YAP Avropa Xalq Partiyası ilə əməkdaşlığa niyə can atır?

Azərbaycan hakimiyyəti Avropadan gələn təhlükəni əngəlləməyə çalışır

Azərbaycan hakimiyyəti Avropanın aparıcı ölkələri ilə münasibətləri qaydaya salmaq üçün Avropa Xalq Partiyasına (AXP) üz tutub. Qeyd edək ki, bu partiya Avropa parlamentində ən iri siyasi qüvvələrdən hesab edilir. Indi Hakim Yeni Azərbaycan Partiyası (YAP) AXP ilə əməkdaşlıq etməyə can atır. Hazırkı vəziyyətdə bu əməkdaşlıq hakimiyyətə hava-su kimi lazımdır.
Məlumat üçün deyək ki, AXP-yə Avropa Ittifaqına (AI) üzv olan dövlətlərin sağ-mərkəz yönümlü siyasi partiyaları daxildir. Deməli, YAP da özünü sağ-mərkəzçi partiya hesab edir. Amma bir müddət əvvəl hakim partiya Avropa Sosial Demokrat Ittifaqı ilə əməkdaşlığa can atırdı. Indisə Avropadan gələn təhlükə YAP-ın 180 dərəcə dəyişməsinə səbəb olub. Lakin ekspertlər hesab edir ki, AXP ilə də əməkdaşlıq baş tutmaya bilər. Çünki inandırıcı deyil ki, demokratik dəyərlərə sadiq bir təşkilat avtoritarizmi tərənnüm edən bir siyasi qüvvə ilə əməkdaşlıq etsin.
Yeri gəlmişkən, Azərbaycan hakimiyyəti ilə Avropanın aparıcı ölkəsi Almaniya arasında gərginlik davam edir. Hətta Azərbaycan hakimiyyəti bu gərginliyi beynəlxalq mediaya çıxarıb. Almaniya ilə bağlı dövlət qəzeti “Bakinski Raboçi”də dərc edilən məqalə Rusiyanın “Nezavisimaya qazeta” nəşrinə də yol tapıb. Xatırladaq ki, həmin məqalədə Almaniyanın nüfuzlu KIV-lərində Azərbaycan hakimiyyətinin tənqidinə yönəlmiş materialların yayımlanması bu ölkənin iqtisadi maraqları ilə izah edilirdi.