Diktatorun azadlıq istəyi…

Belə baxanda, çətin ki, “azadlıq istəmirəm” deyən bir adam tapmaq ola… Hər birimiz azadlıq istədiyimizi yazır, deyir, ümumi şəkildə tələb eləyirik. Ancaq azadlığın sözün əsl mənasında nə olduğunu çoxmu adam və çoxmu fikirləşir? Zənnimcə, yox. Rus filosofu, bolşevizmə qarşı kəskin çıxışları ilə seçilmiş Nikolay Berdyayev “Azadlıq dərk edilmiş zərurətdir” tezisinə ikrahla yanaşır, azadlığın maddi, gündəlik tələbat malları kimi zəruri hesab edilməsinə qarşı çıxırdı. Ona görə, azadlıq məhz zəruri sayıla bilməzdi, azadlıq sırf ruhi ehtiyacdı.

Bəlkə heç belə deyil. Hər halda, dediyim bu ki, azadlığı tələb etməmişdən qabaq bir az onun haqqında fikirləşmək lazımdı. Zənnimcə, azadlığın yanlış dərk olunmasının səbəbindəndi ki, Azərbaycan müstəqil olandan, AXC hakimiyyətə gələndən sonra dərhal ümidsizlik yaranmağa, xalq ruhdan düşməyə başladı. Çünki xalq azadlığı evdə kranlardan su ilə yanaşı, yağ-bal axacağı kimi təsəvvür eləmişdi (yəni, gündəlik zəruri tələbat malı kimi), di gəl, artıq tənəzzülə uğramış ölkədə hakimiyyətə gələn, azadlıq gətirən heç bir qüvvə 3-4 ayın içində xalqa məhz bu cür təsəvvür edilən “azadlığı” verə bilməzdi. Əlbəttə, bu, “xəyal qırıqlığının” yaranma səbəbinin üstünə Heydər Əliyevin əl altdan apardığı opportunist siyasəti, Rusiyanın, Iranın, neftdə daha çox gözü olan iri neft şirkətlərinə sahib Avropa dövlətlərinin fəaliyyətini də gəlmək lazımdı. Nəticədə belə düşünmək məcburiyyətində qaldıq: deməli, ya bu xalqa azadlıq yerli-dibli lazım deyilmiş, ya da o, az əvvəl dediyim kimi, azadlığın nə olduğunu tam yanlış təsəvvür edirmiş.
Yuxarıdakı tezis üzrə. Onda belə sual doğur ki, bəlkə o tezis doğruymuş? Maddi cəhətdən təmin olunmaq Berdyayevin nəzərdə tutduğu ruhi-ideoloji, ya da ən azı, təməl insan haqları deyilən azadlıqlardan üstün imiş? Bu gün əhalinin Azərbaycandakı mövcud maddi durumuna nəzər salanda bu qənaətə adamın az qala, inanmağı gəlir. Lakin… bu haqda bir azdan yazacağam.
Bəlkə azadlıq fərdə görə dəyişir? Onda belə çıxmırmı ki, dünyada 5 milyard azadlıq növü var? Məsələn, Ilham Əliyevin təsəvvür elədiyi azadlıqla Yaşar Türkazərin istədiyi azadlıq arasında zərrəcə yaxınlıq, bənzərlik varmı? Əliyevin istədiyi azadlıq budur ki, o, bütün “azadlıq tələbləri”ndən qurtulsun, azad olsun, istədiyini tutsun, istədiyini assın-kəssin, istədiyi qədər qazansın, ağzını açanın dilini boğazından çıxarsın, Yaşar Türkazər isə onun hakimi-mütləqliyinə son qoyulmasını, istəyəndə söz deməyi, meydana çıxmağı, normal, demokratik seçki keçirilməsini və s. arzulayır. Iki fərdin azadlıq haqda təsəvvürləri daban-dabana ziddir. Əlbəttə, bəşəriyyətin qəbul etdiyi bəyannamələr var. Bütün bu bəyannamələr insan üçündü və sadəlövh yanaşmayla Əliyev də insan olduğuna görə özünə bab azadlıq tələb etməkdə üst məntiqlə haqlı görünür. Bu fərdi azadlıq təsəvvürlərini qruplara, birliklərə, ən sonunda cəmiyyətlərə qədər genişləndirmək olar. Sözümün canı bunda deyildi tam olaraq.
Fizzə xanımın “Azadlıq”ın srağagünkü sayında gedən “Yalançı statistika diktatorları xilas etmir” adlı araşdırma yazısını oxuyandan, ən qanlı inqilabın baş verdiyi Qəzzafi Liviyasında əhalinin necə üstün iqtisadi imkanlara malik olduğunu konkret rəqəmlərlə görəndən sonra bunları düşündüm. Deyəsən, Berdyayev haqlı imiş. Maddi durumun super olması (Qəzzafi Liviyasındakı kimi) insanları razı sala bilmir. Bəs, dövlət başçısının fantastik rəqəmlərinin əksinə, azadlıqların olmamasıyla yanaşı, yaşayış səviyyəsinin fəlakət həddində olduğu Azərbaycanda cəmiyyət nədən narazılığını dilə gətirmir, gətirir, ama tələb etmir? Görünür, insan maddi vəziyyəti düzələndən sonra azadlıq haqda düşünməyə başlayır ki, Əliyev diktaturası da məhz buna görə əhalinin dolanışıq rahatlığına çatmasına imkan vermir. Bunu biləndən sonra da toplum ağzına su alıb oturursa, onda mən Əliyevin daha azad olmasının tərəfindəyəm, nəinki toplumun.