Axundov Pişəvərinin nəşini vərəm dispanserindən Fəxri Xiyabana necə gətirdi?

veli-axundov

Vaxtilə on il Azərbaycana rəhbərlik etmiş Vəli Axundovun anadan olmasının 100 illiyidir. Bu illərdə nə baş vermişdi? Ötən əsrin 60-cı illəri insanların və tarixin yaddaşında necə qalıb? Ədəbiyyatda, sənətdə, mədəniyyətdə, sosial və siyasi həyatda nələr olmuşdu? Vəli Axundovun özündən əvvəlki və özündən sonrakı rəhbərlərdən fərqli və oxşar cəhətləri hansılardır? Bütün bu suallara cavab almaq üçün tanınmış tarixçi alim, XX əsr tariximizin ən maraqlı salnaməsini yaradan professor Cəmil Həsənliyə müraciət etdik. Vəli Axundovun həyat hekayəsi və siyasi portret cizgiləri ilə bağlı onun hazırladığı yazıların dərcini davam etdiririk:

***

1966-cı il sentyabrın 30-da erməni elm və mədəniyyət xadimlərinin Naxçıvan və Dağlıq Qarabağla bağlı XXIII qurultaya ünvanladıqları məktub respublika KP MK bürosunda müzakirə edildikdən sonra birinci katib Anton Koçinyan və Ermənistan Nazirlər Sovetinin sədri Badal Muradyanın birgə imzası ilə Moskvaya geniş cavab göndərildi. Cavabdan aydın olur ki, əslində elm və mədəniyyət xadimlərinin adından XXIII qurultaya göndərilmiş müraciət elə Ermənistan rəhbərliyinin fikridir. Onlar Sov.IKP MK-ya yazırdılar ki, Ermənistan SSR-in elm və mədəniyyət xadimlərinin müraciətdə qaldırdığı məsələ birinci dəfə deyil və bundan əvvəl də, xüsusilə son vaxtlar böyük alimlər qurupu, yaradıcılıq birlikləri, ziyalıların nümayəndələri, fəhlələr, kənd təsərrüfatı işçiləri, tələbələr və digərləri bu məsələ ilə bağlı Sov.IKP MK və Ermənistan KP MK-ya çoxsaylı analoci məktub və müraciətlər göndəriblər. Məktub və müraciət müəlliflərinin fikrincə, bu torpaqların Ermənistana qaytarılması xalqlar arasında dostluğu daha da möhkəmləndirəcək, Lenin milli siyasətinin təntənəsini bir daha nümayiş etdirəcək. Koçinyan və Muradyan belə bir əhval-ruhiyyənin Dağlıq Qarabağ vilayəti əhalisi arasında yayıldığını və bunun ifadəsi kimi vilayətdən Ermənistan KP MK-ya əhalinin müxtəlif qruplarının çoxsaylı müraciətlər göndərdiyini vurğulayırdı. Onlar xatırladırdılar ki, erməni xalqı və digər xalqlar üçün ərazi məsələləri həyati əhəmiyyət kəsb edir. Bunu onlar Ermənistan ərazilərinin 2/3  hissəsinin, guya Ermənistanın qərb vilayətlərinin Türkiyə tərəfindən “qəsb” edilməsi ilə izah edirdilər.

Koçinyan və Muradyan yazırdılar: “Indiki vaxtda Türkiyə tərəfindən ələ keçirilmiş torpaqların qaytarılması məsələsinin qoyulmasının məqsəduyğun olmadığı əhali tərəfindən anlayışla qarşılansa da, Qarabağ və Naxçıvanın Ermənistan SSR-ə qaytarılması ilə bağlı məsələlərdə biz ciddi çətinliklərlə üzləşirik”.

Sonra onlar Qarabağ və Naxçıvanın qədim dövrlərdən başlayaraq, ermənilərə məxsus olması barədə tarixi həqiqətə uyğun olmayan nümunələr gətirirdilər. Xüsusilə, XX əsrin 20-ci illərində bu regionla bağlı cərəyan edən tarixi proses erməni liderləri tərəfindən ustalıqla saxtalaşdırılırdı. Məsələn, onlar yazırdılar ki, “Dağlıq Qarabağın Azərbaycan SSR-ə verilməsindən 40 ildən artıq keçib”. Halbuki, Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun 1921-ci il iyulun 5-də qəbul etdiyi qərarda söhbət Qarabağın Dağlıq hissəsinin Azərbaycana verilməsindən deyil, onun Azərbaycanın tərkibində saxlanılmasından gedirdi. Bu fərqi şübhəsiz ki, Ermənistanın partiya və hökumət başçıları bilməmiş deyildilər. Moskvaya ünvanladıqları məktubda erməni xadimləri Dağlıq Qarabağın Ermənistana verilməsinin siyasi, hüquqi, iqtisadi və mədəni səbəblərini özlərinə sərf edən formada təqdim edir və bunun guya ermənilərlə azərbaycanlılar arasında dostluğu daha da möhkəmləndirəcəyinə əmin olduqlarını bildirirdilər. Onlar yazırdılar:

