İslandiya Bakıdakı “Eurovision”u boykota çağırır

Islandiyanın tanınmış müğənnisi və “Eurovision” musiqi yarışmasının məşhur təbliğatçısı kimi tanınan Pall Oskar maraqlı təkliflə çıxış edib. Tanınmış müğənni bildirib ki, Azərbaycanda insan haqlarının pozulduğunu nəzərə alaraq, Islandiyanın bu il Bakıda keçiriləcək yarışmanı boykot etməyə haqqı çatır.
Islandiya insan haqları mərkəzinin direktoru Marqaret Steynarsdotter də hesab edir ki, Bakıda baş tutacaq yarışmada iştirakla bağlı qərara ölkəsi yenidən baxmalıdır.
Pall Oskar isə qətiyyətlə tələb edir ki, Islandiya Azərbaycanda keçiriləcək yarışmanı boykot etsin: “Mənim mövqeyim sadədir. Islandiya Bakıda keçiriləcək yarışmaya göndərilmək üçün müəyyənləşdirilən ifaçını geri çağırmalıdır. Çünki birinci sırada insan haqları dayanır, sonra isə ”Eurovision” gəlir”.
Xatırladaq ki, bir müddət əvvəl Finlandiya və Danimarkadan olan təşkilatlar da Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulduğunu əsas gətirərək, Bakıdakı “Eurovision”u boykot etməyə çağırmışdılar.