Kadırovun etiraz doğuran dəbdəbəli sarayı (FOTOLAR)

Rusiya mətbuatı Çeçenistan  prezidenti Ramzan Kadırovun 10 milyard rubl (təxminən 30 milyon dollar) dəyərində sarayının fotolarını yayıb.
Kadırovu yeni sarayının izinə jurnalistlər satınalmalarla bağlı dövlət saytında Çeçenistan hökümətinin müraciətindən sonra düşüblər.
10 mlrd. rublluq saray 260 min kvadratmetr ərazidə, Sunji çayının sahilində yerləşir. “Novaya qazeta” yazır ki, Çeçenistan rəhbərinin “xidməti xərcləri” üçün büdcədən 36 milyon rubl ayırmaq planlaşdırılır. Qəzet yazır ki, Kadırovun malikanəsini bağ evi adlandırmaq olmaz. 100 nəfər personalın xidmət göstərəcəyi bu sarayın təminatı üçün ümumilikdə 84 milyon rubl ayrılacaq.
Bir müddət əvvəl məhşur müxalif  bloqqer Navalnı Kadırov ətrafındakı korrupsiya faktlarını aşkara çıxarıb tənqid etmişdi. Çeçenistana belə böyük pulların ayrılmasına qarşı çıxan millətçilər  “Bəsdir, Qafqazı yedirdik” şüarı ilə Putinə müxalif mövqedə dayanırlar. Rusiya əhalisinin önəmli qismi onları dəstəkləyir.
Məmur sarayları ilə bağlı ilk qalmaqal Putin ətrafında yaranmışdı. Qelincikdə jurnalistlər parkı, vertolyot meydançası, dəbdəbəli interyeri olan bir milyard dollar dəyərində malikanə aşkarlamışdılar. İkinci belə fakt Rusiya patriarxı Kirilin adı ilə bağlı olmuşdu.