Fuad Qəhrəmanlı: «Vahid namizəd konkret partiyalar tərəfindən deyil, ümumi müxalifət tərəfindən müəyyənləşməlidir»
“Müsavat funksionerlərinin Müsavat Partiyasının növbəti qurultayında partiyanın indiki başqanı Isa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürüləcəyi ilə bağlı fikirləri ilə tanışıq. Amma AXCP-də bu məsələ ilə bağlı fikirlər fərqlidir. Biz hesab edirik ki, 2013-cü il prezident seçkilərinə il yarım qalmış indidən namizəd məsələsinin gündəliyə gətirilməsi doğru deyil”.
Bu açıqlamanı APA-ya AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Müsavat Partiyası funksionerlərinin partiya başqanı Isa Qəmbərin müxalifətin vahid namizədi olması ilə bağlı fikirlərinə münasibət açıqlayarkən deyib. O bildirib ki, hazırda əsas diqqət ölkədə demokratik seçki mühitinin yaradılmasına yönəldilməlidir, digər müzakirələr isə ziyanlı ola bilər:”Vahid namizəd məsələsi ilə bağlı indidən müzakirələr olsa, bu, müxtəlif spekulyasiyalara yol aça, eyni zamanda müxalifət daxilində fikir ayrılığı yarada, narazılığa səbəb ola bilər. Ümumiyyətlə, bu məsələ müxalifətin vahid namizədi formatında həll olunmalıdır, nəinki ayrı-ayrı müxalifət partiyaları tərəfindən namizədlərin irəli sürülməsi formatında. Bu isə zamanı gələndə, yəni, seçki kampaniyası başlayarkən həll olunan bir məsələdir. Indidən bu cür müzakirələrin açılması mübahisələrə səbəb olan polemikaların yaranmasına gətirib çıxarar. AXCP olaraq namizədlərin şəxsiyyəti ətrafında hər hansı kampaniyanın aparılmasını ümumi demokratik prosesə xidmət edən mövqe kimi qəbul etmirik. Indiki halda yalnız birləşdirici məqamlar ön plana çəkilməlidir”. F.Qəhrəmanlı deyib ki, vahid namizəd konkret partiyalar tərəfindən deyil, ümumi müxalifət tərəfindən müəyyənləşməlidir.


