İlham İsmayıl: «NATO-nun Rusiya ətrafında irəliləmək niyyəti var»
NATO-Rusiya qarşıdurması yenidən dərinləşməkdədir. Xəbər verdiyimiz kimi Gürcüstan ordusu Amerika Birləşmiş Ştatları və Britaniya hərbi qüvvələri ilə birgə təlimlərə başlayıb. Hərbi manevrlərdə Birləşmiş Ştatların 650, Britaniyanın 150 və Gürcüstanın 500 əsgəri iştirak edir. Bu, Rusiya ilə 2008-ci ildə qısa müddətli müharibə aparan Qafqaz ölkəsində ən böyük hərbi təlimlərdir.
Artıq Rusiyadan da məsələyə əks-reaksiya gəlib. Gürcüstanın NATO-ya üzv olmaq istəyinin əleyhinə olan Rusiya təlimləri “təxribatçı addım” adlandırıb. Qeyd edək ki, ABŞ Qara dəniz vasitəsilə “Noble Partner 2016″ (”Ləyaqətli tərəfdaş-2016″) təlimlərində iştirak etmək üçün Gürcüstana ilk dəfə olaraq M1A2 Abrams tipli döyüş tankları göndərib. Paytaxt Tbilisi yaxınlığındakı Vaziani hərbi bazası ətrafında keçirilən təlimlər mayın 26-a qədər davam edəcək.ÿGürcüstanın Müdafiə Naziri Tina Xidaşeli hərbi təlimlərin ölkə üçün böyük əhəmiyyəti olduğunu deyib: “Bu, bizim ölkənin ev sahibliyi etdiyi ən irimiqyaslı hərbi təlimlərdir”,- deyə nazir Xidaşeli “Reuters” agentliyinə bildirib.
Onu da qeyd edək ki, bundan əvvəl ABŞ hərbi texnikası Moldova ərazisinə də daxil olub. Hərbi kontingentə tank qoşunları da daxildir. Xatırladaq ki, mayın 3-də ölkədə “Dragon Pioneer-2016″ hərbi təlimlərinə start verilib. Moldova Müdafiə Nazirliyindən bildirilib ki, ölkə sərhədlərindən bundan əvvəl açıqlanan kontingent sayından daha çox tank, digər hərbi texnika və canlı qüvvə keçib.
Mayın əvvəllərində NATO-nun Rusiya sərhədlərində aktivləşməsinə şimal qonşumuzdan da cavab gəlib. Belə ki, Rusiyanın qırıcı və hərbi aviasiyasının Ermənistanda uçuş taktiki təlimləri başlayıb. Təlimlərdə 200-dən çox hərbçi, təxminən 20 təyyarə, Rusiya aviasiya birləşmələri və helikopterləri, o cümlədən “MIQ-29″ qırıcıları, zərbə helikopterləri ”Mi-24″ və nəqliyyat helikopterləri “MI-8MT” iştirak edib. Bu təlimlərin təkcə NATO ölkəsi olan Türkiyəyə qarşı olmadığı da bəllidir. Bir sıra hallarda hesab olunur ki, NATO ilə Rusiyanın toqquşduğu bölgələrdən biri Cənubi Qafqaz ola bilər. NATO Moldovada da təlimlərə start verib, Baltik tərəfdən də içəriləri girir.
Açıq şəkildə görünür ki, NATO Rusiyaya qarşı təzyiqlərini artırıb. Məhz bu səbəbdəndir ki, hərbi blok Rusiyanın nüfuz dairəsinə daxil olan bölgələrdə hərbi mövcuddiyyətini gücləndirir.
Bəs, NATO-nun postsovet məkanında, xüsusilə regionumuzda bu cür təşəbbüsləri nə vəd edir? NATO-nun bu addımları necə dəyərləndirilməlidir?
Onu da qeyd edək ki, Gürcüstanın müdafiə naziri Gürcüstanda keçirilən təlimlərə Azərbaycanı da qoşulmağa çağırıb.
Təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayıl bildirdi ki, NATO-nun Gürcüstandakı təlimləri ilə paralel olaraq Qəbələdə Gürcüstan, Türkiyə və Azərbaycan müdafiə nazirlərinin görüşünün keçirilməsi təsadüfi deyil. I.Ismayıl hesab edir ki, NATO-nun Cənubi Qafqaza gəlişi, təsir dairəsini genişləndirməsi plan üzrə həyata keçirilir: “NATO-nun Rusiya ətrafında irəliləmək niyyəti var. Amma bu niyyət mili dövlətlərin də baxışları ilə üst-üstə düşür. Məsələn, NATO-nun atdığı addımlarda Gürcüstanın böyük marağı var. Hər halda Türkiyənin Azərbaycan və Gürcüstanın müdafiə nazirləri ilə görüşməsi NATO təlimlərinin diplomatik yol ilə davamıdır”.
Xəyal