Hakimiyyət səsi işğalçı Rusiyaya verdi

cemil-hesenli-vashingtonDostlar! Eurovision-2016 mahnı müsabiqəsində Ukrayna tarixi qələbə qazandı. Camalənin zəfəri bütün dünyanın diqqətini yenidən Krımın Rusiya tərəfindən işğalına yönəltdi. Camalə bir vaxtlar öz yurdundan deportasiya edilmiş Krım tatarlarının faciəsini bir mədəniyyət hadisəsinə çevirdi. Eurovision siyasətini müəyyən edən Azərbaycan hakimiyyəti bu müsabiqədə öz səhvinin girovuna çevirdi. Azərbaycan öz səsini ərazisi işğal olunan Ukraynaya deyil, Krımın türk əhalisinin dərdini dünyaya çıxaran tatar qızı Camaləyə deyil, işğalçı Rusiyaya, Rusiya isə toplam olaraq öz səsini Ermənistana verdi. Öz yanlış hərəkətinin pərtliyini yaşayan hökumət Camalənin böyük zəfərinə kölgə salmaq və özünün səhv addımlarına bəraət qazandırmaq üçün nəzarətindəki KİV-lərdə onun anasının erməni olması barədə məlumatları tirajlayır.

Halbuki, Krım tatarı Alim Camaləddinovun qızı olan Camalə Ukrayna və Krım tatarlarının təmsilçisi kimi müsabiqəyə qatılıb və 1944-ün xatirəsinə insanların yaddaşın, vicdanın və düşüncəsin riqqətə gətirən mədəniyyət hadisəsi yaşadıb. Bu qürür verici bir hadisədir. P.S. İndi isə Krım tatarlarının deportasiya tarixindən bəzi məqamları xatırlatmaq istəyirəm. Onlar Dövlət Müdafiə Komitəsinin 21 may 1944-cü il qərarı ilə öz yurdlarından sürgün olunublar. Bu qərara görə 151,604 nəfər tatar Özbəkistana, 31,551 nəfər tatar isə Rusiya Federasiyasının müxtəlif yerlərinə sürgün ediliblər. Krım tatarlardan təmizləndikdən sonra Sovet Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu 1945-ci ilin iyun ayının 30-da Krım Muxtar Sovet Sosialist Respublikasının Rusiya Federasiyasının tərkibində Krım vilayətinə çevrilməsi haqqında qərar verdi. Qərarın son bəndində onun mətninin mətbuatda elan olunmaması tapşırılırdı. 1956-cı ildə Sov.İKP-nın XX qurultayından sonra deportasiya edilmiş xalqlar bəraət alıb öz yurdlarına qayıtsalar da, SSRİ Ali Soveti Rəyasət Heyətinin 28 aprel 1956-cı ilə qərarı ilə Türkiyə ilə sərhəddə yerləşdiyinə və Türkiyə türkləri ilə qohumluq əlaqələri olduğuna görə (DTK-nın arayışında elə belə də yazılır) Krım tatarlarına öz yurdlarına dönmək icazəsi verilmədi.

 

Yazı Milli Şuranın sədri, professor Cəmil Həsənlinin Facebook səhifəsindən götürülüb.