“Bizim fikrimizcə, Naxçıvan və Dağlıq Qarabağın Ermənistan SSR-ə verilməsi məsələsinə baxmaq və onu müsbət həll etmək məqsədəuyğun olaradı, bu halda, Naxçıvan MSSR yerləşdiyi ərazidə Ermənistan SSR-in tərkibində öz muxtariyyətini saxlaya bilər. Lakin əgər indiki mərhələdə Naxçıvanın Ermənistan SSR-ə qaytarılması məlum çətinliklə bağlıdırsa, Dağlıq Qarabağın Ermənistana qaytarılması hər hansı bir çətinliklə bağlı deyil və ağrısız olaraq həyata keçirilə bilər. Ehtimal olunan təhlükəyə arzuolunmaz reaksiyadan ehtiyatlanmağın heç bir əsası yoxdur. Belə ki, söhbət Azərbaycan SSR-in ərazisinin hansısa bir hissəsinin qoparılmasından getmir, milli muxtar vilayətin erməni əhalisinin eyni xalqdan olan müttəfiq respublika ilə qovuşmasından gedir. Bu məsələnin müsbət həlli mühüm siyasi əhəmiyyətə malik olacaq, bizim partiyanın, leninçi Mərkəzi Komitənin və Sov.IKP MK-nın Siyasi Bürosunun müdrik milli siyasətinin təntənəsinin yeni təzahürü olacaqdır”.

Novruz bayramının keçirilməsinə ilk rəsmi təşəbbüs

Lakin ermənilərin bu ciddi cəhdləri bir nəticə vermədi. 1965-ci ilin dekabr ayında Anastas Mikoyanın SSRI Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsindən uzaqlaşdırılması və Sov.IKP MK Siyasi Büronun üzvlüyündən azad edilməsi Sovet rəhbərliyində ermənilərin imkanlarını xeyli zəiflətdi.

60-cı illərin ortalarında Azərbaycan rəhbərliyi kəndir üzərində gəzən adamlar kimi çox ehtiyatlı hərəkət etməyə üstünlük verir və ehtiyatlı olmağa çalışırdı. Hətta yeni seçilmiş MK katibi Sov.IKPMK-ya yazırdı ki, rus şairi Yevgeni Yevtuşenko “Literatura Azerbaydjana” jurnalında dərc edilmək üçün öz şeirlərini göndərmişdi. Onlardan ikisi – “Çəllək haqqında ballada” və “Yalançı səslər” ideya cəhətdən zərərli olduğu üçün artıq nəşrə imzalanmış nömrədən çıxarılmışdı.

XXIII qurultaydan sonra onun qərarlarına, xüsusilə Naxçıvan və Dağlıq Qarabağda rəhbərlik erməni iddialarına qarşı dayanmağın bir vasitəsi kimi yanaşırdı. 1966-cı il aprelin 23-də Stepanakertdə keçirilən partiya fəalları toplantısında vilayəti respublikadan ayırmaq istəyən məlum Ulubabyan qrupunun əməlləri kəskin şəkildə tənqid edildi. 60-cı illərin ortalarında Novruz bayramının qeyd edilməsilə bağlı bəzi fikirlər səslənsə də, rəhbərlik hələ ki, bu addımı atmağa ehtiyat edirdi. Lakin 1965-ci ildə kiçik miqyasda olsa da, belə bir təşəbbüs göstərildi. Həmin il martın 17-də Azərbaycan KP MK katibliyinin qəbul etdiyi qərarda göstərilirdi: “Qırmızı Aypara” cəmiyyətinin Mərkəzi Komitəsinə tapşırılsın ki, ənənəvi bahar bayramını keçirmək üçün xüsusi tədbirlər üçün ehtiyat fomdundan Azərbaycan Demokrat Partiyasının Mərkəzi Komitəsinə 1500 manat vəsait ayırsın”. Bu, Novruz bayramının keçirilməsinə ilk rəsmi təşəbbüs idi.

