Gənclər aksiya ilə bağlı meriyadan cavab gözləyir

Martın 4-nə planlaşdırılan aksiyada 9 təşkilat iştirak edəcək

Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin martın 4-nə planlaşdırılan aksiyası ilə bağlı meriyadan hələ ki, cavab gəlməyib. AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlının sözlərinə görə, Bakı Şəhər Icra Hakimiyyətinə fevralın 11-də müraciət olunub:
“Aksiyanın ünvanı kimi ”Nərimanov” kinoteatrının qarşısını, “Füzuli” meydanını göstərmişik. Orada təxminən 1500-2000 gəncin iştirakı ilə aksiya keçirmək istəyirik. Qarabağ problemi, siyasi məhbuslar məsələsi, təhsildə rüşvət və bu kimi problemləri qaldıracağıq. Gənclərin Hüquqlarını Müdafiə Komitəsində 9 təşkilat – AXCP, Müsavat, ADP və VHP-nin gənclər təşkilatları, həmçinin “Azad gənclik”, “Nida”, “Dalğa”, “Müsbət Dəyişiklik”, “Insan Haqları” təmsil olunur”.
Ə.Qurbanlı meriyanın cavabının müsbət olmayacağı təqdirdə icazəsiz aksiya keçirib-keçirməyəcəkləri barədə hələ ki, açıqlama vermək istəmədiklərini bildirdi: “Razılaşdırılmış aksiya keçirmək istəyirik. Cavab mənfi olsa, sonrakı addımlarla bağlı planlarımız var. Amma hələlik bu barədə məlumat vermək istəmirik”.

Gültəkin