İlham Əliyev Kərəm Həsənovun səlahiyyətlərini əlindən aldı

aliyev-keremhesenovÖlkə başçısı İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərini dayandıran fəramn verib.

Mayın 19-da imzalanan “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanda göstərilir ki, dövlət əmlakının özəlləşdirilməsi bundan sonra prezidentin qərarları ilə həyata keçiriləcək.

Nazirlər Kabinetinə tapşırılır ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” yeni qanun layihəsini (özəlləşdirilən dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmaqla) iki ay müddətində hazırlayıb ölkə başçısına təqdim etsin.

Bundan başqa, Nazirlər Kabineti Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında özəlləşdrilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ilə birlikdə respublika prezidentinə təqdim etməlidir. Cari ildə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təklifləri isə bir ay müddətində prezidentə təqdim etməlidir.

Qeyd olunur ki, fərman qüvvəyə mindiyi gündən Əmlak Məsələləri Dövlət Komitəsi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna və 2000-ci il 10 avqust tarixli 383 nömrəli prezident fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar qəbul edilməsini dayandırsın.

Fərmanda bu qərarın “yeni iqtisadi reallıqda dövlət əmlakının qorunması və səmərəli idarə olunması məqsədi ilə” verildiyi göstərilir və belə əsaslandırılır ki,“hazırda dünyada gedən iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasını, dövlət əmlakının idarə edilməsi sahəsində qarşıda duran yeni vəzifələrin yerinə yetirilməsini və bu sahədə əlavə tədbirlərin görülməsini zəruri edir”.

Beləliklə, uzun müddətdir indiki hakimiyyətin “ağırçəkili” fiqurlarından biri kimi tanına Kərəm Həsənovun da qürubunun başladığını demək olar. bundan sonra o, özəlləşdirmə səlahiyyətləri əlindən alınmış komitə sədri kimi hansı əmlak məsələləri ilə məşğul olacaq, bəlli deyil. Bəziləri artıq bu fərmanı Kərəm Həsənova da bütün səlahiyyətləri əlindən alınmış nəqliyyat naziri Ziya Məmmədovun aqibətini yaşatmaq kimi şərh ediblər.