Onların arasında Şıxəli Qurbanov, Mirzə Ibrahimov, Rəsul Rza da vardı…
Vitali Vasilyevski: «Qəribə xalqsınız, işğal olunduğunuz günü bayram kimi qeyd edirsiz…»
Vaxtilə on il Azərbaycana rəhbərlik etmiş Vəli Axundovun anadan olmasının 100 illiyidir. Bu illərdə nə baş vermişdi? Ötən əsrin 60-cı illəri insanların və tarixin yaddaşında necə qalıb? Ədəbiyyatda, sənətdə, mədəniyyətdə, sosial və siyasi həyatda nələr olmuşdu? Vəli Axundovun özündən əvvəlki və özündən sonrakı rəhbərlərdən fərqli və oxşar cəhətləri hansılardır? Bütün bu suallara cavab almaq üçün tanınmış tarixçi alim, XX əsr tariximizin ən maraqlı salnaməsini yaradan professor Cəmil Həsənliyə müraciət etdik. Vəli Axundovun həyat hekayəsi və siyasi portret cizgiləri ilə bağlı onun hazırladığı yazıların dərcini davam etdiririk:
Sovet hökuməti rəhbərlərinin portretləri dağıdıldı
1963-cü ilin noyabrında Sumqayıtda baş vermiş kütləvi iğtişaş Vəli Axundov üçün gözlənilməz oldu. Böyük Oktyabr Sosialist Inqilabının 46-cı ildönümü münasibətilə keçirilən şəhər nümayişi bir sıra hakimiyyət orqanlarının dağıdılması ilə nəticələndi. Iğtişaşın başlanmasına səbəb bir sıra nümayişçilərin Stalinin portretini qaldırmaları olmuşdu.
Bu hal Sumqayıtda birinci dəfə deyildi, 1962-ci ilin may və noyabr, 1963-cü ilin may nümayişlərində də Stalinin portretləri nümayişlərdə görünmüşdü. Sov.IKP-nin XXII qurultayı bütövlükdə stalinizmin əleyhinə yönəldiyindən, ölkənin partiya və hakimiyyət elitasında, onların rəyini ifadə edən sovet mətbuatında stalinizmə qarşı mübarizə gücləndirilmişdi. Ölkədə baş verən proseslərin fonunda Sumqayıt şəhər rəhbərliyi stalinizmdə ittiham olunacağından ehtiyatlanaraq, nümayiş zamanı gözə dəyən Stalinin portretlərinin yığışdırılması haqda göstəriş vermişdi. Bu zəmində milislə nümayişçilər arasında başlayan münaqişələr genişlənib nəzarətdən çıxmağa başladı. Qəzəblənmiş kütlə şəhərin mərkəzi meydanındakı tribunanın aşağısında vurulmuş Nikita Xruşşovun böyük portretinin üzərinə yeriyərək onu daşa basmışdı. Daha sonra Stalinin nəhəng portreti nümayişçilər tərəfindən meydana gətirilmişdi. Bayram münasibəti ilə hərəkət edən maşın üzərində xüsusi zövqlə tərtib edilmiş kommunist partiyasi və sovet hökuməti rəhbərlərinin portretləri və kommunist plakatları nümayişçilər tərəfindən dağıdılmışdı. Iğtişaş zamanı Sov.IKP MK və Sovet hökuməti rəhbərlərinin devrilməsinə çağırışlar səsləndirilmişdi.
Hadisə barədə təcili Vəli Axundova məlumat hazırlayan Ictimai Qaydaların Mühafizəsi (o zaman Daxili Işlər Nazirliyi belə adlandırılırdı) naziri Xəlil Məmmədov yazırdı ki, iğtişaşçılara müqavimət göstərməyə çalışan milis, hərbi komissarlıq, könüllü drujinaçılar döyülmüş, şəhər milis şöbəsinin binası dağıdılmış, binanın qarşısında olan xidməti nəqliyyat vasitələri yandırılmışdı. Bakı şəhərindən və Abşeron rayonundan gətirilən milis qüvvələrinin gücü ilə günortadan sonra saat 2:30-da Sumqayıtda səhər 10:30-dan başlayaraq pozulmuş asayiş bərpa olunmuşdu. Hadisə ilə bağlı istintaq işləri 6 nəfərin üç ildən altı ilə qədər həbsi ilə nəticələndi.
