Türkiyə amili Sovet rəhbərliyini Naxçıvanın statusunda hər hansı dəyişiklik etməkdən çəkindirdi
Vaxtilə on il Azərbaycana rəhbərlik etmiş Vəli Axundovun anadan olmasının 100 illiyidir. Bu illərdə nə baş vermişdi? Ötən əsrin 60-cı illəri insanların və tarixin yaddaşında necə qalıb? Ədəbiyyatda, sənətdə, mədəniyyətdə, sosial və siyasi həyatda nələr olmuşdu? Vəli Axundovun özündən əvvəlki və özündən sonrakı rəhbərlərdən fərqli və oxşar cəhətləri hansılardır? Bütün bu suallara cavab almaq üçün tanınmış tarixçi alim, XX əsr tariximizin ən maraqlı salnaməsini yaradan professor Cəmil Həsənliyə müraciət etdik. Vəli Axundovun həyat hekayəsi və siyasi portret cizgiləri ilə bağlı onun hazırladığı yazıların dərcini davam etdiririk:
Vəli Axundov ermənilərin iddialarını alt-üst etdi
Dağlıq Qarabağın bir qrup partiya, sovet və mədəniyyət işçilərinin Moskvaya şikayətinin bütün detalları yoxlandıqdan və Stepanakertdə aparılan izahat işlərindən sonra Vəli Axundov 1965-ci il sentyabrın 23-də Sov.IKP MK-ya 7 səhifəlik geniş məktub göndərdi. Orada göstərilirdi ki, vilayətin faydalı qazıntılarından istifadə ilə bağlı qaldırılan məsələ respublika orqanlarından yox, bilavasitə Ittifaq orqanlarından asılı məsələdir. Məktubda qeyd edilən faydalı qazıntıların ehtiyatları kifayət qədər olmadığından respublika orqanlarının bu istiqamətdə olan təklifləri SSRI Plan Komitəsi tərəfindən təxirə salındı.
Sonra Axundov suvarma qurğuları və suvarılan torpaqların sahəsinin genişləndirilməsi ilə bağlı görülən işlərdən danışır, vilayətdə ümumi daxili məhsulun aşağı duşməsinin səbəblərinin SSRI-də təbii ipək xammalına ehtiyacın azalması ilə bağlı olduğunu bildirirdi.
Vəli Axundov yazırdı ki, “məktub müəlliflərinin səriştəsizliyi bu məsələlərə onların əsassız şərhlərini doğurub”. Xalça məhsulları istehsalının azalması da eynilə belə yanaşmadan qaynaqlanır. Axundov respublika orqanlarının Dağlıq Qarabağın inkişafı ilə bağlı az vəsait ayırmaları məsələsində məktub müəlliflərinin fikirlərini əsassız hesab edirdi. O, qeyd edirdi ki, 1965-ci ildə vilayətə ayrılan kapital qoyuluşu ötən illə müqayisədə 80 faiz artıqdır. Rəqəmlərə istinadən Axundov yazırdı ki, 1961-1965-ci illərdə DQMV-nə dövlət kapital qoyuluşunun həcmi 12,8 milyon manat, əhalisi ondan 22 faiz çox olan Naxçıvana isə 12,3 milyon manat olmuş, həmin illərdə Dağlıq Qarabağda 48 min kv. metr, Naxçıvanda isə 37,5 min kv. metr yaşayış sahəsi istifadəyə verilmişdir.
Bir sözlə, Vəli Axundov Moskvaya yazdığı məktubda Qarabağ ermənilərinin irəli sürdüyü bütün iqtisadi və sosial iddiaları alt-üst etdi. Vilayətdə kargüzarlıq işlərində erməni dilindən istifadə edilməməsinə gəldikdə, bunu birinci katib məktub müəlliflərinin yerlərdə vəziyyəti pis bilmələri ilə izah edirdi. O, qeyd edirdi ki, vilayətin rayonlarında bütün işlər erməni dilində, yuxarı instansiyalara verildiyi üçün vilayət partiya komitəsi və icraiyyə komitəsinin əsasən erməni dilində keçirilən iclaslarının protokolu isə rus dilində yazılır.
