Azərbaycan hakimiyyəti Irana qarşı kömək əvəzinə, «neytrallıq» yolları axtarır
Ilham Əliyev Brüsseldəki müzakirələrdən itkisiz çıxa bilmədi. Iran ətrafında baş verənlər onu külli miqdarda maliyyə itkisinə göz yummağa vadar etdi. Iran, Qarabağ və bir çox başqa məsələlərin də müzakirə olunduğu görüşün sonunda bəyanatlar Əfqanıstanla bağlı oldu. Ilham Əliyev bəyan etdi ki, Azərbaycan Əfqanıstandakı təhlükəsizlik qüvvələrinin fəaliyyətinə və yenidən yaranmasına maliyyə yardımı göstərə bilər. Bu səfərin nəticəsi kimi verilən bəyanatı şərh etməzdən öncə biz məhz bu nəticə üçün belə bir səfərə ehtiyac olub-olmadığını araşdırmalıyıq.
Əfqanıstandakı NATO qüvvələrinin bu ölkəni tərk etməsindən sonra Azərbaycanın yeni qurulacaq orduya maliyyə yardımı etməsi indinin problemləri sırasında ən sonuncu yeri tutmalıdır və tutur da. Çünki NATO Iranla bağlı hər hansı əməliyyat planlaşdırırsa, o zaman niyə yaxın zamanlarda Əfqanıstandan çıxmaq barədə düşünsün? Bunun ən azı, taktiki baxımdan mümkünsüzlüyünü nəzərdən keçirəndə məlum olur ki, Ilham Əliyevin bu səfərinin nəticələri demək olar, səmərəsiz olub.
Bəs bu bəyanat nədir?
Hərçənd, Əfqanıstanda ordu quruculuğu üçün Ilham Əliyevin vəd etdiyi məbləğ hələ dəqiq ifadə olunmayıb, amma bu, istənilən halda, Iran məsələsində səssiz qalmağın qarşılığı kimi, ciddi bir rəqəmdir. Ilham Əliyev siyasi mövqeyini, ya da mövqesizliyini gizlətmək üçün başqa yollarla vəziyyəti kompensasiya etmək istəyir. Fəqət, bu məsələdə münasibətsiz qalmaq vəziyyətdən çıxış yolu ola bilməz. Əvvəlcədən konkret mövqe ifadə edib tərəf tutmaq, heç olmasa birtərəfli təzyiqlər yaradarsa, susmaqsa hər iki tərəfin davamlı təzyiqlərinə səbəb ola bilər. Iran ona görə təzyiq edəcək ki, Azərbaycan hakimiyyəti mövqeyini dəyişsin. Qərb ona görə təzyiq edəcək ki, rəsmi Bakı özünü boş və arxayın hiss edib qərarını dəyişməsin. Bu isə təkcə Iran məsələsində deyil, bir çox başqa mövzular üzrə də Azərbaycanın manevr imkanlarını azaldacaq və özünütəmsil resurslarını zəiflədəcək. Bundansa, Azərbaycan Iranda dəyişikliyə tərəfdar olduğunu, hərbi məqsədlərlə nüvə emalının həm də Azərbaycanın dövlət maraqlarına zidd olduğunu bəyan etməli və bunun qarşlığında Qərbdən ciddi dəstək istəməliydi. Çünki istənilən halda, Iran üçün Azərbaycan hədəfdir. Azərbaycan rəhbərliyi isə bunu bilə-bilə guya, Qərblə məsafə saxladığını göstərməyə cəhd edir. Amma onu nəzərə almır ki, Iran üçün bunun elə də əhəmiyyəti yoxdur. Başı yerə vurmaq üçün zərbə ayaqdan da ola bilər.
Məcburiyyətin bədəli
Əslində, NATO Azərbaycan hakimiyyətinin təklif etdiyi yardımdan imtina etsəydi, anormallıq olardı. Amma bu məsələdə Azərbaycan hakimiyyətinin arxayın davranması məntiqli olmazdı. Çünki Əfqanıstanda ordu quruculuğu hələ prioritet deyil. Ilham Əliyevin bu jestlə vəziyyətdən çıxmaq cəhdi Brüsseldə sıxışdırılmaqdan qurtulmaq istəyindən doğsa da, fayda verəcəyi ağlabatan deyil.
Seymur Həzi