rovnaq

“Azadlıq” Rövnəq Abdullayevi ifşa etdi

Minlərlə vətəndaşın mülkiyyəinə qəsd olunduğunu sübut edən sənədlər əlimizdə

Səbail rayonunun “20-ci sahə” adlanan hissəsində yaşayan minlərlə insanın evinin sökülməsi üçün iddia qaldıran Azərbaycan Dövlət Neft Şirkəti bir il çəkən məhkəmə proseslərindən sonra artıq tam qalibiyyətə yetişib. Şirkətin iddiası birinci instansiya məhkəməsində təsdiqlənib. Sakinlər məhkəmənin qərarıyla razılaşmayıb apelyasiya şikayəti versələr də, bu instansiya da qərarda heç bir dəyşiklik etməyib.

Məhkəmə hüquqa yox, ARDNŞ-in istəyinə əsaslanıb

Faktiki, indi vəziyyət belədir: minlərlə evin sökülməsi barədə hüquqi sənəd ARDNŞ-in əlindədir. Bəs bu hüquqi sənəd nə dərəcədə hüquqidir? Bir az dolaşıq cümlə oldu, ona görə də aydınlaşdıraq: məhkəmənin çıxardığı qərar, yəni, yüzlərlə evin uçurulması və o evlərin yerləşdiyi ərazinin ARDNŞ-ə verilməsi nə dərəcədə qanuni və ədalətli qərardır?
Biz heç ona işarə etmirik ki, dövlət başçısı ötən illərdə keçirdiyi müşavirədə qanunsuz evlərə görə məsuliyyəti vətəndaşların yox, aidiyyəti qurumların üzərinə atmışdı və həmin evlərin sənədləşdirilməsinin vacibliyini demişdi.
“Azadlıq” qəzeti bir neçə sənəd əldə edib. Bu sənədlər açıq-aşkar ARDNŞ-in iddiasının və məhkəmə qərarının əsassız olduğunu göstərir.

Birinci dəlil

Beləliklə, birinci sənədi təqdim edirik: 2 fevral 1999-cu ildə Quruda Neft və Qazçıxarma (QNQÇ ) Istehsalat Birliyinin baş direktoru Yavər Camalov (indi o, nazirdir) Bakı şəhər Icra Hakimiyyətinin o vaxtkı başçısı Rəfael Allahverdiyevə məktub yazır: “Bibiheybət” Neft-Qaz Çıxarma Idarəsinin istifadəsində olan torpaq sahələrinin 217.45 hektarında qanunsuz olaraq çoxlu sayda fərdi yaşayış evləri inşa edilərək şəhər salınıb. Zəbt edilən sahələrdə tikintilər altında qalan AZ HƏCMLI QALIQ NEFT EHTIYATLARININ (seçmə bizimdir – red.) gələcəkdə çıxarılması lazım gələrsə, bu, maili və horizontal quyuların qazılmasıyla mümkün olduğundan, qeyd edilən sahələrin əvvəlki istifadəçisinə qaytarılması məqsədəuyğun sayılır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “QNQÇ” IB-yi “Bibiheybət” Neft-Qaz Çıxarma Idarəsi ərazisində qanunsuz zəbt edilən və ISTIFADƏSI LAZIM OLMAYAN (seçmə bizimdir – red.) 266.05 hektar torpaq sahəsinin əvvəlki istifadəçisinə qaytarılmasına dair sərəncamın hazırlanması barədə aidiyyəti idarələrə göstəriş verməyinizi Sizdən xahiş edir”.

Ikinci dəlil

Ikinci mühüm sənəd Bakı şəhər Icra Hakimiyyəti keçmiş başçısı Rəfael Allahverdiyevin 29.07.1999- cu il tarixdə imzaladığı sərəncamdır. Sərəncamda göstərilir ki, yuxarıda göstərdiyimiz məktubu nəzərə alaraq, Səbail rayonu ərazisində yerləşən və ARDNŞ-ə məxsus “Bibiheybət” NQÇI-nin istifadəsində olan torpaqların 266.05 hektarı geri alınır.
Bir daha xatırlatmağı vacib bilirik ki, yazışmalarda məhz bu gün sökülməsi barədə qərar çıxarılan evlərin ərazisindən söhbət gedir. Maraqlıdır ki, məhkəmədə bu sənədlər üzə çıxarılsa da, onlar heçə sayılıb. Həm də görün, hansı anti-insani “arqument”lə: “Rəfael Allahverdiyev də ölüb, onun sərəncamları da!!!”

Və nəhayət, üçüncü…

Məhkəmə önündə dayanan vətəndaş Oktay Kərimov ona qaba formada deyilən “arqument”i ciddiyə alaraq düşünür ki, bəlkə doğrudan da sərəncam ləğv edilib. Dəqiqləşdirmə üçün o, meriyaya sorğu yollayıb və biz ona göndərilən cavabı üçüncü mötəbər sənəd kimi təqdim edirik: “Bildiririk ki, BŞIH başçısının 674 saylı, 29.07.1999-cu il tarixli sərəncamı ilə Kərimov Oqtayın istifadəsindəki torpağın yerləşdiyi ərazi – 266.05 hektar torpaq sahəsi ARDNŞ-in ”QNQÇ” IB-nin 09.02.1999-cu il tarixli CC-011/218 saylı məktubu əsasında geri alınıb və hazırda həmin torpaq sahəsi dövlət torpaq fondundadır”.
Dəhşətli burasıdır ki, məhkəmə bu cavaba da əhəmiyyət verməyib.
Mövzunu davam etdirəcəyik.

Natiq Güləhmədoğlu