Pişəvərinin dispanserin həyətində dəfni

Vəli Axundov respublika rəhbərliyinə gəldikdən sonra 1947-ci ildə müəmmalı şəkildə avtomobil qəzasında həlak olmuş və gizli şəkildə Buzovna qəsəbəsindəki vərəm dispanserinin həyətində dəfn edilmiş Cənubi Azərbaycan milli hökumətinin başçısı Seyid Cəfər Pişəvərinin məzarını Fəxri Xiyabana köçürməyə Moskvadan icazə ala bildi. “21 Azər” hərəkatının və Cənubi Azərbaycanda milli hökumətin qurulmasının 15 illiyi ərəfəsində Azərbaycan Demokrat Partiyasının Mərkəzi Komitəsi 1960-cı ilin fevralında respublika rəhbərliyindən Pişəvərinin məzarının Fəxri Xiyabana köçürülməsinə, onun seçilmiş əsərlərinin nəşrinə, Bakının küçələrindən və ya müəssisələrindən birinin Pişəvərinin adına verilməsinə yardımçı olmasını rica etmişdi. Lakin Sov.IKP MK SSRI ilə Iran arasında münasibətləri gərginləşdirəcəyini bəhanə edərək, Pişəvərinin seçilmiş əsərlərinin nəşrini və hər hansı küçə və ya müəssisəyə onun adının verilməsini məqsədəuyğun saymadı. Məzarın köçürülməsinə isə etiraz edilmədi. 1960-cı il martın 22-də Azərbaycan KP MK bürosu Pişəvərinin məzarının Fəxri Xiyabana köçürülməsi haqqında qərar qəbul etdi. Burada söhbət yalnız məzarın köçürülməsindən getmirdi, həm də Pişəvəriyə qəbirüstü abidə və ünvan verilməsindən gedirdi. Çünki 1947-ci ildə Pişəvəri gecə az sayda tərəfdarları tərəfindən vərəm dispanserinin həyətində dəfn edilmişdi, məzar torpaqla bir edilmiş, heç bir tanınma nişanı qoyulmadan onun üzərində güllər əkilmişdi. Əslində, Pişəvərinin cəsədini Fəxri Xiyabana gətirmək həm də onun məzarına qəbirüstü abidə qoymaq, bəlli bir ünvan vermək demək idi. 1965-ci ildə isə Axundov Pişəvərinin seçilmiş əsərlərinin nəşrinə icazə ala bildi və Bakı küçələrindən biri də onun adını daşımağa başladı. Bütün bunlara nail olmaq elə də asan deyildi.

Vəli Axundovun Mirzə Cəlillə bağlı addımları

Azərbaycanın ədəbi-mədəni həyatında 1966-cı ili Mirzə Cəlil ili adlandırmaq olar. Həmin il böyük yazıçının anadan olmasının 100 illiyi tamam olurdu və respublika rəhbərliyi bu yubleyi geniş və təntənəli şəkildə keçirməyi planlaşdırırdı. Bu məqsədlə Vəli Axundov 1966-cı il fevralın 9-da Sov.IKP MK-ya müraciət etdi. Akademiyanın vitse-prezidenti Məmməd Arif Dadaşzadənin təqdimatı əsasında hazırlanmış müraciətdə deyilirdi ki, Azərbaycan KP MK-nın qərarı ilə 1966-cı ilin oktyabrında dahi Azərbaycan yazıçısı, ictimai xadimi, məşhur “Molla Nəsrəddin” satirik jurnalının naşiri və redaktoru Cəlil Məmmədquluzadənin anadan olmasının 100 illiyini qeyd etmək nəzərdə tutulub. Axundov əlavə edirdi ki, Cəlil Məmmədquluzadənin ədəbi irsi və onun redaktoru olduğu “Molla Nəsrəddin” jurnalı hələ yazıçının sağlığında Azərbaycandan kənarda, türk xalqlarının yaşadığı Rusiyanın çoxlu şəhərlərində, Iran, Türkiyə, Əfqanıstan, Misir, Hindistan və digər ölkələrdə geniş yayılmışdı. O, böyük ədibin 100 illik yubleyi ilə bağlı Azərbaycan KP MK təsdiq etdiyi plan üzrə aşağıdakı tədbirlərin keçiriləcəyini Sovet rəhbərliyinin nəzərinə çatdırırdı:

