Elçin Sadıqov: «Qiyas özünü yaxşı hiss etmirdi»
«Bədən xəsarətləri xüsusilə Bayram Məmmədovun üzərində çox bilinirdi»
“Kəskin başağrıları var idi və bədənində vurulan yerlər ağrıyırdı. Hiss olunurdu ki, Qiyas özünü yaxşı hiss etmirdi. Bədən xəsarətləri xüsusilə Bayram Məmmədovun üzərində çox bilinirdi. Onun biləklərində, dizlərində, bədənində və ayaqlarında qapalı və açıq yaralar var idi”. Bu sözləri “Amerikanın Səsi”nə müsahibəsində dünən gənc faəllar Qiyas Ibrahimov və Bayram Məmmədovla görüşən vəkil Elçin Sadıqov deyib.
Xatırladaq ki, mayın 10-da həbs edilən gənc fəalların işgəncəyə məruz qalması barədə məlumatı Bayram Məmmədovun izahatı əsasında vəkil Elçin Sadıqov öz Facebook səhifəsində yaymışdı. Elçin Sadıqov “Amerikanın Səsi”nə müsahibəsində Bayram Məmmədovun izahatı Bakı Istintaq Təcridxanasında yazdığını bildirib.
“Qanunvericilik imkan verir ki, vəkil izahat ala bilsin. O, izahatı könüllü, hətta öz istəyi ilə yazdı və məndən xahiş etdi ki, mən onu dövlət orqanlarına göndərim və ictimailəşdirim”- deyə Elçin Sadıqov bildirib.
Olayla bağlı beynəlxalq qurumlardan bəyanatların verildiyini bildirən vəkil bu gün (dünən – red.) ombudsmana da müraciət etdiklərini deyib. Onun sözlərinə görə, mayın 12-də məhkəmənin də işgəncələrin dərhal araşdırılması ilə bağlı qərar qəbul etməsinə baxmayaraq, bu günədək prokurorluqdan heç bir xəbər yoxdur.
“Bayram Məmmədov və Qiyas Ibrahimovun bədənindəki işgəncə izlərini dünən görmüşəm və bununla bağlı Bakı Istintaq Təcridxanasının rəhbərliyinə müraciət etmişəm. Bildirilib ki, bizim görüşdən sonra həkim onları müayinə etməlidir”.
Vəkilin sözlərinə görə, onların hələlik Bakı Istintaq Təcridxanasında işgəncəyə məruz qalma ehtimalları yoxdur. Elçin Sadıqov işgəncələrin əsasən 12-ci Polis Bölməsində, Bakı Şəhər Baş Polis Idarəsində və Nərimanov Rayon Polis Idarəsinin müvəqqəti saxlama yerində verildiyini bildirib.
“Dövlət qurumlarına həm rəsmi, həm də ictimai müraciət etmişəm və xahiş etmişəm ki, araşdırsınlar. Eyni zamanda beynəlxalq təşkilatlara da müraciət etmək istəyirəm ki, heç bir hal işgəncə və insan ləyaqətini alçaldan rəftara əsas verə bilməz. Ona görə də hamımız bu məsələnin üzərinə ciddi düşməliyik ki, bu məsələ ədalətli araşdırılıb həllini tapsın”- deyə Elçin Sadıqov məsələnin həllini tapmadığı təqdirdə Avropa Məhkəməsinə müraciət edəcəklərini bildirib.
Xatırladaq ki, gənc fəallar – Bayram Məmmədov və Qiyas Ibrahimov mayın 10-də saxlanılıb. NIDA Vətəndaş Hərəkatı onların mayın 10-da Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə saxlanıldığını açıqlamışdı. Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılmışdı. Abidənin üzərində iki tərəfdən ağ boya ilə “Qul bayramınız mübarək!” sözləri yazılmışdı.
Mayın 12-də Xətai Rayon Məhkəməsi gənc fəallar haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib. Daxili Işlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb.