Ziya Məmmədovun toxunulmazlığı əlindən alındı

Nazir hökumət KIV-lərində tənqidi qadağan edilən məmurların siyahısından çıxarılıb

Nəqliyyat naziri Ziya Məmmədov, “Azəryoservis”in şefi Cavid Qurbanov və Bakı meri Hacıbala Abutalıbov toxunulmaz məmurlar siyahısından çıxarılıb.
Bu barədə Azadlıqa daxil olan məlumatda deyilir ki, artıq hökumətin nəzarətində olan KIV-lər hər üç məmurun fəaliyyəti ilə bağlı tənqidi materiallar yayımlaya bilərlər. Məlumata görə, adıçəkilən məmurların toxunulmazlığı bir müddət olar ki, götürülüb. Iddia olunur ki, tapşırıq yüksək səviyyədə verilib.
Oxucuların diqqətinə çatdıraq ki, hökumətyönlü KIV-lərə bir qrup məmuru istənilən halda tənqid etmək yasaq olunub. Ziya Məmmədov, Cavid Qurbanov və Hacıbala Abutalıbov da bu məmurların sırasında idi.
Yeri gəlmişkən, son vaxtlar rəsmi qəzetlərdə və digər hökumətyönlü qəzetlərdə adıçəkilən məmurların fəaliyyəti ilə bağlı tənqidi materialların dərcinə başlanılıb. Bu fakt da redaksiyamıza daxil olan məlumatın əsassız olmadığını göstərir.

Hikmət