Ermənilərin vilayətdə ədəbi-bədii curnal tələblərinə gəldikdə Bakıda “Qrakan Adrebedjan” jurnalı olduğu halda, Axundov respublikada ikinci erməni dilli jurnala ehtiyac olmadığını bildirirdi. O, eyni zamanda, nəşr məsələlərində də məktub müəlliflərinin haqlı olmadığını bildirir və qeyd edirdi ki, vilayətdə bədii yaradıcılıqla məşğul olan 9 nəfər olduğu halda, onların 6 nəfərinin son iki ildə 31,5 çap vərəqi həcmində 30 min tirajla əsərləri çap olunub.
Axundov vilayət partiya komitəsinin qərarı ilə Ermənistan nümayəndələrinin Qarabağa gəlişlərinə qadağanlıq qoyulmasın da əsassız hesab edirdi. O yazırdı ki, ardıcıl olaraq Bakıdan və Ermənistandan Dağlıq Qarabağa elm və incəsənət xadimləri gəlirlər və onlar orada çox mehribanlıqla qarşılanırlar. Bunu Axundov vilayətə tez-tez səfər edən respublika rəhbər partiya və sovet işçilərinə də aid edirdi. Buna nümunə olaraq, o, ikinci katib Elistratovun Stepanakertə son səfərini xatırladırdı. Eyni zamanda, DQMV-in yaranmasının 40 illiyi tədbirləri keçiriləndə, 1963-cü ilin yayında Axundov başda olmaqla, Azərbaycan rəhbərliyi tam tərkibdə Dağlıq Qarabağ səfər etmişdilər.
Ümumiyyətlə, Axundov ermənilərin yazdıqları kollektiv məktubun əvvəlkilər kimi böhtan xarakterində olduğunu Sov.IKP MK-nın nəzərinə çatdırırdı. Yeri gəlmişkən, Yelistratovun iştirakı ilə Stepanakertdə keçirilən vilayət partiya komitəsinin büro iclasından sonra şəxsi işinə tikilməklə şiddətli töhmət almış Baqrat Ulubabyan Yerevana köçməli oldu, Stepanakert şəhər icraiyyə komitəsinin sədri vəzifəsindən azad edilmiş Sergey Şakaryan və ciddi xəbərdarlıq edilmiş 59 nömrəli tikinti idarəsinin rəisi Arkadi Manuçarov isə Ermənistana qaçmışdılar.
Zarobyanın soyqırım iddiaları
Vəli Axundovun məktubu çox məntiqli və bir qədər də sərt yazılmışdı. O, məktub müəlliflərinin öz iddialarında haqlı olmadıqlarını demək olar ki, hər sətirdə hiss etdirirdi. Yerevanın əlində Dağlıq Qarabağda vasitəyə çevrilmiş bir sıra vəzifəli şəxslərin cəzalandırılması və xüsusilə, ideoloji sahələrdə vəzifələrdən uzaqlaşdırılması müvəqqəti olaraq vilayətdə sakitlik yaratdı. Mərkəz Vəli Axundovun dəlilləri ilə razılaşmalı oldu. Toplanan gizli materiallar və ermənilərin özlərinin anonim və açıq formada ötürdükləri materiallar Dağlıq Qarabağda hazırlanan məktubların Ermənistan rəhbərliyindən qidalandığını təsdiq edirdi. Xüsusilə, uydurma erməni soyqırımının 50 illiyi tədbirləri zamanı Yerevanda iğtişaşların baş verməsi Moskvanı Ermənistan rəhbərliyindən narazı salmışdı. Ermənistan KP MK-nın birinci katibi Akob Zarobyan hələ 1964-cü il noyabrın 13-də erməni soyqırımının 50 illiyinin qeyd edilməsi təklifi ilə Sov.IKP MK-ya müraciət etmişdi. O, bu hadisənin tarixi ilə bağlı bir sıra məqamlara toxunduqdan sonra guya, xarici ermənilərin əlindən bu dəlili almaq üçün soyqırımın 50 illiyinin Sovet Ermənistanında keçirilməsinin zəruriliyini vurğulayırdı. Zarobyan yazırdı ki, xaricdə 1,5 milyon erməni yaşayır və onlar hər ilin aprel ayında soyqırımı mühakimə etmək üçün bu tarixi günü qeyd edirlər.