– 1966-cı ilin oktyabrında Moskvada Ittifaqlar Evinin sütunlu zalında Cəlil Məmmədquluzadənin anadan olmasının 100 illiyinə həsr edilmiş gecə keçirilsin; Gecənin ümumittifaq radiosu və televiziyası ilə translyasiyası təşkil edilsin; Gecənin keçirilməsi Azərbaycan SSR yubiley komitəsi ilə birlikdə SSR Yazıçılar Ittifaqına və Mədəniyyət Nazirliyinə tapşırılsın;

– SSRI Nazirlər Soveti yanında Mətbuat Komitəsinə tapşırılsın ki, Cəlil Məmmədquluzadənin əsərlərinin xarici dillərdə nəşri məsələsinə baxsın;

– Moskvada ümumittifaq “Bilik” cəmiyyətinin mərkəzi mühazirə salonunda Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında mühazirələr təşkil edilsin;

– Cəlil Məmmədquluzadə və yubiley tədbirləri haqqında “Pravda”, “Izvestiya”, “Literaturnaya qazeta”, “Sovetskaya kultura” qəzetlərində, “Drujba narodov”, “Novıy mir”, “Znamya” jurnallarında, eyni zamanda SITA və APN xətti ilə məqalələr və məlumatlar dərc edilsin;

– Cəlil Məmmədquluzadənin seçilmiş əsərlərindən ibarət “Oqonyok” və “Krokodil” jurnallarına əlavələr nəşr edilsin;

– Üzərində Cəlil Məmmədquluzadənin portreti olan yubiley poçt markaları buraxılsın;

– Yubiley tədbirlərində iştirak etmək üçün qardaş müttəfiq respublikaların, Moskva və Leninqradın, eyni zamanda hər birindən bir nəfər olmaqla, Çexoslavakiya, Polşa, Bolqarıstan, Türkiyə, Iran, Birləşmiş Ərəb Respublikası, Hindistan, Əfqanıstandan nümayəndələr dəvət edilsin.

Vəli Axundov Mirzə Cəlilin 100 illik yubileyini təntənəli keçirilməsi üçün mümkün olan hər şeyi etməyə çalışdı.

Erməniləri Mirzə Cəlilin hansı əsəri hiddətləndirmişdi?

Respublikanın böyük rayonlarından biri kimi Astraxan bazar rayonu böyük ədibin adına verildi. Yubiley ərəfəsində onun əsərləri nəşr edildi. Abbas Zamanov tərəfindən tərtib edilmiş Mirzə Cəlilin seçilmiş əsərlərinin iki cildliyi Əziz Şərifin tərcüməsi və öz sözü ilə rus dilində nəşr edildi. Ədibin seçilmiş əsərlərində “Usta Zeynal” hekayəsinin nəşri ilə bağlı bəzi mübahisəli məqamlar meydana çıxmışdı. Hələ əvvəllər Mirzə Cəlilin əsərləri nəşr olunanda ermənilər “Usta Zeynal” hekayəsində şagird Qurbanla usta arasında olan söhbətin bu hissəsini özlərinə təhqir kimi bilib, onu sətri tərcümə kimi Moskvaya göndərirdilər. Həmin hissə belə idi:

– Usta, bizim xozeyin yaxşı adama oxşayır…

– Yaxşı adam olmağına yaxşı adamdı, Allah dinə gətirsin, amma nə fayda?!

– Usta, mən bir şeyə mat qalıram. Yaxşı, ermənilər bu aşkarlıqda zadı görmürlər? Bunlar niyə bəs dönüb müsəlman olmurlar?

– Qurban, bu işlər hamısı sirdir. Bunları heç başa düşmək olmaz. Bunlar hamısı Allah yanındadır; çünki belə fərz elə, ermənilərin hamısı çönüb müsəlman oldu, onda cəhənnəmi Allah kimdən ötrü xəlq edib və kimi ora göndərəcək. Bu işlərin hamısının bir səbəbi var, yoxsa ermənilər çox yaxşı bilir ki, bizim məssəbimiz olarınkından yaxşıdı. Xudayi-əzz və cəll.

– Usta, sözünü də kəsirəm, hələ deyək ki, müsəlman olmasınlar, mən bilmirəm bunlar hələ necə donuz ətindən irgənmirlər.

Usta Zeynal malanı qoydu taxtanın üstünə, çubuğu götürüb başladı doldurmağa və alçaq səslə dedi:

– Mən deyirəm ki, ermənilər özləri də görürlər ki, donuz ətində bir ləzzət yoxdu; amma boyunlarına düşüb, ta əl çəkə bilmirlər… Və bir də bunlar hamısı Allahdandır”.

(Ardı var)