Qarlı havada uşaq xəstəxanasının qazı kəsilib, mərkəzi xəstəxanada isə adi dərmanlar belə, yoxdur
Göyçay sakini Ilyas Hüseynov “Azadlıq”a müraciət edib. Onun sözlərinə görə, fevralın 6-da yaxın qohumu Gülbəniz Kərimova öd kisəsindən kəskin ağrı tutub. Onu rayonun mərkəzi xəstəxanasına aparıblar: “Xəstəxanada bizə bildirdilər ki, ilkin olaraq xəstəyə ağrıkəsici iynələr vurulmalıdır: ”Baralgin” və “Dimidrol”. Lakin bəlli oldu ki, xəstəxanada nə “Baralgin”, nə də “Dimidrol” var. Həkimlər açıq şəkildə bildirdi ki, bu dərmanlar olmadığından heç nə edə bilmərik. Xəstənin isə vəziyyəti getdikcə ağırlaşırdı”.
Ilkin Hüseynovun sözlərinə görə, xəstəxanada hay-küy saldıqdan sonra həkimlər dərhal “Baralgin” tapıblar. “Dimidrol” və şpirisi isə özümüz tapmaq məcburiyyətində qaldıq”, deyə Ilkin Hüseynov bildirib. Şikayətçi deyir ki, bu məsələni mətbuata çıxarmaqda məqsədi Göyçay səhiyyəsində hansı vəziyyətin hökm sürdüyünü bütün ictimaiyyətə açıqlamaqdır: “Deyirlər analoqu olmayan inkişaf var. Budurmu analoqu olmayan inkişaf?! Böyük bir rayonun mərkəzi xəstəxanasında adi dərmanlar belə, tapılmır”.
Göyçay səhiyyəsi ilə bağlı başqa bir maraqlı məlumat əldə etmişik. Həmin məlumatda deyilir ki, hava şəraitinin pisləşdiyi vaxt Göyçayın qaz idarəsi rayondakı uşaq xəstəxanasına qaz verilişini dayandırıb. Səbəb kimi xəstəxananın qaza olan borcunu ödəməməsi göstərilib.