Sumqayıt iğtişaşının doğurduğu arzuolunmaz vəziyyət

Məsələnin narahatçılıq törədən tərəflərindən biri də Sumqayıt Istilik Elektrik Stansiyasında istehsalat təcrübəsi keçən kubalı tələbələrin nümayişçilər tərəfindən döyülməsi olmuşdu. Vəli Axundova göndərdiyi təcili məlumatda respublika DTK-nın sədri Siviqun yazırdı ki, kubalı tələbələr (Roger Losa Ferera, Klaudio Elisaydo, Eddi Bassayo, Delfin Grant Pimienta) iğtişaşdan fotolar çəkdiklərinə görə nümayişçilər tərəfindən döyülüb, fotoaparatları əllərindən alınıb. Iğtişaşlar zamanı hücuma məruz qalan Delfin Grant hadisədən dərhal sonra Moskvaya uçub, qalan 3 nəfər isə onların öz ölkəsinə yola salınmasını tələb edirlər. Axundovun tapşırığı ilə DTK sədri və Sumqayıt şəhər partiya komitəsinin birinci katibi N. Balakişiyev onlarla 3 gün danışıq aparıb kubalıları Sumqayıtda qalmağa çətinliklə razılaşdıra bildilər.
Maraqlıdır ki, istər DTK-nın, istərsə də Ictimai Qaydaların Mühafizəsi nazirliyinin hadisələr haqqında respublika rəhbərliyinə hazırladıqları arayışda Xruşşovun portretinin daşa basılmasını, Sov.IKP MK Rəyasət Heyəti üzvləri və Sovet hökuməti rəhbərlərinin portretlərinin təhqir edildiyini göstərmirdilər. Lakin təhlükəsizlik orqanlarının Sumqayıt iğtişaşı ilə bağlı Moskvaya göndərdiyi məlumatda hadisələrin bütün təfsilatı əks edilmişdi. Tbilisidə yeni fəaliyyətə başlayan Zaqafqaziya Bürosunun sədri Q.Boçkaryovun da ilk işi noyabr ayının 18-də Sumqayıt hadisələri barədə Sov.IKP MK-ya məlumat göndərmək olmuşdu. Şübhəsiz ki, Axundov və digər respublika rəhbərləri bunu yaxşı bilirdilər və ona görə də bütün rəhbərlik narahat idi.
Məsələnin Vəli Axundov üçün arzuolunmaz tərəfi bir də onunla bağlı idi ki, hadisələr baş verən zaman onun qardaşı Hüseyn (Kamal) Axundov Sumqayıt şəhər icraiyyə komitəsinin sədri vəzifəsində işləyirdi. Bütün bunları nəzərə alaraq, Axundov məsələni noyabr ayının 10-da təcili olaraq KP MK Bürosunun müzakirəsinə çıxarıb MK-nın qərarı ilə Sumqayıtın partiya rəhbərliyinə (N.Balakişiyev, R.Məmmədzadə, E.Yusov), şəhər icraiyyə komitəsinin sədri H.Axundova, komsomol katibi V.Ağamoğlanova yarıtmaz işlərinə görə ciddi xəbərdarlıq etdi, Semyon Siviqun və Xəlil Məmmədovun nəzərinə çatdırıldı ki, Sumqayıt şəhərinin DTK və milis orqanları gücləndirilsin, iğtişaşın təşkilatçıları məsuliyyətə cəlb edilsin və onların əməlləri diqqətlə araşdırılsın. Bu qabaqlayıcı tədbirlərlə Azərbaycan rəhbərliyi anti-sovet-iğtişaşla bağlı Moskvanın qəzəbini soyutmağa, məsələni lokallaşdırmağa ümid bəsləyirdi.
Sumqayıt iğtişaşının doğurduğu arzuolunmaz vəziyyət fonunda rəhbərlik mərkəzin respublikaya etimadını bərpa etməyin yollarını arayırdı. Bu axtarışlar fonunda Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalının 150-ci ildönümünün bayram edilməsi qərarına gəlindi. 1813-cü ilin oktyabrında imzalanmış Gülüstan müqaviləsinin ildönümü arxada qalsa da, 1964-cü il yanvarın 28-də Azərbaycan KP MK Rəyasət Heyəti “Azərbaycanın Rusiya tərkibinə daxil olmasının 150 illiyinin bayram edilməsi haqqında” qərar qəbul etdi. Ciddi hazırlıq işlərindən sonra 1964-cü ilin may ayının 29-da keçirilən tədbirə Sovet rəhbərliyi və bütün müttəfiq respublikalarının rəhbərlikləri dəvət edildilər. Tədbir Moskvanın maraqlarına uyğun olduğu üçün Sov.IKP MK Rəyasət Heyətinin üzvü, MK katibi Nikolay Podqornı başda olmaqla, nüfuzlu bir heyət Bakıya göndərilmişdi. Ondan əlavə, Rusiya Federasiyası Ali Soveti Rəyasət Heyətinin sədri Nikolay Iqnatyev, Moskva şəhər partiya komitəsinin katibi Anatoli Biryukov, Leninqrad şəhər partiya komitəsinin katibi Vladimir Kokuşkin, Ukrayna Nazirlər Soveti sədrinin müavini Aleksandr Şerbin, Gürcüstan KP MK-nın birinci katibi Vasili Mcavanadze, Ermənistan KP MK-nın birinci katibi Akob Zarobyan, Dağıstan vilayət komitəsinin birinci katibi Abdurəhman Danyalov və digərləri tədbirdə iştirak edirdi. Təntənəli tədbirlər başlanan gün SSRI Ali Soveti Rəyasət Heyətinin sədri Leonid Brejnevin imzası ilə Azərbaycanın Rusiyanın tərkibinə daxil olmasının 150 illiyi münasibəti ilə respublika Lenin ordeni ilə təltif edildi.
