Cahangir Hacıyev Əli İnsanovun taktikasını seçir

cahangir-haciyevBeynəlxalq Bank qalmaqalında kimlərin adı çəkilir?

Dəfələrlə yazmışıq ki, bu ölkədə hansısa onuncu dərəcəli məmurların milyardlar mənimsəməsi, böyük korrupsiya faktlarına gizlicə imza atması mümkün deyil. Yəni, kimlərsə milyarderə çevrilibsə, kimlərsə böyük korrupsiya əməliyyatları həyata keçiribsə, bunun ən yüksək səviyyədə icazəsi var. Daha doğrusu bu milyardlarda ən yüksək postda oturanların payı var. Sadəcə olaraq komanda daxilində müəyyən ziddiyyətlər yarananda kimlərsə qurban verilir və bütün cinayətlər bir adamın çiyninə yüklənir.

Beynəlxalq Bank ətrafında baş verənlər meydana çıxanda, Bankın rəhbəri Cahangir Hacıyev həbs olunanda da aydın görünürdü ki, bu qədər əməliyyat bir şəxsin özfəaliyyəti ola bilməz. Üstəlik, Beynəlxalq Bankın səhmlərinin 51 faizi dövlətə məxsusdur və Maliyyə Nazirliyinin nəzarətindədir.

Bugünlərdə Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva “Azadlıq” qəzetinə müraciət göndərdi. Eyni zamanda Cahangir Hacıyevin vəkili Əfqan Məmmədovun “Turan”a açıqlaması oldu. Həm Əminə Hacıyevanın müraciətində, həm də Əfqan Məmmədovun açıqlamasında əsaslı suallar və tələblər var.

Məsələn, Əminə Hacıyeva deyir: Çoxsaylı kreditlərin verilməsi bir nəfərin işi deyil. Verilən kreditlər uzun bir yol keçir. Kredit Komitəsi, Mərkəzi Bank, Maliyyə Nazirliyi, Müşahidə Şurası da kredit verilməsində məsuliyyət daşıyır. Əgər kreditin verilməsi cinayətdirsə, onda buna görə yalnız bu adamı günahlandırmaq ədalətlidirmi?”.

Bəli, haqlı olaraq deyilir ki, Cahangir Hacıyevə qarşı ittihamları digərlərinə də şamil etmək lazımdır və bu mütləqdir.

Vəkil Əfqan Məmmədov isə haqlı olaraq deyir ki, Cahangir Hacıyev 42 milyon manatı mənimsəməkdə ittiham olunur, amma o Banka 80 milyonluq səhm qaytarıb və qanuna görə ona qarşı iddia ləğv olunmalıydı. Daah sonra qeyd edir ki, 42 milyon dan çox olan səhmlər bəzi şəxslərin kredit börcunu ödəmək üçün qaytarılıb. Eyni zamanda bildirir ki, istintaq zamanı Cahangir Hacıyev Beynəlxalq Bankdan kredit alan şəxslərin adını açıqlasa da, bu şəxslərin heç biri istintaqa çağırılmayıb. Bəli, mənimsəmə faktının iştirakçıları istintaqa cəlb olunmur. Hansıki, mənimsəmə olubsa, digər iştirakçılar da məsuliyyətə cəlb olunmaydı.

Beləliklə, Cahangir Hacıyev bacısının və vəkilinin diliylə çatdırmaq istəyir ki, mən bu kreditləri yuxarıların göstərişi ilə vermişəm, Mərkəzi Bankdan tutmuş, Maliyyə Nazirliyinə qədər hamının xəbəri olub və məhkəmədə adları çəkəcəm.

Bir vaxtlar keçmiş Səhiyyə Naziri Əli Insanova qarşı da mənimsəmə ittihamı irəli sürülmüşdü. Əli Insanov isə  məhkəmdə belə demişdi: “Özəlləşdirmə gedişində dövlət büdcəsinə yarım milyard pul keçirilib. Bəs 30 milyard hara, kimin cibinə gedib? Burda ”Semaşko” haqqında söhbət getdi. O xəstəxananın 2 hektar ərazisini prezidentin xalası oğlu özəlləşdirib. Dərmanların alınmasında maliyyə pozuntularından danışırsınız. Baş Apteklər Idarəsinin rəisi Rafiq Mahmudov idi. Bakı Baş Apteklər Idarəsinin də rəisi bunların qohumu – Mehriban Əliyevanın dayısı idi.

Daha sonra Əli Insanov demişdi ki, mənim işçim rüşvət aldığına görə məni həbs ediblər, mən rüşvət almışamsa, bəs niyə Ilham Əliyevi tutmurlar?”.

Indi Cahangir Hacıyev də eyni vəziyyətdədir. Deyir ki, məni mənimsəməyə görə tutmusunuzsa, pulları verdiyim adamları, məni buna məcbur edənləri, pulların talan edilməsinə icazə verənləri də həbs edin.