Şairə 10 il həbs cəzası verildi VİDEO

saday shekerliNazirin sifarişilə həbs olunduğunu deyən Saday Şəkərli ədalətsizliyə etiraz olaraq, vətəndaşlıqdan imtina etdi

«Mən bu ölkədə faktiki əsirəm, belə ölkədə yaşamaq istəmirə

Vergilər naziri Fazil Məmmədovun sifarişilə həbs olunduğunu deyən şair Saday Şəkərlinin məhkəməsi yekunlaşıb. Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, şair cəzasını ciddi rejimli müəssisədə çəkməklə on il azadlıqdan məhrum edilib.

Maraqlıdır ki, bu işdə dövlət ittihamını müdafiə edən prokuror Absalam Heydərov da şairə on il həbs cəzası istəmişdi. Məhkəmə də istənilən cəza müddətini azaltmadı.

Hökmdən əvvəl Saday Şəkərlinin vəkili Fəxrəddin Mehdiyev çıxış edib. Bu işdə ümumiyyətlə, cinayət tərkibi olmadığını deyən vəkil onun həbsinin bir az əvvəl nəşr olunmuş “Qurd ürəyi” kitabına görə cəzalandırıldığını vurğulayıb: “Bu cinayət işində heç bir sübut yoxdur, ancaq fərziyələr, uydurmalar var. Başa düşmürəm ki, prokuror ”burada sübutlar var” deyəndə nəyi nəzərdə tutur. Bu cinayət işi quraşdırılmış nağıldır. Amma bu nağılı da düz-əməlli qura bilməyiblər. Bunları sübut hesab eləmək hüququ təhqir eləməkdir. Saday Şəkərliyə qarşı ittiham əsassız və ədalətsizdir”.

Saday Şəkərlinin tanınmış şair olduğunu məhkəmənin diqqətinə çatdıran Fəxrəddin Mehdiyev xatırladıb ki, bir sıra ziyalılar, yazıçı və şairlər onun azadlığa buraxılması üçün müxtəlif strukturlara müraciətlər ünvanlayıb. Vəkil Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin də bu məqsədlə Baş prokurora ünvanladığı müraciəti çıxışında səsləndirib.

Şairin digər vəkili Bəhruz Bayramov da onun günahsız olduğunu bəyan edib. Qeyd edib ki, Saday Şəkərli hökumətin ünvanına tənqidi fikirlərin yer aldığı kitabının ön səhifəsində nəşrə dəstəyinə görə Fazil Məmmədova təşəkkür etdiyi üçün bu yolla cəzalandırılıb: “Hamıya məlumdur ki, Saday Şəkərli cinayət törətməyib. Bunu cinayət işini başlayan müstəntiqdən tutmuş, hamınız bilirsiz. ”Azercell”dən məhkəmənin sorğusuna verilən cavab da göstərdi ki, Vergilər nazirinin müşaviri Asif Cahangirov özü zəng eləyib Saday Şəkərlini çağırıb. Yəni Saday Şəkərlidən ona zəng getməyib. Şairin həbsindən dərhal sonra evində axtarış aparılıb və “Qurd ürəyi” kitabının nüsxələri götürülüb, amma iş materiallarına əlavə olunmayıb. Bu da bir daha sübüt edir ki, şairi bu kitaba görə həbs eləyiblər”.

Hər iki vəkil çıxışının sonunda şairin barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Daha sonra Saday Şəkərli məhkəmədə son sözünü deyib:

Aydın məsələdir ki, bu cinayət işi cəfəngiyyatdır. Bildiyimə görə, bu məsələ gedib Fuad Ələsgərova çıxıb. Işi quraşdıranda da adam kimi quraşdırmırlar. Torba tikirsiz, heç olmasa, savadlı tikin də. Adamın abrı-həyası olar. Mən kimə hədə-qorxu gəlmişəm? 10 min sözünü harada işlətmişəm? Adamlar var ki, onlarda binamusluq, şərəfsizlik nəsildən nəslə keçir, bizdə də kişilik keçir. Ona görə də heç bir hökm məni qorxuda bilməz.

Sivil ölkələrdə hakimdən ədalətli hökm çıxarmasını istəmək təhqir sayılır. Çünki hakimin işi elə ədalətli qərar verməkdir. Mən də sizləri Allaha və vicdanınıza buraxıram. Barəmdə bəraət hökmündən başqa istənilən qərar ölüm hökmü olacaq. Indiyədək bu işdə sifariş yerinə yetirənlərin hamısının adı prezidentin stolunun üstünə qoyulacaq. Siz ədalətsiz hökm çıxaracaqsınızsa, onu Azərbaycan Respublikasının yox, Ilham Əliyevin adından çıxarın. Bilinsin ki, məni prezidentə görə həbs ediblər, tutduran da odur. Amma bildiyimə görə, onun bu məsələdən xəbəri yoxdur.

Bunu əllərində bayraq ediblər, halbuki, “Qurd ürəyi” kitabımda prezidentin əleyhinə heç nə yoxdur. Bu qədər məktubların prezidentə çatmaması onunla xalq arasında uçurum yaratmaq deyilmi?”

Saday Şəkərli çıxışının sonunda haqsızlıqlara etiraz olaraq, Azərbaycan vətəndaşlığından imtina etdiyini bildirib: “Çünki mən bu ölkədə faktiki əsirəm. Belə ölkədə yaşamaq istəmirəm”.

Saday Şəkərlinin çıxışından sonra hakimlər müşavirəyə gedib və təxminən beş dəqiqədən sonra qayıdaraq, hökmü elan edib.

Vəkil Bəhruz Bayramov “Azadlıq”a açıqlamasında hökmün qanunsuz və ədalətsiz olduğunu deyib: “Absurd, saxta sübutlarla sifarişli hökm çıxarıldı. Əslində isə Saday Şəkərli barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməli idi. Təbii ki, hökmdən apellyasiya şikayəti verəcəyik”.

Tanınmış ziyalı, kinodramaturq Eldəniz Quliyev də hökmün ədalətsiz, qanunsuz olduğunu, şairin sifarişlə cəzalandırıldığını bildirib: “Mən bu gün növbəti dəfə Azərbaycan məhkəməsinin əvəzinə xəcalət çəkdim”.

Xatırladaq ki, Saday Şəkərli ötən il dekabrın 23-də həbs olunub. Ona qarşı CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham irəli sürülüb. Şair Vergilər Nazirliyinin rəhbərliyi haqda rüsvayedici məlumatlar yaymaq hədəsilə nazirin müşaviri Asif Cahangirovdan pul tələb etməkdə təqsirləndirilir.

Saday Şəkərli ittihamı rədd edir və həbsini “Qurd ürəyi” adlı kitabı ilə əlaqələndirir. Həmin kitabda o, nəşrə maliyyə dəstəyinə görə Vergilər naziri Fazil Məmmədova minnətdarlıq edib.

Saday Şəkərlinin həbsindən dərhal sonra onun evində axtarış aparılıb və kitabın 50 nüsxəsindən 49-u götürülüb. Yalnız bir nüsxəni gizlədib saxlamaq mümkün olub.

Aytən Məmmədova