Misir Mərdanov bərbad təhsildən niyə narazıdır?

YAP-ın kommunist düşüncəsinə uyğun olaraq təşkil etdiyi təhsillə bağlı konfransda nazir Misir Mərdanov heyrətamiz bir açıqlama verib. Adam təəccüblənib ki, “Bizim 20 ildə apardığımız iş niyə nəticə vermir?”.

Cənab Mərdanovun hansı işləri görməsi və hansı nəticələr gözləməsi bu məqamda çox aktuallaşır. Əslində, sual belə qoyulmalıydı: YAP hakimiyyəti bu 20 ildə nəyə nail olmaq istəyirdi?
Ali məktəblərə tələbələr rüşvət qarşılığında “köçürmə” yoluyla yerləşdirilirsə və qiymət yalnız pul qarşılığında yazılırsa, nəticə necə olmalıdır? Köçürülmə əməliyyatlarına kimin imzası ilə şərait yaradılır? Mənim, yoxsa cənab Misir Mərdanovun?
Orta məktəblərin tikintisində, təmirində milyonlarla manat yeyilirsə, hətta direktorlar şagirdləri məktəbə pulla qəbul edirlərsə və bu barədə şikayətlərə Təhsil Nazirliyi heç bir reaksiya vermirsə, təhsil nə gündə olmalıdır?
Şəxsən mən Təhsil Nazirliyinin “qaynar xətt”inə orta məktəbdəki rüşvət halı ilə bağlı bir neçə dəfə müraciət etmişəm. Daşdan səs çıxır, Misir Mərdanovdan yox. Bəs, yalançı bir “qaynar xətt” yaradıb, təhsil sistemini şəffaflaşdırmaq görüntüsü altında rüşvətxorlara pul yığmaq üçün şərait yaradanda, nə gözləyirdiniz?
Orta məktəblərə saxta diplomla müəllim qəbul edəndən sonra bir kampaniya başlayıb, saxtakarları “aşkara” çıxaran Misir müəllim nə boyda rüsvayçılıq etdiyinin fərqindədirmi? Adama deməzlərmi ki, diplomlar Təhsil Nazirliyində, yerli Təhsil Şöbələrində yoxlanılmır? Bəs, bu saxta diplomları nəyin müqabilində və kimlər “görməyiblər?”. Saxtakarlığa göz yumanlar cəzalandırılmırsa, hansı “görülən işlərdən” danışmaq olar?
Misir Mərdanov “son 15 ildə Azərbaycanda elmi monoqrafiya, kəşf olubmu” ritorik sualından da yan keçmir, alimlərin bivecliyindən danışır. Azərbaycanda rüşvətə bulaşmayan, elmdə ədaləti qoruyan Ali Attestasiya Komissiyasının sədri, dünya şöhrətli alim Azad Mirzəcanzadəni vəzifəsinə tüpürüb Rusiyaya getməyə kim məcbur etdi? Onun yerinə təyin edilən akademik Arif Mehdiyev indi elmi titullarını əlindən aldığınız keçmiş ABU-nun keçmiş rektoru Elşad Abdullayevə “elmlər doktoru” diplomunu pəhəpəhlə təqdim etmədimi?
Elşad Abdullayevin plagiat elmi işinə Prezident yanında AAK sədri, akademik Arif Mehdiyev doktorluq dərəcəsini verəndən sonra Təhsil Nazirliyi Elmi Şurasının qərarı ilə həmin monoqrafiya ali məktəblərdə dərs vəsaiti kimi tətbiq olunursa, hansı elmi nailiyyətdən, elmi kəşfdən söhbət gedə bilər? Təhsil Nazirliyinin Elmi Şurasının sədri kimdir? Siz deyilsizmi, Misir Mərdanov?
Azərbaycanda dissertasiyaların necə müdafiə olunduğu, alimlərin necə yetişdirildiyi, hansı monoqrafiyaların universitetlərdə dərs vəsaitinə çevrildiyi, hətta orta məktəblərdəki dərsliklərin vəziyyətini bu xarabada bilməyən yoxdur. Misir Mərdanov bütün bunlardan sonra 20 ildə görülən işin nəticə verməməsindənmi gileylənir…
Qətiyyən elə deyil, Misir müəllim, özünüzə şər atmayın. YAP hakimiyyəti nə istəyirdisə, ona da nail olub: bütün sahələrdə olduğu kimi, təhsil sistemində də rüşvət və korrupsiyanı aparıcı ünsürə çevirib, Azərbaycan gəncliyini şikəst hala salıb, təhsili məhv edib, ölkənin gələcəyinə sağalmaz yara vurub. Yaltaqlıq, yalaqlıq elmə, təhsilə elə oturdulub ki, elmi monoqrafiyalar Heydər Əliyevə məddahlıqla müşayiət olunmursa, müəllifin qabağa getmək, karyera qurmaq, “akademik olmaq” şansı sıfra enir. YAP hakimiyyətinə elm, təhsil lazım deyil, soyğunçu, talançı, yaltaq, minsifətli, riyakar, xalqın qanına susamış, rüşvət almağı və yuxarılara ötürməyi bacaran, korrupsiya məharəti olan fırıldaqçılar lazımdır. Savadlı, intellektli kadrlar bu rüşvətxor və korrupsiyalaşmış, “mafioz” (“Vikiliks”), “ədəbsiz” və “julik” (“Şpigel”), “yırtıcı” və “paranoik” (“Sərhədsiz Reportyorlar”) kimi “yüksək” titullar qazanmış hakimiyyətlə işləyə bilməz.
Sizə isə kadr lazımdır və bu kadrları bərbad günə qoyduğunuz təhsil sistemi sayəsində yetişdirirsiniz. Daha niyə narazısınız, başqa nə istəyirsiniz?