“Azərsu”nun yeni rəhbəri də köhnədən fərqlənmir

Mirvari Qəhrəmanlı: «Azərsu»da rəhbərliyin dəyişməsi prosesləri daha da mürəkkəb duruma saldı»

Bir neçə gün əvvəl “Azadlıq” radiosunun “Azərsu” ASC-nin su və kanalizasiya xətlərinin çəkilişində yol verdiyi maxinasiyalarla bağlı dərc etdiyi araşdırmada qurumun keçirdiyi tenderləri daha çox diqqəti çəkib. Daha doğrusu, “Azərsu” tikinti-quraşdırma işlərinə cəlb etdiyi özəl şirkətləri tenderlə yox, sorğu ilə seçir. Podratçılar arasında bəzi şirkətləri “Azərsu” ASC-in prezidenti Qorxmaz Hüseynovun qohumları yaradıb. Diqqət çəkən məqam isə ondan ibarətdir ki, “Azərsu”nun seçdiyi podratçıların əksəriyyəti quruma yeni prezident təyin olunandan sonrakı aylarda qeydiyyatdan keçiblər. Bakı və qəsəbələrinin su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılmasına cəlb olunan şirkətlərin bəziləri də “Azərsu” prezidenti Qorxmaz Hüseynovun qaynına, digər yaxın qohumlarına məxsusdur.
Vaxtilə “Azərsu”da baş verənlər qurumun əvvəlki prezidenti Nizaməddin Rzayevin adı ilə bağlansa da, yeni prezidentin təyin olunması heç nəyi dəyişməyib. Əksinə, qurumun yeni rəhbəri köhnədən qalma problemləri həll etmək əvəzinə daha çox öz maraqları üçün çalışır.
“Azərsu” şirkətinin fəaliyyəti ilə bağlı araşdırma aparan hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı qurumun keçmiş prezidenti Nizaməddin Rzayevin vaxtında mövcud problemləri qaldırdıqlarını deyir. Əsas problemlər Oğuz-Qəbələ su kəməri ilə bağlı olub. Artıq bununla bağlı aparılan araşdırmanın nəticələri yaxın günlərdə mətbuata açıqlanacaq. Məlum olub ki, kəmər nəzərdə tutulduğu həcmdə əhalini su ilə təmin etmir. Başqa bir problem isə kəmərin çəkilişindən zərər çəkmiş 3257 nəfərin düşdüyü ağır durumdur.
Hüquq müdafiəçisinin sözlərinə görə, Nizaməddin Rzayevin vaxtında heç bir alqı-satqı olmadan, rəsmi sənədləşdirmə aparılmadan camaatın torpağı yararsız hala salınıb. Artıq dörd ildir insanlar o torpaqdan fayda götürə bilmir. “Azərsu”da rəhbərliyin dəyişməsi prosesləri daha da mürəkkəb duruma saldı: “Məhkəmədə sakinin torpağına görə 40 min manat məbləğdə kompensasiya ödənməsi ilə bağlı prosesi udduq. Amma qərar icra olunmadı. ”Azərsu” bir neçə ay əvvəl bu insanlara kompensasiya, yaxud torpaq pulu ödəməkdən imtina edir. Bu qədər adamın torpağı əlindən alınıb. O torpaqdan nə qədər pul qazanacaqdısa, o da əlindən çıxıb. “Azərsu” deyir ki, mən pul verməli deyiləm. Ancaq Nazirlər Kabinetinin qərarına görə, sifarişçi qurum “Azərsu”du və bütün məsuliyyət onun boynundadır. Bilmək istəyirik ki, bu dövlətdə torpaqlarını itirmiş insanlara yiyə çıxan olacaq, ya yox”.
M.Qəhrəmanlı “Azərsu” rəhbərliyinə müraciət hazırladıqlarını da vurğuladı. Buna səbəb “Azərsu”nun yerinə yetirmədiyi öhdəliklərdir. Belə ki, qurum Bakının bütün rayonlarını 24 saat fasiləsiz su ilə təmin edəcəyi ilə bağlı öhdəlik götürmüşdü. Ancaq paytaxtın heç bir rayonunda fasiləsiz su yoxdur. Bununla bağlı aparılan sorğunun nəticələri də yaxın günlərdə açıqlanacaq. Hüquq müdafiəçisi müraciətdə Oğuz-Qəbələ-Bakı kəmərinin çəkilişi zamanı zərər çəkmiş insanların problemlərinin də yer aldığını qeyd etdi.
Fizzə