Qarşıdakı 50 illiklə əlaqədar o, qeyd edirdi ki, xarici erməni təşkilatları məqalələr dərc edir, materiallar buraxırlar, bu məqsədlə xüsusi komitə yaradırlar. Zarobyan əlavə edirdi ki, mürtəce xarici qüvvələr bu tarixi gündən Sovet Ermənistanına qarşı təxribat məqsədilə istifadə etməyə çalışır və yazırlar ki, Sovet Ermənistanı ermənilərin Osmanlı imperiyasında kütləvi şəkildə məhv edilmələrinin ildönümünü heç bir formada qeyd etmir. Onun fikrincə, əks-inqilabi millətçi partiya olan “Daşnaksütun” təbliğat aparırdı ki, türk cəlladlarının əli ilə məhv edilmiş yüz minlərlə həmvətənlərimizin xatirəsinə bizim ölkəmiz laqeyd yanaşır: “Bütün bunları nəzərə alaraq bu hadisənin 50 illiyinin Sovet Ittifaqı Kommunist Partiyasının Lenin milli siyasətinin təntənəsini təbliğ etmək, erməni xalqının elm, mədəniyyət və iqtisadiyyat sahəsində nəhəng nailiyyətlərini nümayiş etdirmək məqsədi ilə qeyd edilməsini məqsədəuyğun sayırıq”.
Zarobyan bu tədbirlərin “Oktyabr inqilabi və erməni xalqının dirçəlişi” adı altında keçiriləcəyini vəd edirdi.
Lakin hadisələr heç də Zarobyanın yazdığı kimi getmədi və uydurma soyqırımın 50 illiyi tədbirləri qonşu xalqlara qarşı millətçi-şovinist tələblərin güclənməsi, kütləvi iğtişaşlar baş verməsi ilə nəticələndi. Bu millətçilik dalğasında az sonra Akob Zarobyan respublikanın rəhbəri vəzifəsindən uzaqlaşdırıldı. 1966-cı il fevralın 5-də Ermənistan Kommunist Partiyası MK-nın Plenumu onu birinci katibi vəzifədən azad etdi. Onun yerinə Ermənistan Nazirlər Sovetinin sədri Anton Koçinyan birinci katib seçildi. Bundan iki gün sonra, fevralın 7-də SSRI Nazirlər Soveti yanında DTK-nın sədr müavini N.Zaxarov Sov.IKP MK-ya yazdığı məlumatda Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ ərazilərinin Ermənistana birləşdirilməsi ideyasının Ermənistan rəhbərliyindən gəldiyini vurğulayırdı.
Azərbaycan, Gürcüstan və Türkiyəyə qarşı torpaq iddiaları
Azərbaycan, Gürcüstan və Ermənistan dövlət təhlükəsizliyi orqanlarının həyata keçirdiyi birgə əməliyyat nəticəsində “Erməni gənclərinin ittifaqı” adlı təşkilat aşkarlanmışdı ki, adı gənclər təşkilatı olsa da, bura Yeravanın ali məktəblərində çalışan çoxlu yaşlı professor və müəllimlər də daxil idi. Ittifaqın məqsədi Dağlıq Qarabağ, Axalkələk və Axalsıxda iş aparmaq, Sov.IKP-nin XXIII qurultayı ərəfəsində əhalini Yerevanda mitinqə toplamaq və onların adından Azərbaycan və Gürcüstana “daxil olan torpaqlarının” Ermənistana birləşdirilməsini qurultaydan tələb etmək idi. Onlar milli problemlərinin həll olunmamasını “erməni xalqının düşmənləri hesab etdikləri Stalin, Beriya və Bağırovla” əlaqələndirirdilər. SSRI DTK-nın sədri Vladimir Semiçastnıy 1966-cı il martın 28-də Sov.IKP MK-ya məlumat verirdi ki, Ermənistanda Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ, Gürcüstanın Axalkələk və Axalsıx rayonlarının onlara birləşdirilməsi işinə ciddi hazırlıqlar gedir. Millətçi qüvvələr bu məqsədlə Yerevanda kütləvi mitinq təşkil edib tədbir iştirakçıları adından bu tələbləri Sov.IKP-nin XXIII qurultayına göndərmək istəyirlər. Semiçastnı qeyd edirdi ki, bu hərəkətlərin qarşısını almaq üçün Ermənistan DTK-sı respublika partiya təşkilatına təklif etmişdir ki, ərazi məsələlərinə aid tarixi faktların şərhi ilə bağlı, əhali, xüsusilə gənclər arasında izahat işləri gücləndirilsin; siyasi baxımdan ziyanlı əhval-ruhiyəni qızışdıran xarici erməni qəzetlərinin respulikaya gətirilməsi məhdudlaşdırılsın və satışı dayandırılsın; kitabxana və müəssisələrin xüsusi fondlarında saxlanılan qızışdırıcı materialların yayılmasının qarşısı alınsın; bir sıra kommunist və komsomolçuların doğru olmayan hərəkətləri mənsub olduqları təşkilatlarda müzakirə edilsin.
