Füzuli Ələkbərovun işçisindən növbəti şikayət

Nazirliyin Cəlilabad rayon şöbəsi camaata qan uddurur

Cəlilabad rayonunun Uzuntəpə, Qarazəncir, Qaçovka kəndlərindən sakinlər rayonun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cəlilabad rayon şöbəsində üzləşdikləri haqsızlıqlarla bağlı dad edirlər. Sakinlər bir tikə çörək pulunu almaq üçün aylarla idarəyə ayaq döyürlər ancaq heç bir nəticəsi olmur. Onlardan ya rüşvət tələb olunur, ya da başqa bəhanələr uydurulub geri qaytarırlar…

Rəhmətlik Qəzzafinin vaxtında…

Sevda Abdinova Uzuntəpə kəndinin sakinidir. Onun sözlərinə görə, uşağı xəstədir: “Uzun get-gəllərdən sonra TSEK-də ona pensiya kəsdilər, sənədləri təsdiqlənib Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Cəlilabad filialına göndərildi. Ən böyük problemimiz də bu idarədə başladı. Idarənin işçisi Mircəlal Cabbarov həmin pulun mənə verilməsi üçün rüşvət istəyir. Mircəlal bizə deyir ki, bir neçə ayın pulunu birdən alacaqsınız, həmin puldan bizə nə çatacaq? Hər hansı bir işi düzəltmək üçün 2, bəzən də 3 nəfəri ”görməli” olursan. Onlara pul verməyənləri aylarla süründürür, aclıq və səfalətlə sınağa çəkirlər”.
Sevda Abdinova sual edir ki, idarələrdə nəyə görə aylarla ayaq döyməlidir? Səfalət içində yaşadıqlarını söyləyən şikayətçi bildirir ki, iki uşağı zülmlə böyüdüb: “Neçə ildi gözləyirdik ki, TSEK-də uşağımın xəstəliyi təsdiqlənsin, bir az pul alaq, həmin pula da göz dikilib”.
Qaçovka kəndi Qafar Cəfərov 4 ildən çoxdur ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Cəlilabad rəhbərliyinin onu ələ saldığını deyir: “Sənədlərimi hazırlayıb təqdim etsəm də bürokratik əngəllərə görə bu idarədən sosial yardım ala bilmirəm. Ilk dəfə sənədlərimi təqdim edəndə qəbul etdilər, lakin 3 aydan sonra bildirdilər ki, sənə imtina yazılıb. Həmin idarəyə gəlib dedim ki, imtina kağızımı verin səbəbini bilim. Məlum oldu ki, heç bir imtina-zad yazmayıblar, sadəcə məni ələ salırlar. 5 ildir ki, evlənib ayrı təsərrüfat olmuşam. Kasıb, uçuq bir komədə qalıram. Eşidəndə Rusiyada, Iranda, rəhmətlik Qəzzafinin vaxtında Liviyada kasıblara necə qayğı göstərirlər, adam təəccüb qalır. Bizdə isə kasıbı ələ salırlar. Heç bir yerdə işləmirəm, iş yoxdur. Ağır maddi vəziyyətlə üz-üzəyəm”.
Idarədən Qafar Cəfərova deyiblər ki, yaşadığın həyətin torpaq şəhadətnaməsi yoxdur: “Yeni evlənənlərin 80 faizinin torpaq şəhadətnaməsi yoxdur. Kəndlərdə real vəziyyət belədir. Bunların deməyindən belə çıxır ki, biz yardımı ancaq kasıbların 3 faizinə verəcəyik, qalanları acından ölsə də ölsün. Bakıdan gələn yeni təlimata o qədər arayış, sənəd salıblar, belə çıxır ki sosial yardımı ancaq evinin pasportu olanlar ala bilər. Bu cür bürokratik əngəllər qəsdən yaradılır ki, əhali daha böyük çətinliklərlə üzləşsin, get-gələ düşsün və məcbur qalıb bunlara rüşvət versin. Rayon mərkəzinə gedib-gəlməkdən bezmişəm. 4 ildən çoxdur ki, Cəlilabad filialına gedib gəlirəm, süründürülürəm”.

“Təmir etdiyimiz traktorlar adımıza çıxıb”

Elman Imanov Cəlilabad rayonunun Qarazəncir kəndində yaşayır. O, ötən ilin əvvəlindən Cəlilabad Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinə sosial yardım almaq üçün müraciət edib: “Gəlib yerində yoxladılar, dedilər ki, sənə 70 manat pul veriləcək. Yəni mənə sosial yardım qanunla düşür. Lakin hələ də bu idarədən pul ala bilmirəm. Sonradan gedib yoxlatdırdım, məlum oldu ki, hansısa qaranlıq səbəblərdən imtina yazıblar”.
Böyük bir ailənin dolanışığının ondan asılı olduğunu deyən Elman Imanov söyləyir ki, həyat yoldaşı ağır xəstədir, dava-dərmana pul tapa bilmir: “Heç bir yerdən qazancım yoxdur və ola da bilməz, çünki respublika əhalisi acından ölür, heç yerdə pul yoxdur”. Samiq Məmmədov rayonun Qarazəncir kəndində yaşayır. O da eyni problemlə üz-üzədir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsi bizə imtina yazıb. Səbəbi də budur ki, guya texnikamız var. Bizim ailəmizin başçısı, rəhmətlik Yusif Məmmədov traktorçu idi, ailəmizin üzvləri traktor təmir edirlər. Kənd camaatının xarab olmuş texnikasını qapımızda təmir edərək 5-10 manat çörək pulu qazanırlar. Indi idarə həmin texnikanı bizim adımıza çıxır. Sənədə qalanda ailəmizin adına heç bir texnika, maşın yoxdur. Imkansızlıqdan iki qardaş ailələrimizlə bir evdə məskunlaşmışıq”.
“Cəlilabad şöbəsinin rəhbəri perimbel seyididir, öz yaxın qohumlarının hamısına qanunsuz yollarla sosial yardım düzəltdirib. Niyə rayonu bu cür adamların əlinə veriblər, baş aça bilmirik. Camaat idarənin yollarında əsir-yesir olub, gedib-gəlməyə və digər xərclərə külli-miqdarda pul çıxır. Bürokratik əngəllər aradan qaldırılmasa, insanlar acından öləcək”.

Ramin DEKO