Nemət Əliyev: «Praktik olaraq ölkəyə bu qədər maliyyə vəsaiti cəlb edilməyib»
Prezident Ilham Əliyev Fransa Sahibkarlar Təşkilatının – MEDEF-in nümayəndə heyətilə görüşündə son illər ərzində bir çox sosial məsələlərin həllinə nail olunduğunu söyləyib. Dövlət başçısının sözlərinə görə, ölkədə yoxsulluğun səviyyəsi 5 faizə qədər azalıb, işsizlik demək olar ki, eyni səviyyədədir və ölkədə münbit sərmayə şəraiti mövcuddur. I.Əliyev son 15 il ərzində Azərbaycana 200 milyard dollardan artıq vəsaitin sərmayə kimi yatırıldığını deyib. Həmin investisiyaların yarısı isə xarici sərmayələrdir.
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Nemət Əliyev 200 milyard dolların kifayət qədər böyük maliyyə vəsaiti olduğunu söyləyir. Bu qədər vəsaitlə Gəncə və Bakı böyda şəhər salmağın mümkünlüyünü dilə gətirən ekspert, lakin bunun ölkə iqtisadiyyatında izinin görünmədiyini bildirir:
“Digər tərəfdən, beynəlxalq təşkilatlar son 10 ildə ölkədən qanunsuz şəkildə 95 milyard dollarlıq maliyyə vəsaiti çıxarıldığını deyir. 200 milyardın izi görünmürsə, deməli, onun əksər hissəsi ölkədən kənara çıxarılıb. Həmin vəsait başqa məqsədlər üçün istifadə olunub və təyinatından yayındırılıb. Beynəlxalq təşkilatların açıqlamaları həmin məsələnin üzərinə aydınlıq gətirir ki, sərmayənin izinin görünməməsi doğrudan da onun xaricə çıxarılmasıdır. 200 milyard dollar məsələsi açığı, çox şübhəlidir. Həmin vəsaiti kağız üzərində yığmaq, toplamaq olar. Lakin praktik olaraq ölkəyə bu qədər maliyyə vəsaiti cəlb edilibmi? Onun nəticələri varmı? Varsa, nə üçün neftin qiymətinin aşağı düşməsiylə iqtisadiyyatımız bu qədər fəlakətlə üz-üzə qaldı? Ayrı-ayrı istiqamətlər üzrə 10 milyardlarla maliyyə vəsaiti itirilib. Xarici ticarət dövriyyəsi kəskin azalıb. Ümumdaxili məhsulda 22 milyard dollar azalma olub. Dövlətin büdcəsində 2014-cü illə müqayisədə iki dəfə azalma baş verib. Mərkəzi Bank özünün xarici valyuta ehtiyatının təxminən 10 milyarddan çoxunu itirib. Ona görə də iqtisadiyyata 200 milyardlıq sərmayə qoyuluşu real deyil”.
Nigar



