təhlükəsizlik sektoruna kifayət qədər vəsait ayrılır. Belə olan halda, həmin fonda heç ehtiyac da yoxdur: “Hətta ölkə rəhbərliyi deyib ki, müdafiə və təhlükəsizlik məsələlərinə ayrılan xərclər Ermənistanın bütövlükdə dövlət büdcəsindən çoxdur”.