Rusiyaya birləşmənin əhəmiyyəti
SSRI-nin yüksək partiya rəhbərliyinin və Sovet Ittifaqının hər yerindən dəvət edilmiş çoxsaylı yüksək məqamlı qonaqların qatıldığı tədbiri Vəli Axundov Azərbaycan dilində açdı: “Bu gün qədim Azərbaycan torpağında böyük və fərəhli bayramdır. Biz Azərbaycanın Rusiyanın tərkibinə daxil olmasının 150 illiyini qeyd edirik. Bu bayram ucsuz-bucaqsız vətənimizin hər yerindən bizim Azərbaycana öz nümayəndələrini göndərmiş sovet xalqlarının böyük ailəsinin dostluq və qardaşlıq bayramıdır. Azərbaycanın Rusiyanın tərkibinə daxil olması Azərbaycan xalqının tarixində əsaslı dönüş yaratmışdır. Azərbaycan xalqı öz taleyini böyük rus xalqının və ölkəmizin bütün xalqlarının taleyinə əbədi bağlamaqla yeganə düzgün yol seçmişdir. Son 150 ildə hadisələrin bütün gedişi buna sübutdur”.
Bu qısa açılış nitqindən sonra təntənəli iclasa sədrlik edən Nazirlər Sovetinin sədri Ənvər Əlixanov sözü Vəli Axundova verdi və o, rus dilində geniş məruzə ilə çıxış etdi. Məruzə bütövlükdə Rusiyaya birləşmənin əhəmiyyəti üzərində qurulsa da, orada bir sıra maraqlı məqamlar var idi. Naxçıvan və Qarabağa qarşı ermənilərin tələbləri açıq müstəviyə keçdiyi bir zamanda Axundov öz məruzəsində Qarabağ və Naxçıvanın, məhz Azərbaycan xanlıqları kimi Rusiyaya birləşdirildiyini bildirirdi: “Rusiya himayədarlığına keçməyin tərəfdarlarından biri Qarabağın hakimi Ibrahim Xəlil xan, xanlığın vəziri, məşhur Azərbaycan şairi və dövlət xadimi Vaqif idi. Qarabağ xanı bu xanlığı Rusiya himayəsinə qəbul etmək xahişi ilə Rusiyaya elçilər göndərmişdi”.
![]()
Məruzədən sonra Podqorni və digər qonaqlara söz verildi. Podqornı dedi: “Azərbaycanda dörd milyondan bir qədər çox əhali yaşayır. Lakin bu gün burada, onun paytaxtında bütün geniş ölkəmizin təqribən 230 milyon əhalisi təmsil olunmuşdur… Bu o deməkdir ki, iştirak etdiyimiz şənliklər təkcə azərbaycanlıların deyil, həm də ermənilərin, rusların, ukraynalıların, Sovet Ittifaqının bütün xalqlarının bayramıdır”.
Hələ tədbir ərəfəsində Azərbaycan xalqının rus xalqına təbrik və təşəkkürünü nəzmə çəkmək xalq şairi Süleyman Rüstəmə tapşırılmışdı və onun “Rus qardaşıma” adlı dastan-poeması Yaroslav Smelyakov tərəfindən rus dilinə tərcümə edilib qonaqlara və tədbir iştirakçılarına paylamaq üçü 500 nüsxə nəşr edilmişdi. Təntənəli iclasda Süleyman Rüstəm həmin dastandan parçalar oxudu. Vaxtilə Leninlə görüşmüş Mirbəşir Qasımovun dilindən deyilirdi:
Mirbəşirin dilindən eşitdi Lenin özü
Məna dolu bu sözü
Qoy Bakıya Moskva sonsuz əməlləriylə,
Inqilabın təptəzə meyvəsini gətirsin
Bakı fəhlələriysə qabarlı əlləriylə,
Çıxartdığı neftindən Moskvaya yetirsin.
