London dünyanın ən çoxmillətli, çoxmədəniyyətli şəhərlərindən biridir. Hətta belə demək mümkündür ki, bütün dünya Londonda təmsil olunur.
2007-ci ildə Londonun keçmiş meri Ken Livingstone türk və azərbaycanlı icması üçün təşkil etdiyi qəbul zamanı Londonun hətta New York-dan daha etnik zəngin olmasını həvəslə qeyd edirdi və buna görə fəxr etdiyini bildirirdi.
Londonun hazırkı meri isə elə etnik azlığın nümayəndəsidir. May ayının əvvəli keçirilmiş yerli seçkilərdə Leyboristlər Partiyasından, Pakistan əsilli Sadiq Khan qalib gələrək Londonun meri oldu.
Özü Londonda doğulsa da, Sadiq Khan-ın valideynləri 1960-cı illərdə Pakistandan Londona köçüblər.
Lakin Londonun ən böyük etnik azlığını pakistanlılar təşkil etmir. 2011-ci ildə aparılmış əhalinin siyahıyaalanmasına görə, Londonda yerlilərdən sonra ən böyük icma hindistanlılardır.
2011-ci il siyahıyaalınmasına görə, artıq ağ dərili britaniyalılar Londonda azlığa çevriliblər. Onlar təxminən 8.2 milyon əhalisi olan şəhərin 45 faizini təşkil edirlər.
Londonluların təxminən 37 faizi isə xaricdə doğulanlardır.
Londonun 5 ən böyük etnik azlığının siyahısını Vüsal Həmzəyev hazırlayıb.
Hindlilər
Hindistandan köçərək Londonda məskunlaşmış insanlar ümumi əhalinin təxminən 7 faizini təşkil edirlər.
Hindistanlıların Böyük Britaniyaya köçü əsasən 18-19 –cu əsrlərdən başlayıb. East İndia Şirkəti gəmilərində işləmək üçün Hindistandan insanları işə götürürdü.
Bu insanlar isə daha sonra Londonda məskunlaşmağa qərar verirlər.
Daha sonrakı axın isə İkinci Dünya Müharibəsindən sonra, 1950 və 60-cı illərdə başa verib. Belə axının əsas səbəbi isə müharibədən sonra ölkədə yaranmış işçi qıtlığı idi.
Hindlilər əsasən Londonun qərbində, xüsusən isə Harrow, Hounslow, Brent və digər ərazilərdə yaşayırlar.
Hindlilər sosial və maddi baxımdan digər milli azlıqlarla müqayisədə daha yaxşı vəziyyətdədirlər, bunu Joseph Rowntree Fondunun araşdırması da təsdiq edir.
Polşalılar
Britaniya Dövlət Statistika İdarəsinin məlumatına əsasən Londonda 150 mindən çox polşalı yaşayır.
Polşalıların Britaniyaya miqrasiyası, əsasən 2004-cü ildə bu ölkənin Avropa İttifaqına qoşulmasından sonra sürətlənib.
Bu, İkinci Dünya Müharibəsindən sonrakı ən böyük axındır.
Britaniya Daxili İşlər Nazirliyinin statistikasına əsasən, 2004-2007-ci illər arasında işləmək üçün Britaniyaya 400 mindən çox polşalı gəlib.
Polşalılar əsasən Londonun qərbində, Ealing bölgəsində yaşayırlar.
Polşa dili Londonda ən çox eşidilən xarici dillərdəndir. Bu dili demək olar ki hər gün küçədə, avtobusda və ya qatarda eşitmək mümkündür.
İrlandlar
İrlandiya adası Böyük Britaniyaya yaxın olduğundan və İngiltərə ilə İrlandiyanın tarixi siyasi bağlarına görə irlandlar müxtəlif vaxtlarda Britaniyanın fərqli şəhərlərinə köçərək məskunlaşıblar.
Lakin irlandiyalıların Britaniyaya kütləvi axını 1840-cı illərdəki aclıq dövrünə təsadüf edir.
Daha sonra 20-ci əsrin ortalarında əsasən tikinti və sənaye sahəsində işləmək üçün Britaniyaya köçmüş irlandlar daha çox London, Liverpool, Manchester və bir sıra başqa sənaye şəhərlərində məskunlaşıblar.
2011-ci il siyahıyaalınmasına görə, Londonda 130 min irland yaşayır və bu, ümumi əhalinin təxminən 1.6 faizini təşkil edir.
İrlandlar demək olar ki, Londonun hər tərəfinə yayılıblar. Lakin əsasən Cricklewood, Islington, Croydon və bir sıra digər ərazilərdə yaşayırlar.
Londonda gəzişərkən tez-tez İrlandiya bayrağının dalğalandığı pablara rast gəlmək mümkündür.
Nigeriyalılar
Londondakı nigeriyalılar əsasən Peckham, Thamesmead, Abbey Wood və digər ərazilərdə məskunlaşıblar.
Burada Nigeriya icmasına aid ərzaq dükanlarına, restoranlara və icma mərkəzlərinə rast gəlmək olar.
Nigeriyalılar Londondan savayı əsasən Liverpool və başqa sənaye şəhərlərində yaşayırlar.
Nigeriyalıların Londona miqrasiya tarixi 200 ildən çoxdur. Onlar əsasən qul ticarəti nəticəsində Britaniyada məskunlaşmağa başlayıblar.
Nigeriya 1960-cı ildə Britaniyadan müstəqilliyini elan edir və bundan sonra ölkədə baş qaldırmış vətəndaş müharibəsi nəticəsində Nigeriyadan xeyli sayda insan ölkəni tərk edərək Britaniyaya köçür.
Ondan sonrakı Nigeriya axını isə 1980-ci illərdə neft bumunun başa çatmasından sonrakı iqtisadi çətinlik dövründə baş verib.
Hazırda Londonda 100 mindən çox nigeriyalı yaşayır.
Pakistanlılar
Londonun hazırkı meri Sadiq Khan-ın da aid olduğu Pakistan icması, Londonun beşinci ən böyük etnik azlığıdır.
2011-ci ildə keçirilmiş əhalinin siyahıyaalanmasına görə Londonda 112 min pakistanlı yaşayır.
Londondakı pakistanlılar əsəan İslam dininə etiqad edir və urdu və ya pəncab dilində danışırlar. Onların Londonda bir neçə məscidləri fəaliyyət göstərir.
Londondakı pakistanlılar əsasən topdan və ya pərakəndə satışla məşğuldurlar.
Pakistanlılar əsasən Londonun şərqində, Redbridge, Newham, Waltham Forest bölgələrində yaşayırlar.
(bbc azəri)