Ərazidəki evlərin işığı xəbərdarlıq edilmədən kəsilir
Bakının “Sovetski” ərazisində taleyi qaranlıq qalan memarlıq binalarından biri – dahi Azərbaycan aktyoru Abbas Mirzə Şərifzadənin 1937-ci ilə qədər yaşadığı ev sökülüb. Üçmərtəbəli bina mayın 14-15 tarixlərində yerlə bir edilib.
Akademik Milli Dram Teatrının arxasında, Mirzağa Əliyev küçəsində yerləşən 115 saylı bu bina 1910-cu ildə tikilmişdi. Yerli əhəmiyyətli memarlıq abidəsi kimi Nazirlər Kabinetinin 132 saylı, 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıya daxil edilmişdi. Buna baxmayaraq, hökumət bu tarixi binanın sökülməsini qaçılmaz hesab edib.
Yaxın ətrafda isə daha bir memarlıq abidəsi uçurulmaq ərəfəsindədir. Bu, görkəmli jurnalist Osman Mirzəyevin vaxtilə yaşadığı 102 saylı binadır. 1916-cı ildə tikilən bu bina da yerli əhəmiyyətli memarlıq abidəsi kimi Nazirlər Kabinetinin sözügedən siyahısındadır.
Ətrafda yalnız bir memarlıq binasının saxlanılması qərara alınıb. Bu da Akademik Milli Dram Teatrının arxasında, Murtuza Muxtarov küçəsi 83-də yerləşən məscid binasıdır. Son vaxtlaradək bu tikili “Yuğ” Dövlət Teatrının binası olub. Nazirlər Kabinetinin müvafiq siyahısında 1888-ci ildə tikildiyi qeyd edilib, amma səhvən hamam binası kimi göstərilib.
Hazırda “Sovetski”də köç üzərində olan sakinlər və yerli icra hakimiyyəti arasında mübahisələr davam edir. Elə həftənin birinci günü Abdulla Şaiq küçəsində sakinlərlə yerli məmurlar arasında insidentin şahidi olduq. Sakinlərin narazılığına səbəb isə xəbərdarlıq edilmədən, həm də yaşayış davam etdiyi halda evlərə elektrik enerjisinin verilməsinin dayandırılması olub. Mübahisə edənlər evlərdə məktəblilərin imtahanlara hazırlaşdığı bir vaxtda işıqların söndürülməsinə kimin qərar verdiyinə cavab axtarırdılar. Məmurlar isə icraçı olduqlarını deyib ərazidən uzaqlaşdılar.
Yeri gəlmişkən, “Sovetski”də “Gilan Holdinq”ə məxsus “Capital Towers” yaşayış kompleksi qarşısında Heydər Əliyevin nəhəng portretinin sökülməsi də diqqətimizi çəkdi. Nəhəng portretin nə vaxt götürüldüyünü sorğu-sual etdiyimiz sakinlər də bilmədilər. Görünür, bu əməliyyat ictimai marağa səbəb olmasın deyə, gecə saatlarında həyata keçirilib…
Sosial şöbə