Telekanallara ayrılan 2 milyon nəyə xərclənəcək?

qulu meherremliQulu Məhərrəmli: «Bu vəsait ictimai müzakirə, maarifləndirici, tarix və mədəniyyətlə bağlı proqramlara istiqamətlənsə, yaxşı olar»

Milli Televiziya və Radio Şurası (MTRŞ) prezidentin ehtiyat fondundan bu quruma ayrılmış iki milyon manatın bütün respublikada yayımlanan özəl televiziya kanalları arasında (ATV, ANS TV, Xəzər TV, Space TV, Lider TV, Region TV) bərabər bölünməsi barədə qərar qəbul edilib.

Telekanallardakı mövcud vəziyyət, verilişlərin səviyyəsi, bu məkanın getdikcə daha çox şoulaşması son dövrlərdə daim aktuallığını qoruyub saxlayan müzakirə mövzusu olub. Istər  film, teleserial və ya cizgi filmlərinin hazırlanmasında, istərsə də günün aktual, problem yüklü mövzularına baxışda aşkar müşahidə olunan qeyri-peşəkarlıq cəmiyyətin qınağına tuş gəlir. Sponsor hesabına reallaşan telelayihələr və verilişlərin səviyyəsinin qaldırılmasına görəsən, sözügedən  yardım təsir edəcəkmi? 2 milyon manat vəsaitdən televiziya  kanalları peşəkarlıq baxımından istifadə edə biləcəkmi?

Tanınmış telejurnalist, professor Qulu Məhərrəmli prezident sərəncamıyla telekanallara ayrılan yardımı müsbət addım hesab edir. Mütəxəssis televiziya məkanında şou verilişlərinə meylin əsas səbəbini onun reklam gətirməsi və bununla da telekanalın özünü idarə etməsində görür:

“Teleradio Şurası ilə telekanallar arasında bu vəsaitin hansı tip verilişlərə sərf olunması məsələsi müzakirə oluna bilər. Fikrimcə, bu vəsait ictimai müzakirə, maarifləndirici  proqramlara, tarix və mədəniyyətlə bağlı silsilə proqramlara istiqamətlənsə yaxşı olar. Bu tip proqramlar çox gəlir gətirməsə və reklam bazarında sifarişli pul gətirən verilişlər sayılmasa da, büdcədən ayrılan vəsait hesabına müəyyən müddət ərzində verilişlər hazırlamaq olar. Araşdırma proqramlarına bu gün böyük ehtiyac var. Telekanallarda jurnalist işi, araşdırma, publisist yanaşma azalıb. Jurnalist işi görünmür, yaxşı rejissor axtarışı duyulmur. Ona görə də bunları stimullaşdırmaq üçün sözügedən vəsait  çox vacibdir. Onu da çox səmərəli xərcləmək gərəkir. Çünki seriallarla bağlı onlara mövzu verilmədiyini, uyğun üsullar tapılmadığını gördük. Ona görə də uğurlu seriallar meydana çıxmadı. Bir-ikisini yaxşı adlandırmaq olar, lakin onlara ayrılan vəsaitin səmərəli xərcləndiyini demək olmaz. Iki milyondan ibarət birdəfəlik vəsaitin təyinatına gəlincə, hazırda ayrılan vəsait az olsa da, onu səmərəli xərcləmək mümkündür”.

Nigar