Bu çıxışları dinlədikdən sonra Rusiya nümayəndə heyətinin tərkibində tədbirdə iştirak edən rus yazıçısı Vitali Vasilyevski Azərbaycanlı həmkarlarına sözarası astadan vurğuladı ki, “deyilənlər cəfəngiyatdır, bu işğaldır və qəribə xalqsınız, işğal olunduğunuz günü bayram kimi qeyd edirsiniz”.
Xruşşovun qəzəbinə düçar olanlar
Tədbir rəhbərliyi razı salsa da, Azərbaycan SSR Nazirlər Soveti yanında DTK-nın topladığı gizli materiallardan aydın olur ki, bir çox ziyalılar onun keçirilməsindən narazı qalmışdılar. Bu materiallardan aydın olur ki, xüsusilə tələbə-gənclər işğalın bayram kimi qeyd edilməsindən hiddətlə danışırdılar. Təntənəli bayram tədbirləri, xüsusilə Gülüstan müqaviləsinin 150 illiyi münasibəti ilə respublikanın Lenin ordeni ilə təltif edilməsi Sumqayıt hadisələri zamanı Moskvanın Azərbaycana və yerli rəhbərliyə zəifləmiş inamının bərpasında mühüm addım oldu.
.jpg)
Bu tədbirdən 5 ay sonra, 1964-cü ilin oktyabrında rusların sovet xalqları üzərində xüsusi imtiyazının olduğunu tez-tez təkrarlayan Nikita Xruşşov partiya və hökumət rəhbəri vəzifəsindən uzaqlaşdırıldı. Bu, Vəli Axundova imkan verdi ki, xalqla və xüsusilə ziyalılarla hakimiyyət arasında yaranmış məsafəni bir qədər daraltsın. 50-ci illərin sonu 60-cı illərin əvvəllərində millətçilik ittihamı ilə vəzifədən uzaqlaşdırılmış bir sıra tanınmış ziyalıları və ictimai xadimləri o, 1965-ci ildən başlayaraq, yüksək partiya və dövlət vəzifələrinə gətirməyə başladı. Ilk növbədə, ağır millətçilik ittihamı ilə 1958-ci ildə dövlət başçısı postundan uzaqlaşdırılmış Mirzə Ibrahimov 1965-ci ildə Azərbaycan Yazıçılar Ittifaqının birinci katibi seçildi. Ermənistan və Gürcüstana qaz çəkilişindən imtina edib yerliçilik ittihamı ilə Nazirlər Sovetinin sədri vəzifəsindən çıxarılmış Sadıq Rəhimov 1965-ci ildə Vəli Axundovun təqdimatı ilə respublikanın yüngül sənaye naziri təyin edildi. 50-ci illərdə Azərbaycan dilinin dövlət dili kimi qəbul olunmasında fəal iştirak etmiş və həmin illərin sonunda respublikada keçirilmiş müşavirələrdə Moskvanın partiya rəsmiləri tərəfindən “ideyasızlıqda” ittiham edilmiş Rəsul Rza 1965-ci ildə Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru vəzifəsinə təyin edildi. Nəhayət, 50-ci illərin sonunda milli prosesdə fəal iştirakına görə Nikita Xruşşovun tələbi ilə 1961-ci ildə Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsindən azad edilib Elmlər Akademiyasının Ədəbiyyat və Dil Institutunun şöbə müdiri vəzifəsinə göndərilən Şıxəli Qurbanov 1965-ci ildə filologiya üzrə doktorluq müdafiəsini başa çatdırdıqdan sonra Mərkəzi Komitəyə ideoloji məsələlər üzrə katib vəzifəsinə gətirildi. 1966-cı ilin fevral ayının 5-də Vəli Axundov ona çox diqqətəlayiq bir xarakteristika yazdı. Xarakteristikada deyilirdi ki, respublikanın partiya aktivi və ziyalılar Şıxəli Qurbanovu nəzəri cəhətdən hazırlıqlı, tələbkar və prinsipial işçi kimi tanıyırlar. Məhz, birinci katibin təqdimatı ilə Şıxəli Qurbanovun 1966-cı ildə Azərbaycan KP MK-nın ideoloji məsələlər üzrə katibi vəzifəsinə təyin edilməsi sanki ölkəyə yeni nəfəs, yeni ruh gətirdi.
(Ardı var)



