NİDA hərəkatının üzvü, gənc siyasi məhbus İlkin Rüstəmzadənin həbsindən 3 il keçdi. Bununla əlaqədar AXCP mətbuat xidməti İlkin Rüstəmzadə haqqında videoçarx hazırlayıb. Videonu partiya sədri Əli Kərimli özünün feysbuk səhifəsində belə bir təqdimatla paylaşıb: «İlkin bəy bu ölkənin ən savadlı, qətiyyətli, prinsipial gənclərindən biridir. Ona görə də rejimin xüsusi “qara siyahı”sındadır. Onu 2013-cü ilin yanvarında Bakının mərkəzində – Fəvvarələr Meydanında “Əsgər ölümlərinə son!” tələbi ilə keçirilmiş mitinqin əsas təşkilatçısı kimi şərləyərək həbs ediblər. Təəssüf ki, bəzən sabahın işıqlı gələcəyinə gedən yol bu günün acılarından keçir. Biz ölkəmizdə həmin dövrü yaşayırıq. İlkin bəy haqda bu qısa videoya baxın. Bu igid gəncimizlə fəxr edək, onun və bütün nahaqdan həbs edilmiş insanların azadlığa çıxması üçün çağırışlara hamımız qoşulaq!» Videoçarxın məzmunu isə belədir: “Hər şey belə başladı. “Azadlıq” qəzeti 2013-cü ilin yanvarında Milli Ordunun öldürülən Ceyhun Qubadov adlı əsgəri barədə material yaydı. Əsgər anasının təqdim etdiyi sənədlər və fotolar əsaslı şübhələr yaradırdı ki, onu özümüzünkülər hansısa səbəbdən qətlə yetiriblər. Və… İlkin Rüstəmza danışır (onun o vaxt verdiyi bir açıqlamanın videoyazısı): “İnsanlarda artıq kütləvi qəzəb yayılmağa başladı. Mən həmin xəbərlə bağlı 3 link paylaşdım. Birinci link paylaşdım, sonra bir dənə yazı paylaşdım, sonra bir dənə status paylaşdım və ondan sonra dedim ki, yəni bununla olan iş deyil, mütləq aksiya lazımdır və aksiyanı yaratdıq”. Tələbə İlkin Rüstəmzadə 2013-cü ilin siyasi aksiyalarını sosial şəbəkələr üzərindən təşkil edən əsas simaya çevrildi. Aksiyaların uğuru onun nüfuzunu artırmaqla yanaşı hökümətin hədəfinə də çevirdi. Buna görə də hökümət ona oxuduğu universitetdə, yaşadığı yerdə çoxlu problemlər yaratmaqda idi. Amma İlkini susdurmaq olmurdu, ard-arda onu müxtəlif qondarma ittihamlarla inzibati formada həbsə də atdılar. Lakin hər belə cəzadan sonra onun sözünün kəsəri daha da artır, mövqeyi daha da bərkimiş olurdu. İlkin Rüstəmzadə: “Həbsdir, şantajdır – heç nə bizi qorxutmur. Nə istəyirlər eləsinlər. O ki qaldı qorxmaq, çəkinmək, yoxdur elə şeylər. Elə bilməsinlər ki, qorxacağıq. Burdan da deyirəm, çəkinməyəcəyik. Vəssalam”.
Nəhayət artıq bir gün yetişdi ki, İlkinin azadlıqda qalması hakimiyyət üçün dözülməz oldu və o, qondarma cinayət işi əsasında həbsə atıldı. NİDA Vətəndaş Hərəkatının üzvü olan İlkin 3 ildir həsbdədir. Ona bir neçə əqidədaşı ilə birlikdə çox ağır və ədalətsiz cəza kəsiblər: 8 il. AXCP sədri Əli Kərimli İlkin Rüstəmzadəyə və onun dostlarına verilən ədalətsiz hökmü belə dəyərləndirir: “Gənclərə qarşı heç bir ciddi əsaslandırılmış ittiham yoxdur. Gənclər yeni bir mərhələ başladıblar mübarizədə. Bu mübarizə hakimiyyəti narahat edib. Ona görə də məqsəd gəncləri qorxutmaqdır, onları ictimai-siyasi proseslərdən çəkindirməkdir. Belə qurama məhkəmə işləri ilə çox yaxşı haldır ki, gənclərimizi qorxutmaq mümkün deyil. Gənclərimiz yenə ayaqdadırlar. Bu, təbiətin qanunudur, gənclərin qarşısını kəsmək mümkün deyil. Gənclərlə savaşanlar məğlubiyyətə məhkumdur.” İlkin Rüstəmzadə: “Biz cinayətkar deyilik, biz quldur deyilik. Bu hakimiyyət səhv taktika tutub. Normal ölkələrdə cinayətkarları həbs edirlər, gəncləri dəstəkləyirlər. Bizdə gəncləri həbs edirlər, cinayətkarları dəstəkləyirlər”. Nə ədalətsiz ağır cəza, nə məhbəsdə vaxtaşırı üzləşdiyi haqsızlıq İlkinin nikbinliyini sarsıda bilmir. O, zindandan yazığı məqalələrlə, bayıra ötürdüyü mesajlarla demokratik düşərgəyə qoşulmaq istəyən çox sayda insan üçün ləyaqətli bir nümunə yaratmaqdadır. Hər kəs özü qərar versin, kimdir əsl məhkum? Ruhi və mənəvi azadlığını heç bir cəza ilə məhdudlaşdırılmayan İlkin, yoxsa onun kimi mübarizə insanlarını ləkələməyə görə hər cür mütiliyə boyun əyən kürsü sahibləri?”.