Hələ, 1965-ci ilin sonlarından etibarən Ermənistn rəhbərliyi Türkiyə, Azərbaycan və Gürcüstana ərazi iddialarını Sovet Kommunist Partiyasının XXIII qurultayına hazırlıq müstəvisinə keçirmişdi. Həmin ilin dekabrında erməni ədəbiyyatı ilə məşğul olan polyak tarixçisi Boqdan Qembarski Şərqi Anadoluda müstəqil erməni dövləti yaratmaq təklifilə BMT-nin Baş Katibi U.Tana məktub göndərmişdi. Məktub dərhal Beyrutda çıxan “Araç” və “Nairi” adlı erməni qəzetlərində çap olunmuşdu. Bu məktub yazı makinasında çoxaldılaraq Ermənistan Elmlər Akademiyasında, Yerevan Dövlət Universitetində, Matenadaranda erməni ziyalıları arasında geniş yayılırdı. Bu məktubun cazibəsinə düşən erməni ziyalıları Şərqi Anadoluda müstəqil dövlət yaratmaqla, eyni vaxtda Naxçıvan və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini başa çatdırmaq istəyirdilər.
Mitinq və nümayişlər keçirmək mümkün olmasa da, erməni ziyalılarının, elm və mədəniyyət xadimlərinin Naxçıvan və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbilə imzaladıqları müraciət Sov.IKP-nin martın 29-dan aprelin 6-na qədər keçirilən XXIII qurultayına göndərildi. Sovet rəhbərliyində bu məsələdə maraqlı olan dairələr qurultaydan dərhal sonra erməni elm və mədəniyyət xadimlərinin müraciətindən istifadə etməyə cəhd göstərdilər. Həmin dövrdə rəhbərliyin tapşırığı üzrə Sov.IKP MK-nın Təşkilatı Partiya Işi Şöbəsinin bölmə müdiri Y.Starçenko tərəfindən SSRI Xarici Işlər Nazirliyinə təlimat verildi ki, Naxçıvanın statusu ilə bağlı arayış hazırlasınlar. Verilən tapşırığa uyğun olaraq Xarici Işlər Nazirliyinin Yaxın Şərq ölkələri şöbəsinin müdiri S.Kiktev və Müqavilə-hüquq şöbəsinin müdiri O. Xlestov tərəfindən hazırlanan 3 səhifəlik arayış 1966-cı il mayın 31-də Sov.IKP MK-ya göndərildi. Onlar qeyd edirdilər ki, Naxçıvanın statusunda hər hansı dəyişiklik Sovet-Türkiyə münasibətlərinin kəskinləşməsinə gətirib çıxara bilər. Xarici Işlər Nazirliyinin rəsmiləri Muxtar Respublikanın Moskva və Qars müqavilələri ilə müəyyən edilmiş hüquqi statusunda siyasi dəyişikliyi məqsədəuyğun hesab etmirdilər. Türkiyə amili 1966-cı ildə Sovet rəhbərliyini Naxçıvanın statusunda hər hansı dəyişiklik etməkdən çəkindirdi.
Moskvanın bu qərarı Anton Koçinyan başda olmaqla, Ermənistanın yeni rəhbərliyini xeyli məyus etdi. Erməni elm və mədəniyyət xadimlərinin Naxçıvan və Dağlıq Qarabağın “qaytarılması” haqqında məktubunda qoyulan məsələlər araşdırmaq üçün Sov.IKP MK katibliyi tərəfindən Ermənistan KP MK-ya göndərildi.
(Ardı var)





