İri marketlər real dövriyyəni niyə gizlədirlər?

erzaq

“Supermarket şəbəkələri dövriyyəni 40 dəfəyədək aşağı göstəririlər”

Samir Əliyev: «Sahibkar əmin deyil ki, bütün dövriyyəsini rəsmiləşdirsə, ondan vergidən başqa hər hansı kənar ödəniş alınmayacaq»

“Azərbaycanda iri supermarket şəbəkələri ərköyünlük edir”. Bunu Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Sahib Ələkbərov iri supermarket şəbəkələrinin vergi güzəştləri təklifinə münasibət bildirərkən deyib.

“2016-cı ildə apardığımız təhlillər zamanı çox qəribə məsələlər ortaya çıxıb. Aparılan xronometraj müşahidələri zamanı məlum olub ki, iri marketlər faizlə yox, dəfələrlə dövriyyəni gizlədir. Artıq 3-4 dəfə dövriyyənin gizlədilməsi bizə adi hal kimi gəlir. Tanınmış iri supermarket şəbəkələrindən biri 15, hətta 40 dəfə aşağı göstərənlər var.

ƏDV istehlak vergisidir. Bunun iri supermarket şəbəkələrinə aidiyyatı var. Güzəşt istəklə verilmir. Dövlətin iqtisadi qurumları bununla bağlı geniş araşdırmalar aparır ki, bundan vətəndaş nə qazanacaq, büdcə nə itirəcək və bunu hansı yolla kompensasiya etmək olar. Bizə misal çəkirlər. Bəzi ölkələrdə kənd təsərrüfatı məhsullarına ƏDV tətbiq olunmur. Bu, çox diletant yanaşmadır. Axı həmin ölkələrdə kənd təsərrüfatında güzəştlər yoxdur”, – deyə nazir müavini qeyd edib.

Xatırladaq ki, iri supermarket şəbəkələrinin rəhbərləri İqtisadiyyat Nazirliyinə müraciət edərək, respublikada istehsal olunan sosial əhəmiyyətli ilkin tələbat məhsulları üzrə əlavə dəyər vergisinə (ƏDV) sıfır faiz dərəcəsinin tətbiqi, ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidaları üzrə ƏDV-nin ləğvi təklifini irəli sürüblər. (apa)

Bəs, iri marketləri real dövriyyəni gizlətməyə vadar edən nədir? Nəyə görə, iri marketlər rivkə gedərək, real dövriyyələrini gizlədərək fəaliyyət göstərməyə üstünlük verirlər?

samir-eliyev-iqtisadci

İqtisadçı Samir Əliyev bildirdi ki, əvvəlki qanunvericiliyə görə dövriyyə 120 min manatdan artıq olanda marketlər ƏDV ödəyicisinə çevrilirdi. Amma 120 min manata qədər olan həddə marketlər sadə vergi ödəyicisi olurdular. Hazırda bu məbləğin 200 minə qaldırıldığını deyən S.Əliyev bildirdi ki, bu məbləğdən yuxarı sahibkarlar seçim etməkdə azaddırlar. Onlar isədikləri halda vergini sadələşdirilmişlə və ya ƏDV ilə ödəyə bilərlər: «Məlum oldu ki, Azərbaycanda supermarketlər hamısı ƏDV ödəyicisi imiş. Nəzərə alanda ki, hər biri iri supermarketin bir neçə şəbəkəsi var. O zaman belə çıxır ki, il ərzində 200 minlik dövriyyə göstərən supermarketlərin gündəlik dövriyyəsi min manatı keçmir. Bu onu göstərir ki, iri marketlər dövriyyələrini gizlədirlər».

S.Əliyev onu da bildirdi ki, supermarketlərin dövriyyələrini gizlətməsi təsadüfi deyil. Ölkəmizdə nağdsız ödənişin inkişaf etməməsinin təsadüfi olmadığını deyən S.Əliyev vurğuladı ki,  buna səbəb ticarət şəbəkələrində dövriyyənin gizlədilməsidir: «Sahibkar nağdsız dövriyyəyə keçməkdə maraqlı olmur. Nağdsız dövriyyəyə keçmək şəffaflıq deməkdir. Bu zaman dövriyyənin gizlədilməsi məhdudlaşır. Bunun da əsas səbəbi onunla bağlıdır ki, sahibkar əmin deyil ki, sabahları bütün dövriyyəsini rəsmiləşdirsə, ondan vergidən başqa hər hansı kənar ödəniş alınmayacaq. Sahibkar buna əmin deyil. Əgər sahibkar bu məqamla bağlı əmin olsa, əksəriyyəti başağrısı olmasın deyənə bütün əməliyyatlarını qanuni şəkildə aparar».

Xəyal