Kristian Vulf korrupsiya ittihamları qarşısında duruş gətirə bilmədi
Almaniya prezidenti Kristian Vulf korrupsiya ittihamlarına məruz qalması ilə əlaqədar istefaya gedib. Hannover Prokurorluğu Bundestaqa müraciət edərək prezidentin toxunulmazlıq hüququndan məhrum edilməsini istəyib.
Prezidentlə bağlı şübhələr onun kino prodüseri David Qrönevoldla münasibətlərindən qaynaqlanır. Iş adamı dəfələrlə Kristian Vulfun hotel xərclərini ödəyib.
Vulf Aşağı Saksoniya əyalət hökumətinin başçısı olarkən Qrönevoldun layihələrini maliyyələşdirib. Prezidentin öz varlı dostunun həyat yoldaşından kredit aldığı və bunu gizlətməyə çalışdığı iddia olunur. Bu faktlarla əlaqədar ötən ilin dekabrından bəri müxalifət və media prezidenti istefaya çağırırdı. Almaniya prezidenti uzun zamandır ictimaiyyətin ciddi təndiqləri və ona qarşı irəli sürülən korrupsiya ittihamları qarşısında duruş gətirə bilməyib.
Almaniya kansleri Angela Merkel yaxın müttəfiqi sayılan Kristian Vulfun istefasına görə dərin təəssüf hissi keçirdiyini bildirib. Merkelin sözlərinə görə, Kristian Vulfun istefası onun ölkənin maraqlarını öz şəxsi maraqlarından üstün tutmasını göstərir. Istefa ilə əlaqədar Italiyaya planlaşdırılan səfərini təxirə salan Almaniya kansleri vurğulayıb ki, boşalmış prezident postuna namizədin seçilməsi məsələsində siyasi partiyaların nümayəndələri ilə məsləhətləşmələr aparılacaq.
Informasiya şöbəsi


