ABŞ Parisi Berlinlə əvəz edir; Rusiya Almaniyanın fəallaşmasını istəyir; Bakı isə «tərəf tutmadığı» üçün ortada qalır…
Almaniya mətbuatı Ilham Əliyevə və onun başçılıq etdiyi rejimə qarşı sərt tənqidlərlə dolu məqalələr dərc edir. “Der Şpigel” kimi jurnalın ardınca yerli televiziyalardan birinin də bu kampaniyaya qoşulması Almaniya ictimai rəyinin antiƏliyev mövqeyində mərkəzləşdiyini deməyə əsas yaratdı. Xarici siyasət kursunda demokratiya və insan haqları mövzusunda elə də diqqət çəkməyən Almaniya bu dəfə fovorit kimi görünür. Biz bu səhnəni izləməkdə nəyə borcluyuq? Almaniya mediası Əliyevlərdən nə istəyir?
Münhen diqqəti necə çəkdi?
Ilham Əliyevə “Özünüzü bir kral sayırsınızmı?” sualı da məhz Münhendə verilmişdi. Ikinci addım da burada oldu. Ilk dəfə Almaniyada və məhz Münhendə Ilham Əliyevə üzbəüz dedilər ki, onun idarə etdiyi ölkə inqilabdan əvvəlki Misiri xatırladır və Azərbaycana yatırımlar qoymaq artıq risklidir.
Beləliklə, Ilham Əliyevə aşkar şəkildə “gözü çıxmış qardaşı”na bənzədiyini dedilər və bunu da Almaniyada tanınmış siyasi institutun direktoru etdi. Məntiq təsadüflərin təkrar olunmadığını deyir. Yəni, təkrar olunanlar təsadüf deyil. Bu, məqsədli bir siyasi xətdir. Fəqət, səbəb də qeyri-müəyyən deyil. Azərbaycan hökuməti Avropaya enerji resurslarının qeyri-Rusiya xəttini tapmağa imkan vermədi. Buna görə də Rusiyadan enerji asılılığını aradan qaldıra bilməyən Avropa Əliyevlərə qarşı aşkar təzyiqlərə başladı.
Burada söhbət ondan getmir ki, maraqlar yalnız iqtisadidir. Məsələ burasındadır ki, Avropa ilə Azərbaycan arasında olmayan ideoloji yaxınlıq ölkənin Kremlə bağlılığıyla izah olunur və nəticədə iqtisadi münasibətlər də zədələnir. Almaniyanın bu məsələdə irəli düşməsinin bir səbəbi də Fransanın son zamanlar demokratik imicinin korlanmasıdır. Bu məsələdə Sarkozinin gözlənilməz hərəkətləri Vaşinqtonu özünə daha ciddi müttəfiq seçməyə vadar edib. Bu mənada Almaniyanın son addımlarını ABŞ-ın siyasi dəstəyilə də izah etmək olar.
Bəs Rusiya nə deyir?
Almaniya əvvəlki siyasi kursunda Rusiya ilə yaxın göründüyündən bir çox hallarda onun insan haqları və azadlıqlar məsələsində fəal nəzərə çarpmaması Kremllə münasibətlərilə izah olunurdu. Amma Əliyevlərə bu cür sərt hücum, vəziyyəti yeni qaydalarla təhlil etməyi zəruriləşdirir. Bu zaman belə bir nəticə çıxarmaq tamamilə doğrudur ki, Suriya və Iran kimi oyunçuların taleyi sual altında qaldığı bir vaxtda Rusiya özünün daha mürtəce görünməməsi üçün Azərbaycan hakimiyyətinin vurulmasına mane olmaq istəmir. Bu həm də Rusiya üçün gələcəkdə bir şans ola bilər. Çünki Avropada Almaniyanın fəal söz sahibi olması ilk növbədə Kremlin işinə yarayır. Bu baxımdan Bakıdan vaz keçmək Kreml üçün elə də ağır itki sayılmaz. Yəni, Almaniya daha fəal və təsirli rol alsın deyə, Rusiya aşkar şəkildə Əliyevlərin üstündən xətt çəkə də bilər.
Tək yol təklənməməkdir…
Azərbaycan hakimiyyəti bu vəziyyəti soyuq başla analiz edərək qərarlar qəbul etməlidir. Çıxış yolu sadəcə, özünü dünya ilə təkbətək çıxarmamaqdır. Indiyə kimi təklənmiş rejimlərin hamısı çökməyə məcbur olub. Amma bundan asan xilas yolu var – məsələlərin həllini xarici faktordan maksimum dərəcədə az asılı etmək, daxili islahatları gücləndirmək, vətəndaş cəmiyyətinin inkişafını təmin etmək və dinc transformasiya yolunu tutmaq. Ola bilsin ki, növbədənkənar parlament seçkisində iqtidar partiyası müəyyən səslə parlamentə daxil ola da bilər. Bu isə bütün ölkə və xalq üçün xeyirli olar. Amma hazırkı siyasətlə, nə yazıq ki, kəskin konfrantasiya qaçılmazıdır.
Seymur Həzi



