Suyun qiymətinin bahalaşdırılmasının sirri açıldı
“Azərsu” ASC-nin müraciəti əsasında Tarif Şurasının suyun qiymətlərini bahalaşdırmasının ilginc səbəbləri bəlli olub. Azadlıqa daxil olan məlumata görə, məsələnin kökündə “Azərsu”nun özəlləşdirilməsi dayanır. Bu qurum illərdir ki, hakimiyyət üçün korrupsiya mənbəyidir.
Elə buna görə də “Azərsu”ya milyonlarla vəsaitin ayrılmasına baxmayaraq Azərbaycanda su təchizatı bərbad vəziyyətdədir. Indi hökumət xalqın pulu ilə qurumu dirçəltmək və satmaq istəyir. Təxminən buna bənzər proses “Kapital Bank”la da baş vermişdi. Bank məqsədli şəkildə çökdürüləndən sonra dövlətin pulları hesabına yenidən dirçədildi, hətta binası belə təmir olundu. Daha sonra isə özəlləşdirildi. Azərbaycan Beynəlxalq Bankı, “Azərbaycan Dəmir Yollar” QSC ilə bağlı da oxşar plan var. Təsadüfi deyil ki, Beynəlxalq Banka 3 milyard pul alınıb. “Azərbaycan Dəmir Yolları” QSC isə maliyyə böhranının dərinləşdiyi bir ərəfədə yeni qatarlar alır və s. Mənbəmiz iddia edir ki, bütün bunlar böyük özəlləşdirmə planının tərkib hissəsidir.
Iqtisadçı ekspert Qubad Ibadoğlu da suyun qiymətinin bahalaşdırılmasına münasibət bildirərkən bununla böyük özəlləşdirmə arasında əlaqənin ola biləcəyini deyib. Qubad Ibadoğlu bu barədə “Facebook” səhifəsində yazıb: “11 may 2016-cı ildə prezident Ilham Əliyevlə görüşən Fransa Sahibkarlar Təşkilatı – MEDEF-in bəzi üzvləri ”SUEZ”, “Sidem” və “Itron” şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti iki gün sonra “Azərsu” Açıq Səhmdar Cəmiyyətində görüş keçirərkən suyun qiymətləri də bahalaşdı. Elə həmin gün Tarif Şurası ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə – bir kub metr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla), bir kub metr üçün 8 manat müəyyən etdi. Yeni tariflər bu gündən qüvvəyə minəcək, deməli sayğaclar qiymətləri artıq yüksək tariflərlə hesablamağa başlayıb. Nəticədə bu gündən başlayaraq 1 milyon 387 min 96 abunəçinin xərcləri artmağa başladı.
Qiymət “Azərsu” ASC-nin müraciəti əsasında bahalaşdırıldığından bu qərarın korporativ maraqlar üzərində verildiyi şühbə doğurmur. Lakin, indiki həssas sosial durumda “Azərsu” ASC-nin bütün məsuliyyəti öz üzərinə götürüb müstəqil qərar verməsi də inandırıcı görsənmir. Fikrimcə, bu qərarla böyük özəlləşdirmə arasında əlaqə də axtarmaq mümkündür. Çünki, hazırkı qiymət səviyyəsi ilə Azərbaycanın su, enerci və digər kommunal xidmətlər bazarına xaricdən investisiyanın cəlb edilməsi çox skeptik görsənir. Odur ki, bu yanaşma ilə hökumət suyun və digər kommunal xidmətlərin qiymətlərini mərhələli şəkildə artıra və sonra isə həmin obyektləri özəlləşdirməyə çıxara bilər. Düşünürəm ki, belə olan halda Tarif Şurasından yalnız suyun deyil, digər xidmətlərin və məhsulların bahalaşmasına gözləmək olar”.



