Hadisə azyaşlıların gözü önündə baş verib
Bakının Xəzər rayonunda ər keçmiş arvadını bıçaqlayıb. Hadisə dünən Binə qəsəbəsində yerləşən məktəbin həyətində baş verib.
ANS PRESS-in məlumatına görə, Ruziyyə Dəmirova həyat yoldaşından boşanandan sonra keçmiş əri iki azyaşlı oğlunu öz yanında saxlayıb. R. Dəmirova məktəbdə oxuyan uşaqlarını görmək üçün dərs vaxtının sonunda məktəbə gedib. Bu zaman uşaqların atası da məktəbə gəlib. Ruziyyənin uşaqlarla söhbət etməsini görən keçmiş əri bıçaqla ona hücum edib. Keçmiş ər uşaqlarının gözü qarşısında Ruziyyə Dəmirovanı bıçaqlayıb.
Hadisə şahidləri dərhal xanımın imdadına çatıblar. Bıçaq yarası almış xanım üçün təcili yardıma zəng vurulub. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsi Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat nəticəsində yaxalayaraq istintaqa təhvil veriblər. Faktla əlaqədar cinayət işi başlanıb.
Oxşar cinayət hadisəsi Abşeron rayonunda baş verib. Ər aralarında yaranan şəxsi mübahisə zəminində arvadını bıçaqlayıb. Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Şəhər sakini 1969-cu il təvəllüdlü Eldar Abbas oğlu Abbasov aralarında yaranan mübahisə zəminində arvadı 1970-ci il təvəllüdlü Gülnarə Abbasovaya çoxsaylı bıçaq xəsarətləri endirib. Xəsarət alan qadın dərhal xəstəxanaya çatdırılıb və onun üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Hadisə baş verən vaxt Eldar Abbasov sərxoş olub və həyat yoldaşı ilə mübahisə edib. Mübahisə qızışdıqda isə sərxoş kişi bıçağa əl atıb.